KULİS YAZARLARƏdəbiyyat SənətMediaKinoteatrTarixKulis+ Xalq artisti Səməd Səmədov və adsız Akif İslamzadə – FƏXRİ AD BİABIRÇILIĞI
Bu fəxri ad söhbəti göründüyü qədər də sadə məsələ deyildir. Yazımıza başlamadan onu deyim ki, yazıçı Anarın son 20 ildə Azərbaycan mədəniyyətinə ən böyük töhfəsi hələ Milli Məclisin mədəniyyət komitəsinin (o vaxt komissiya idi) sədri olarkən fəxri adların ləğv olunması ilə bağlı verdiyi təklif olub. Düzdür, bu təklif qəbul olunmadığı üçün praktiki bir xidmətdən söhbət gedə bilməz, amma hər halda adam fikrini dedi və hətta bildirdi ki, birinci özü imtina edəcək. İnanılmaz fakt: bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev də danışmış, fəxri adların ləğv olunmasına tərəfdar olduğunu söyləmişdi. Di gəl ki, ömrünü məhz bu cür adlara həsr edib rəsmi təsdiq üçün ürəyi gedən sənət adamları buna razı olmadılar. Publikanın da çox hissəsi narazı idi. Çünki, heç vaxt öz zövqünə güvənməyən zavallılar gözünü məhz televizora dikirdilər ki, özümüz seçim etməyi bacarmırıq, bəyənməyə, sevməyə, bütə çevirməyə adam göstərin. Hətta iş o yerə çatmışdı ki, tanıdığım bir rəssam (adını yazmaq istəmirəm - Ş.A.) fəxri ad həsrətiylə can verdi. Ölümünə yaxın ailəsi onu aldatdı ki, bəs, axşam sərəncam oxundu, sənə respublikanın xalq rəssamı adı verildi. Təsəvvür edirsiniz? Dünyanın hər yerində can verən insan o dünyanın olub-olmaması haqda düşünür, dua oxuyur, vəsiyyət edir, bizimkilər fəxri ad arzulayır. Çünki bunun dalınca Fəxri xiyabanda basdırılmaq, ailə-uşağın rahat yaşayışını təmin etmək, bununla “rəhmət” qazanmaq var. Hətta bəlkə ölümsüzlükdür bu. İsanın müjdələdiyi ilahi ədalət, Məhəmmədin göstərdiyi əbədiyyət, Buddanın qovuşduğu nirvanadır... Bax, sənətkarı mənən bu cür öldürürlər. Fəxri adlar, bildiyiniz kimi, sovet dövründən qalma ənənədir. O vaxt fəxri ad verilən insanların boynuna orden asılması simvolik məna daşıyırdı. Bu, bir növ tanınmış, sənətdə uğur qazanmış adamın boyunduruğa salınmasının ifadəsi idi. Sovet rejimində bütün adlar öz əks mənasını ifadə edirdi. Məsələn, rüşvətxorluqla mübarizə aparan şəxs özü rüşvət alır, təhlükəsizlik xidməti ictimai təhlükəli əməllər törədir, polis asayişi pozur, həkim xəstə, müəllim savadsız olur və s. Bu mənada xalq artisti də xalqdan uzaqda, partiyanın yanında qərar tutur, seçim anında xalqın yox, hakimiyyətin iradəsinin ifadəçisinə çevrilir. Zatən onlar elə bunun üçün seçilmişdilər. Bütün ziddiyyətləri ilə bir yerdə xalq artisti adı sovet dövründə daha aydın məna ifadə edirdi. Məqsədi, vəzifəsi bəlliydi. Həm də, insafla danışaq, sovet dövründəki tələblər indiki kimi deyildi və siyasi mövqeyindən, əslində mövqesizliyindən asılı olmayaraq bu titulu daşıyan adamlar istedadlı, sənətdə müəyyən xidmətlər göstərmiş adamlar olurdu. Müstəqillik dövründə aləm biri-birinə dəydi, bütün dəyərlər və prinsiplər itdi. Gəlin, birinci məsələnin ictimai-siyasi tərəfinə baxaq. Demokratik ölkə qapalı deyil, bir dəyərlə işləmir, qiymətləndirmə birmənalı aparılmır. Sənətkarın qiymətini auditoriya müəyyənləşdirir. Necə deyərlər, xalqla onun sənətçisi baş-başa buraxılır. İstər sevir, istər sevmir. Adı kim müəyyən edir? Məmurlarmı? İşləri qəhətdi? Bədii şuramı? O, ləğv olunub axı? Xalqmı? Xalq Manaf Ağayevi də sevir və dinləyir, balaca Üzeyirə böyük Üzeyirdən daha çox qulaq asır. Nə etməli? Misal üçün, Türkiyədə dövlət sənətçiləri var, ancaq onların təyinatı tamamilə aydındır. Bizdə Cahangir Cahangirov da xalq artistidir, Səməd Səmədov da. Hansı prinsiplə? Yüksək sənət - Səməd yoxdur burda, kütləvilik – Cahangir müəllim yoxdur burda. Xalq sevgisi – o zaman Qədir Qızılsəsin nəyi əskikdi? Hakimiyyət deyə bilər ki, mən özümə yaxın olan, məni dəstəkləyən sənət adamlarına ad və təqaüd verirəm, yaxşı edirəm. Xub! O halda ad və təqaüdlərin verilməsi haqqında əsasnamədə bu açıq əks olunsun, adamlar işini bilsin. Aydın olsun ki, seçimdə siyasi mövqe əsas götürülür, sənət yox. Yoxsa Səməd Səmədov xalq artistidirsə, o demək deyil ki, heç bir fəxri adı olmayan Akif İslamzadədən yaxşı sənətkardır. İkinci, gələk işin mənəvi tərəfinə Tutaq ki, Məleykə Əsədovaya gənc yaşında xalq artisti adı vermişdilər, amma böyük muğam ifaçısı Sabir Mirzəyev heç əməkdar artist də deyildi. İndi də belə hallara yol verilir. Mən demirəm, Məleykə Əsədova xalq artisti adını almasın, alsın, ancaq o zaman onun səviyyəsində olan və ondan yuxarıda olan sənət adamlarına nə deyək? Bax, bu məqamda şəxsi maraqların, dostluqların, qohumluqların, bəzi hallarda isə “görüm-baxım”ın işə düşdüyünə inanmamaq olmur. Və xalq artisti adının bu qədər “əlçatan” göründüyü məqamlarda sovet dövründən bəri iyrənc intriqalar yuvası olan sənət dünyasındakı vəziyyəti təsəvvür edin. Bu adlara görə ürəklər partlayır, ailələr dağılır, evlər yıxılır, neçə-neçə düşmənçiliklərin əsası qoyulur, şəxsiyyətlər itir, qürurlar sınır və s. və i. a. Belə bir mühitdə həqiqi sənətdən söhbət gedə bilərmi? Başqa bir nüans. Yadımdadır, rəhmətlik Tələt Qasımov “Vahid” evində artist sözünə görə kiməsə bərk əsəbiləşmişdi. Hətta, qeyzlə, “Artist sənin atondu!” deyə qışqırdı da. Həmin vaxt Tələt müəllim həqiqətən də artist idi, özü də Xalq artisti və bununla fəxr edirdi. Bir adamın ağlı kəsmirdi, desin ki, Tələt müəllim, artistsən də, burda nə var ki? Yeri gəlmişkən, o yaşda sənət adamlarının heç biri artist sözünün mənasını dəqiq bilmirdi. And içirəm. Bir neçə dəfə soruşmuşam. Onlar bu sözü “düşük, meymunluq, lağ-lağı eləyən adam” kimi başa düşürdülər. Sadəcə rus dilindən təntənəli tərcümədə “Xalq artisti” kimi səslənin söz birləşməsinin “babat bir şey” olduğunu hiss edir, pul-şöhrət mənbəyi olduğunu görürdülər. Hələ Arif Babayevin titullarına baxın: Xalq artisti Hacı Arif Babayev. Təsəvvür edin “gavur hökuməti”ndən Xalq artisti adını alıb, müstəqil dövlət qurulanda da Həcc ziyarətinə gedib. Yəqin ki, dünyada belə anormal vəziyyət yalnız postsovet məkanındakı müsəlman respublikalarda ola bilər. Bu ziddiyyət həm də bizim bir xalq olaraq necə fərqli dünyaların arasında girinc qaldığımızı ifadə edir. Xalq artisti – dünyagirliyin, şöhrətin və varidatın simvolu, Fəxri xiyaban qarantı, Həcc - əksinə, məzarın itməkliyinin, şöhrətin və var-dövlətin keçiciliyinin... Və bizim sənətçilərdə bunun hər ikisi yalandır, görüntüdür, adamları aldatmağa, onların səmimi qənaətinin zorlanmasına xidmət edir. Həqiqi imandan söhbət gedə bilməz. Bu, öz yerində. Əgər həqiqi şöhrət olsa, misal üçün, muğam ifaçıları disk və konsertlərin hesabına dolanarlar, dövlətin verdiyi təqaüd və adların ümidinə qalmazlar. Yazımızın sonunda fəxri adlarla bağlı bir lətifə də yazaq, könlünüz xoş olsun. Onsuz da düzələn deyil... Demək, sovet vaxtı dövlət fəxri ad verəndən sonra avtoriteti olan musiqiçilər öz xeyir-duaları ilə sənət mühitində bunu təsdiq etməli idilər. Xan əminin, Seyidin ölümündən sui-istifadə edərək “xeyir dua haqqı”nı ələ keçirən Habil Əliyev özündən sonrakılara yaman qısqanc yanaşır, rəsmi adı təsdiqləmirmiş. Baba Mahmudoğlu xalq artisti adını alanda Habilin həndəvərində hərlənir ki, bəlkə, ustad xoş bir söz deyə, “indikilər”dən də babat bir sənətkar çıxdığını etiraf edə. Bunu hiss edən Habil Əliyev qaşının birinə qaldırıb kamança səsinə bənzəyən həzin səslə deyir: - Baba, onların ağlı çaşmışdı sənə xalq artisti adı verirdi, bəs sənin abır-həyan harda idi, onu qəbul edirdin? Bu qədər komik yəni...