AZƏRBAYCAN ədəbiyyatında KOLXOZLAŞMA gedir - SAF-ÇÜRÜK
Azərbaycanın istedadlı tənqidçisi Əsəd Cahangir müasir Azərbaycan ədəbiyyatının vəziyyətinə dair irihəcmli məqalə yazıb. Tənqidçi yazdığı məqalədə Azərbaycan ədəbiyyatının istedadlı qələm sahiblərinin demək olar ki, hamısının fəaliyyətini təftiş edib, əsərlərini faktlarla tənqid edərək nümunələr göstərib. Ə. Cahangirin xüsusi olaraq “Qafqazinfo” üçün yazdığı bu böyük həcmli yazının birinci hissəni təqdim edirik: Birinci hissə: Ölüm “Ölüm-dirim” adlı bu araşdırmanı, yəqin ki, postinsanın ədəbi manifesti kimi qəbul edənlər də olacaq. Amma bu yazıdan məqsədimiz hər hansı genəl manifestasiya və nəzəri açıqlamadan daha çox, Həmid Herisçinin son hekayələrində postinsan fenomeninin konkret təhlilini verməkdir. Sadəcə, Həmid ağanın hekayələri ədəbi-bədii düşüncəmiz üçün yeni olduğundan onları çözmək postinsan da daxil olmaqla bir sıra nəzəri məsələlərə, eləcə də, ədəbiyyatşünaslığımızda ilk dəfə işlənən çoxsaylı terminlərə aydınlıq gətirilməsini istədi. Bu istəyin yerinə yetirilməsi isə yazının həcmi və məzmununa önəmli dərəcədə təsir etdi. Fəlsəfi əsasında əski miflər, dinlər və ədəbiyyatda fundamental mövzulardan olan ölüb-dirilmə olayı dayanan yazı iki bölümdən ibarətdir. “Ölüm” adlanan birinci bölüm özgürlük dönəmi Azərbaycan nəsrində ölüm-dirim problemi, “Dirim” adlanan ikinci bölüm isə Herisçinin son hekayələrində dirilmə məsələsinə həsr olunub. Ölüm və dirim anlayışları bizim yorumlamamızda ənənəvi anlamda yox, estetik-kulturoloji termin statusunda işlənir – ölüm dekadansı, dirim isə renessansı işarələyir. *** Başlıca konumuza keçməzdən öncə, bugünkü ədəbi prosesdəki ölüm və dekadans simptomlarından - mənəvi durğunluq, pessimist ovqat, intellektual böhran, ideya kasadlığından danışmaq istəyirəm. Şou-biznes dəyərləri informasiya və internet erasında ədəbi-bədii prosesi görünməmiş bir sürətlə qapsayır. Artıq iki ildir ki, ədəbi saytlar bütün iş-güclərini buraxıb xit-parad keçirməklə məşğuldur - ən yaxşı roman, şeir, hekayə hansıdır, ən yaxşı şair, tənqidçi, nasir kimdir? Bütün bayağılığı ilə birlikdə bu sorğulara bir təhər dözmək olar, amma ədəbi sayt “Yazıçı sırğa taxmalıdır, ya yox?” konusunda sorğu keçirəndə, üstəlik də sırğa taxmağı sənətkarın orijinallığının göstəricisi kimi təqdim edən saytın bu sorğusunun orijinal bir şey olmayıb, ünlü rokstar Elton Condan plagiat olduğu aydınlaşanda, daha buna etiraz etməmək olmur. Bəs deyilmi? AYB-nin mətbu orqanları əksərən həqiqi ədəbi mənzərəni əks etdirmir, prosesdən uzaq düşüb, çağdaş dünya trendlərinə çıxışı yoxdur, polemik ruhdan, azad düşüncədən kənardır, sovet dönəmini xatırladan konservatizmlə səciyyələnir, kosmetik yeniliklərdən o yana keçmir, oxucu kontingenti ilə əlaqəsini itirib, alınmır, oxunmur və sair və sair. Bunlar yeddidən yetmişə hamının bildiyi əski həqiqətlərdir. Atillanın əsgərlərinin diliylə desək, “Bəs, hanı, bəs hanı o Böyük Roma? Bu gün ədəbi prosesi əks etdirən, onu izah edən, ona yön və ton verən sözün ciddi anlamında ədəbi sayt yoxdur. İlk ədəbi saytın yaranmasından təxminən on il keçib, ondan sonra neçə-neçə sayt meydana çıxıb. Amma bu on ildə hər hansı sayt ədəbi prsoseə nəinki bircə yeni anlayış belə gətirməyib, əksinə postinsan erası ərəfəsində hələ də poçtinsan qarşısında pərəstiş nümayiş etdirirlər.
Elə çıxmasın ki, hansısa saytda rastlaşdığımız təsadüfi bir faktı dəstavuz edib, qarışqadan fil düzəldirik. Bu seriyadan olan faktlar istənilə“n” qədərdir. Kimsə dediyi sözün sorumluluğunu duymadan metaromanın özülünü qoymasından danışır (!) Ən adi publisistikadan uzağa getməyən bir başqası neçə illərdir ki, ekran, efir, mətbuatdan özünü kütlələrə "postmodernist yazıçı" kimi təqdim etməkdən usanmır (!!) Janrın tələblərini ölüm-zülüm yola verən, yazdığının başını ayağına güclə calayan üçüncüsü utanıb-qızarmadan hər gördüyünün yaxasından yapışır ki, gərək roman marafonunda mənim hamıdan qabaqda qaçdığımı təsdiq edəsən (!!!) Karyerist iddialarını həyata keçirmək istəyən dördüncüsü başına gənclərdən ibarət komanda yığmaq üçün onların Füzulidən üstün olduğunu bəyan edir (!!!!) Azərbaycan dilində ingilis aksenti ilə danışan beşincisinin ağlına nə gəlirsə, qəfildən milli ədəbiyyat mükafatı təsis edir və əksərən özündən də naşı adamlardan ibarət jüri təsis edib, ədəbi mətnləri öz bildiyi kimi qiymətləndirməyə başlayır... Bütün bunların sonucunda isə hamının özünü rahat hiss etdiyi şou-söznes yaranır: -cümlə qura bilməyənlər “roman” yazır; Hamı, hamı, hamı... Ədəbi kollektivləşmə, bədii kolxozlaşma prosesi gedir. Həsən də qəlyan çəkir, Hüsən də qəlyan çəkir, tənbəki bol olanda ötən də qəlyan çəkir. Belə çıxır ki, "heç kəs başqasından üstün ola bilməz” deyən eqalitar düşüncəli amerikan postmodernisti Uorxol haqlı, “Beş barmağın beşi də bir deyil” deyən Kərbəlayi İsmayıl isə haqsız imiş. Halbuki, 70 illik inadkarlıqdan sonra misilsiz bir rüsvayçılıqla çökən sovet rejiminin aqibəti göstərdi ki, vur-tut beş para kəndin böyüyü olan buxarapapaq kişi insanlığın dahi başçıları Marks və Lenindən, ellər atası Stalindən daha çox bilir, iqtisadi yöndən də, siyasi yöndən də nə deyirsə, düz deyirmiş. Uorxolun dediyindən isə belə çıxır ki, Leonardonun barmaqları toxunan "Mona Liza"nın orijinalı və tirajlanmış milyonlarla surəti arasında heç bir fərq yoxdur. Bolşeviklər sosial bərabərlik naminə kasıbları varlandırmaq əvəzinə, varlıları müflis etmək kimi absurd vasitəyə əl atmışdılar və təbiidir ki, məqsədlərinə nail olmadılar. Ədəbi təsərrüfatın məmurları isə bu saxta bərabərliyə hamını varlandırmaqla (“istedadlı” elan etməklə) nail olmaq istəyirlər və təbii ki, buna da nail olmaq mümkünsüzdür. Bütün zahiri əksliklərinə baxmayaraq, bu iki məsələnin arasında mahiyyət oxşarlığı var və çağdaş ədəbi prosesdə neobolşevizm hökm sürür. Bolşevizm dağıntı deməkdir və neobolşevizm sonucunda ədəbi prosesin nizamı pozuldu. Ona yeni düzən verəcək anlayışa ehtiyac var. Axırıncı 15 ildə bu görəvi postmodernizm yerinə yetirdiyi üçün ədəbi-bədii kütləviləşmə ilə bağlı durum “normativ” görünə bilərdi. Çünki bütün bunlar postmodernist düşüncə tərəfindən adi standartlar kimi qəbul edilirdi – plüralizm postmodernizmin kardinal özəlliklərindən biri, bəlkə də birincisidir.
Amma bu gün necə görünməsindən asılı olmayaraq, ədəbi-bədii sözümüzün son səfərbərliyi postmodernizmlə bağlıdır. Odur ki, bir qrup şəxsdən fərqli olaraq, genəldə bu anlayışın əleyhinə çıxmırıq. Amma ikinci qrupdan fərqli ona əbədi dəyər kimi də baxmırıq. Bizcə, bütün nisbi dəyərlər kimi postmodernizmə də konkret tarixi zaman kəsiyində qiymət vermək lazımdır. Yəni vaxtında o lazım idi, bu gün isə artıq qeyri-funksionaldır, hətta zərər verir. Baxın, postmodernizm dramaturgiyamıza Elçinin “Şekspir” və “Teleskop” pyeslərini, nəsrimizə H.Herisçinin “Nekroloq” və İ.Fəhminin “Aktrisa” romanlarını verdi. K.Abdullanın "Yarımçıq əlyazma" romanı isə sadəcə Azərbaycan postmodernistik nəsrinin ciddi olaylarından biri kimi meydana çıxmaqla qalmayıb, ədəbiyyat tariximizə Nobel qəbul komissiyasının registrasiyasından keçən ilk əsər kimi daxil oldu. “Yarımçıq əlyazma” tam şəkildə göstərdi ki, Biləcəridən o yana keçməyin, əyalət sınırlarını dağıdıb dünya nəsri meridianlarına çıxmağın yolu postmodernizmdən keçir. Eyni fikri poeziya sahəsinə də şamil etmək olar. M.Köhnəqalanın postmodernist şeirləri rus şairi V.Vişnevskinin milli anoloqu kimi meydana çıxdı. H.Herisçinin şeirləri təkcə Azərbaycan yox, dünya postmodern poeziyasının örnəkləri kimi zahir oldu. Salamın klassik divan şeiri obrazlarına ikibaşlı ironiyası, İ.Fəhminin neçə əsrlərdən bəri qan ağlayan qəzəl yanrına gətirdiyi yumor ovqatı postmodern düşüncə hesabına gerçəkləşdi. Şübhəsiz ki, bu əsərlər və bu imzalar olmadan müstəqillik dövrü ədəbiyyatımızda boşluq yaranardı. Amma bu gün postmodernizmin tərxisi başlayıb. İndi postmodernizm bədii mətnlərdən daha çox, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud, Əli Əkbər və qeyrilərinin milli mentallığı tənqid edən köşə yazılarında meydana çıxır. Neçə ildən bəri aramsız təkrar olunan usandırıcı mövzular üzündən “çevir tatı, vur tatı”ya çevrilən bu yazılar postmodernizmdən daha çox nihilizm təsiri bağışlayır. Başqalarını deyə bilmərəm, amma mən - ədəbiyyat tənqidçisi (!) artıq neçə illərdir ki (!!) bu yazıları oxumuram (!!!) və oxuculara da bu topdancəfəngiyyata vaxt ayırmamağı məsləhət görürəm. Çünki siyasi müxalifət kimi ədəbi müxalifət də özünün hər yeni jesti ilə ancaq heç nəyə yaramadığını nümayiş etdirir. Postmodernizmin inkarı prosesi digər xalqların ədəbiyyatında da gedir. Məsələn, rus ədəbiyyatı özünün postmoderni dərk mərhələsini Epşteynin “Rusiyada postmodernizm” (2000) monoqrafiyasında yekunlaşdırdı. Konstantin Rılyovun “Vertikal və horizontalın fəlsəfəsi” (2008), “Postmodernizmdən necə müalicə olunmalı” (2011) kitabları isə artıq postmodernin inkarı mərhələsindən xəbər verir. Postmodernizm terminini Azərbaycan ədəbiyyatında ilk dəfə Həmid Herisçi özünün müsahibələrində işlədib. Lakin o bizim “Yeni əsrin ibtidası” (2001-2002) silsilə məqalələrimiz, eləcə də filoloji tərcümələrimizlə (D.Zatonski, L.Andreyev, İ.Adelgeym, A.Dugun, İ.İlin, İ.Nikitina və sair) populyarlaşdı, dilimizə yatdı, qulağımıza doğmalaşdı, bir sözlə, vətəndaşlıq hüququ qazandı. Və bütün bunlar bizə hansı maddi və mənəvi çətinliklər bahasına başa gəldi, bir Allah bilir.
Qorxmaz Quliyev, Əhməd Qəşəmoğlu, Tehran Əlişanoğlu, Tahirə Məmmədli, Nərgiz Cabbarlı, Elnarə Akimova, Afaq Əsədova, Qismət Rüstəmov və digərlərinin bu mövzu çevrəsində məqalələri, Nərmin Kamalın “Umberto Ekonun postmodernizmi” tərcümə kitabı, Salidə Şərifovanın “Azərbaycan postmodernist romanı” və Roida Rzayevanın “Postmodern və multikulturalizm: fənlərarası diskurs” monoqrafiyaları postmodernizmin artıq rəsmi qəbulu dönəminin göstəriciləri idi. Postmodernizmdən danışmaq artıq heç kimə nəinki hər hansı sorun yaratmır, əksinə intellektual dəblə ayaqlaşmağın, qlamur filoloji zövqün, bir sözlə, qabaqcıl düşüncənin göstəricisi kimi qəbullanırdı. Hamı öz yazılarında postmodernizmi qeyrilərindən daha yaxşı bildiyini sübut etməyə, hökmən başqalarına, özəlliklə də, bu anlayışı milli filoloji fikrə gətirənlərə irad tutmağa çalışırdı. Və bütün bunları gördükcə, illər öncə rejissor Vaqif İbrahimoğlunun postmodernizm haqqındakı yazılarımla bağlı dediyi sözlər yadıma düşürdü: “Sən bu evi tikib qurtaracaqsan. Amma onun içində başqaları yaşayacaqlar. Həmişə belə olub – inqilabı fanatiklər edir, amma ondan praqmatiklər bəhrələnir." Allah sənə rəhmət eləsin, Vaqif İbarimoğlu. Postmodernizm anlayışı ətrafında sadəcə görüntüdən başqa bir şey olmayan bütün bu dartışma cəhdlərinin isə sözün ciddi anlamında elmi diskussiyaya heç bir dəxli yox idi. Yəqin buna görə bizdə postmodernizm özünün ruslar və avropalılarda olduğu kimi elmi dərk mərhələsini lazımı dərinliklə yaşamadı. Elmlər Akademiyasının Fəlsəfə və Ədəbiyyat İnstitutları, saysız-hesabsız universitetlərin filologiya fakültələri milli filoloji fikrimizə vaxtilə levi-stroslar, bartlar, kristevalar, lotmanlar verə bilmədiyi kimi, indi də liotarlar, derridalar, bodriyarlar, fukolar, ekolar, ilinlər vermədi. Kiçik istisnaları çıxmaqla klassik bədii mətnlərin dekonstruksiyası ilə də uğraşmadıq. Amma istəyir üzdən, istəyir dərindən yaşansın, fərq etməz, bir məsələ dəqiqdir – postmodernizm artıq ömrünü tükədib və gələcək ədəbi prosesə ciddi bir şeylər vəd eləmir. Biz bu durumun ilk əlamətlərini hələ 10 il öncə “Dəmirbaşlar” essesində (2005) qeyd etmişdik. Əlbəttə, bu o demək deyil ki, postmodernizm bir günə, yaxud bir ilə aradan qalxıb nəsə başqa bir şeylə əvəzləncək. Allahın tarixə verdiyi düzəndə tələskənliyə yer yoxdur və heç nə birdən-birə yaranmadığı kimi, qəfil də yoxa çıxmır. Postmodernizmin aradan qalxması da artıq bir neçə ildir ki, başlayıb və hələ bir müddət uzana bilər. Lakin nə qədər uzanırsa uzansın, o artıq ədəbiyyatın magistral yoluna çıxa bilməyəcək. Əgər ədəbiyyatı bir ağaca bənzətsək, bundan sonra postmodernizm onun gövdəsi yox, yana ayrılan çoxsaylı budaqlarından biri olacaq. Olsun ki, postmodernizm qazanında bişmiş bir yazıçı, yaxud ədəbiyyata bu yazıçının təsiri altında gəlmiş hansısa cavan hələ özlərinin başlıca əsərlərini bu metodla yazacaqlar. Lakin bu ümumən ədəbi-bədii firkir yox, sadəcə o müəlliflərin yaradıcılığı üçün önəm daşıyacaq və ədəbiyyatı irəli aparan fakta çevrilməyəcək. Esxatoloji mahiyyətli postmodernizm ədəbi-bədii fikrin küllüyü, hər şeyin ölümü, sonu ilə bağlı anlayışdır. F.Nitsşe bunu Allahın, R.Bart müəllifin, yerdə qalanlar isə insanlığın (humanizm!) ölümü ideyasında ifadə etmişdilər. Şübhəsiz ki, Nitsşe yanılırdı, Allah yox, konkret zamanda Allah haqqındakı inanclar ölə bilərdi. Məntiqidir ki, Bart səhv edirdi, müəllif yox, müəyyən bir dönəmdə müəllif haqqındakı qənaət aradan qalxa bilərdi. Aydındr ki, yerdə qalanlar aldanırdı, insanlıq yox, son beş-altı əsrdə insanlıq haqqında formalaşan şişirtmə insanmərkəzçi təsəvvürlər alt-üst ola bilərdi. Və Allahın özünün iradəsi ilə zahir olan bütün bu ölümcül ideyalar yalnız və yalnız bir məqsədə xidmət edirdi – məhdud təsəvvürlərdən daha kamil məqama qalxmaq!
Ardı var...
Bəs, ədəbi saytlar niyə bu durumdadır? Onları ki “qabaqcıl dünyagörüşə malik”, “yenilikçi”, “istedadlı”, “azad ruhlu” gənclər yönləndirir.
-bir misrası da olmayanlar özünü “şair” elan edir;
-ən adi filoloji təhsili olmayanlar “tənqidçilik”lə məşğuldur;
-hamı kitab təqidmatı keçirir;
-hamı mükafatlara layiq görülür;
-hamı ədəbi qurumlara üzv olur;
-hamı prezident təqaüdü alır!