Azərbaycan Yazıçılar İttifaqının ən çətin dövründəki sədri olan Seyfulla Şamilov haqqında yazıda bəzi faktları təqdim etdi. Orada Şamilovun bir ilin içində həm ittiham edən, həm də ittiham olunan tərəf olduğunu qeyd etdik.
Bu elə bir dövr idi ki, bəzi yazıçılar yüksək pilləyə çatmaq üçün kiminsə üzünə durur, onu repressiyaya aparan çıxışlar edib, ərizəyə qol çəkirdilərsə, bəziləri bu işi məcburiyyətdən görürdülər. Bəziləri üçün kimisə satmaq vəzifəyə gedən yolda bir fürsət, bəziləri üçün isə ailəsini və özünü qorumaq üçün bir xilas mərhələsi idi. Dərinə getsək, ikinciləri o qədər də qınamamalıyıq.
Moderator.az saytı Aslan Kənanın repressiyalarla bağlı araşdırmasından ibarət monoqrafiyasına istinadən həmin “üz-göz olma” prosesindən daha bir faktı təqdim edir.
Yazıçılar İttifaqının plenumunda sədr Seyfulla Şamilov böyük Əhməd Cavadı tənqid edəndən sonra pası başqalarına ötürür. Əhməd Cavadın əleyhinə danışanlar çox olur. Lakin Səməd Vurğunun bu haqda çıxışı daha çox maraq cəlb edir. Araşdırmaçı Aslan Kənan araşdırmalarında Səməd Vurğunun məcburi şəkildə bu addımı atdığını qeyd edir:
“...Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvü oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, sən fikrini dəyişmək istəməmisən. Buna görə biz son sözümüzü deməliyik. Buna obyektiv tariх şahiddir. Biz qətiyyən səni qəsd ilə həlak etmək fikrində olmamışıq. 17 il sənə şərait yaratdıqdan sonra məcbur olduq ki, sənə son sözü deyək”.
Bu və bu kimi çıxışlardan bir müddət sonra Əhməd Cavadın bütün ailəsi pərən-pərən oldu…