Yazdığı “Daş yuxular” romanı ilə Azərbaycana qarşı böyük təxribata yol vermiş yazıçı Qərbin diqqətini çəkib; ikinci Orxan Pamuk nümunəsi yetişdirilir...
Azərbaycanın tanınmış yazıçısı Əkrəm Əylislinin hava limanından buraxılmaması və sonradan ona qarşı cinayət işinin açılması ilə bağlı yeni təfərrüatlar məlum olub. Xəbər verdiyimiz kimi, yazıçı Əkrəm Əylisli martın 30-da səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
İlkin məlumatda bildirilirdi ki, yazıçı Venesiyada keçirilən ədəbiyyat festivalına getmək istəyirmiş. Yazıçı saat 5:19-da 613 saylı reyslə Frankfurta uçmalı imiş.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə mediaya açıqlamasında Əkrəm Əylislinin saxlanması faktını təsdiq etmişdi. O demişdi ki, Ə.Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bir gün sonra isə yazıçıya qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açıldı.
Məlum olub ki, Ə.Əylisli Venesiyada 30 mart - 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib. Hətta İtaliyanın “Corriere della Sera” qəzeti Əkrəm Əylislinin festivalda edəcəyi çıxışı dərc edibmiş.
78 yaşlı yazıçının ölkədən çıxmasına imkan verməyən hakimiyyət orqanlarının isə öz motivləri olub. Musavat.com-a çatan məlumata görə iqtidar bu addımı bir sıra beynəlxalq güclərin yazıçıdan və onun ermənilərin xeyrinə yazdığı “Daş yuxular” romanından Azərbaycana qarşı istifadə etmək planını önləmək üçün atıb. Bu məlumatda iddia olunur ki, beynəlxalq güclər Əkrəm Əylisli və onun ermənilərin xeyrinə, birmənalı şəkildə Azərbaycana qarşı yazdığı “Daş yuxular” romanından ölkəmizə qarşı istifadə etmək məqsədi ilə plan hazırlayıb. Yazıçı Azərbaycana bir daha qayıtmayacaqdı və onu bütün dünyanı dolaşdıraraq, Azərbaycanın əleyhinə, ermənilərin xeyrinə danışdıracaq, sənədli filmlər, video-müsahibələr hazırlayacaqdılar. İşin sonunda Əkrəm Əylislinin erməni mənafeli “Daş yuxular”romanının Nobel mükafatına təqdimatı da var.
Mötəbər sayılan mənbəmiz deyir ki, bu əsər onsuz da Nobelə təqdim olunacaq. Və böyük ehtimalla, məhz ermənilərin xeyrinə yazılan, Azərbaycana xəyanətin nümunəsi olan bu əsərə Nobel mükafatı da veriləcək. Lakin Azərbaycan hakimiyyəti yazıçını ölkədən buraxmamaqla, bu prosesin bəri başdan ölkəmiz əleyhinə, ermənilərinsə lehinə böyük kampaniyaya dönüşməsinin qarşısını alıb.
Məlumatlı mənbə bildirir ki, Ə.Əylislinin timsalında ikinci Orxan Pamuk nümunəsi yaratmaq planı olub. Xatırladaq ki, Türkiyə yazıçısı Orxan Pamuk 2005-ci ilin fevralında İsveçrədə dərc olunan “Das Maqazin” jurnalına müsahibədə Türkiyəni nəzərdə tutaraq dediyi “Bu torpaqlarda 30 min kürd və bir milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir” - sözləri yazıçının vətənində əsl fırtına yaratmışdı. Mətbuatın fəal iştirakı ilə Orxan Pamuk Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə “türklüyə həqarət” ittihamı ilə məhkəməyə verilmişdi. Günahkar sayılacağı təqdirdə yazıçını 6 aydan üç ilə qədər həbs cəzası gözləyirdi. Lakin Türkiyə Ədliyyə Nazirliyinin müvafiq razılığı olmadığından məhkəmə yarımçıq buraxıldı.
Orxan Pamuk 2006-cı ilin Nobel seçimində suriyalı şair Əli Əhmən Səidi gizli səsvermədə üstələyərək qalib olmuşdu. Pamuk 2006-cı il dekabrın 7-də İsveç Akademiyasında türk dilində “Babamın bavulu” adlı Nobel mühazirəsi oxumuş, dekabrın 10-da isə İsveç kralı Qustavın əlindən Nobel mükafatının qızıl medalını və diplomunu almışdı.
Onun bu nüfuzlu mükafatı qazanması Türkiyədə birmənalı qarşılanmamışdı. Əksəriyyət bu fikirdə idi ki, Nobel Qərb qarşısındakı xidmətlərinə görə Pamuka verilmiş ödəncdir.
Göründüyü kimi, Türkiyəyə qarşı açıq ədəbi-ideoloji təxribat etmiş O.Pamuk Qərbin diqqətində və himayəsindədir. Ə.Əylisli də “Daş yuxular” romanını yazmaqla O.Pamuk qədər öz ölkəsinə, xalqına qarşı təxribat törədib, hətta xəyanətə bərabər addım atıb. Əylisliyə də eyni motivlərlə Nobel mükafatı veriləcəyinə şübhə yoxdur...
Musavat.com