Xalq artisti, müğənni Bilal Əliyev saçını rəngləyən kişi həmkarlarını tənqid edib.
Axşam.az saytının məlumatına görə, müğənni “5/5” verilişində heç vaxt görünüşündə dəyişikliklər etməyəcəyini deyib: “Saça rəng qoymalarını xoşlamıram. Allah insanı necə yaradıb, ömrünün sonuna kimi elə yaşamalıdır. Bütün hər şeyin o dünyada sorğu-sualı olacaq. Mən heç vaxt saçımı rəngləmərəm”.
Qeyd edək ki, Azərbaycanın bir çox tanınmış kişi sənətkarları, şou-biznes nümayəndələri ağ saçlarını gizlətmək üçün saç boyalarından istifadə edirlər. Onlardan bəziləri bunu gizlətməyə çalışsa da, uzun müddətdir ki, saçını boyadığını açıq-aşkar deyənlər də az deyil. Onlardan bir neçəsini sizə təqdim edirik.
Müğənni Faiq Ağayev uzun müddətdir ki, saçlarını boyayan müğənnilərdəndir. Hətta bir neçə il bundan əvvəl müğənnini sarı rəngli saç boyasında görə bildik.
Müğənni Nadir Qafarzadə də saçlarını boyayan kişi müğənnilərdəndir. Adətən müğənni saçını qara rəngə boyayır.
Xalq artistləri Teymur Mustafayev, Mübariz Tağıyev, müğənni Rəhim Rəhimli, əməkdar artist Cavanşir Məmmədov və digər tanınmışlar da bu siyahıda yer alır.
Saçını boyadığını gizlətməyən xalq artisti Səməd Səmədovun isə xanımı bu hərəkətinə görə uzun müddət onunla küsülü qalıb.
Ümumiyyətlə isə hələ ki, Azərbaycan cəmiyyətində kişinin saç boyaması məsələsi birmənalı qarşılanmır, buna mühafizəkar yanaşılır. Hətta bəzən saçını boyayan sənətçilər ailə üzvləri və yaxud həmkarları tərəfindən təpki ilə üzləşməli olurlar. Dəfələrlə bu mövzu ətrafında müzakirələr edilib, fikirlər səsləndirilib.
Xalq artisti Bilal Əliyevin saçını rəngləyən kişi həmkarlarını tənqid etməsi bu mövzunun yenidən gündəmə gəlməsinə səbəb oldu. Həmkarlarından onun mövqeyinə münasibət öyrənməyə çalışdıq.
Saçlarını boyayan kişi sənətçilərdən olan əməkdar artist Baloğlan Əşrəfov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında həmkarı Bilal Əliyevin dilindən bu cür sözlər eşitmək istəmədiyini, kişinin saç boyamasında heç bir qəbahət görmədiyini bildirdi: “Mənim Bilal Əliyevə böyük hörmətim var, bizim dostumuz, qardaşımızdır. Onun xətrini çox istəyirəm. Ola bilir ki, insan əsəbi halda olanda ağzından bəzi sözləri qaçırsın. Bəzən oxuduğumuz mahnın ruhuna uyğun saçımızı boyayırıq. Dünya praktikasında bu var. Özünüz bilirsiz ki, tanınmış türkiyəli müğənni İbrahim Tatlısəsin səsi də, görkəmi də gözəldir. Amma arada hadisə baş verəndən sonra başına rəng qoymamışdı və başı ağappaq görünürdü. İstəməzdik ki, bu sözləri Bilal bəyin dilindən eşidək. Ola bilsin ki, əsəbiləşib deyib. Onun sözlərinə tənqidi yanaşmaq istəmirəm.Bu məsələdə heç bir qəbahət görmürəm. Mən bir şeyin əleyhinəyəm - müğənnilər başına qırmızı və digər rənglər qoyanda. Mənim heç vaxt onlara simpatiyam olmayıb. Amma deyilən qara rəng ki, var o, bəşəri rəngdir, ondan hamı istifadə edir. Onu da zahiri, estetik görünüş üçün edirlər”.
Bu günlərdə bu mövzu ilə əlaqədar müğənni Əli Mirəliyev ilə qalmaqal yaşayan xalq artisti Canəli Əkbərov isə məsələyə bu cür mövqe bildirdi: “Kişi müğənnilərin saç boyamasına ehtiyac görmürəm”.
Saçını rəngləyən Manaf Ağayev də bu məsələdə heç bir eyib görmədiyini bildirdi: “İş-güc yoxdur, boşluqdan bu mövzunu ortaya atırlar. Mən səhnəyə gələndən elə bu söhbət gedir... Səhnə gözəllik tələb edir. Görmürsüz ki, bütün dünya səhnəsində kişilər başlarına nə oyunlar açırlar? Ərəbistanda bir nəfər də olsun ağ saçlı adam görə bilməzsən, istər müğənni istərsə də fəhlə olsun. Əgər səhnədəsənsə görkəminə, saçına, geyiminə fikir verməlisən. Çünki camaat baxıb bizdən ibrət götürür. Burda heç bir eyib görmürəm”.
Həmişə bu cür məsələlərə qarşı öz mühafizəkar mövqeyi ilə seçilən müğənni Əli Mirəliyev xalq artisti Bilal Əliyevin saçını rəngləyən kişi həmkarlarını tənqid etməsini təəccüblə qarşıladı: “Bilal Əliyev deyib? Nə yaxşı? Uşaq vaxtı yadımda idi danışırdılar ki, Xan Şuşinski Opera və Balet teatrına dəvət alanda deyib ki, “əgər üzümə donuz yağı çəkəcəklərsə ora getmirəm”. Yəni qrimi nəzərdə tuturdu. Hər kişinin evdə də, xalqın içində də mənliyi olur, müğənni və ya şair oldun, dəxli yoxdur. Sən axı xalqın bir nümayəndəsisən, evində nəvələr, cavanlar sənə baxır. Evdə ağ saçını qaraldıb sonra çıxıb efirdə camaata öyüd nəsihət verirsən. Düz gəlmir. Polad Bülbüloğlu saçını qaraldıb? Yox! Heç xoşum da gəlmir onun oxumağından, amma faktı demək lazımdır. O bu gün də ağappaq saçladır. Fərhad Bəldəlbəyli də xalq artistidir, niyə saçını qaraltmır? Uca dağın başı ağ, qar olar. İnsan qocaldıqca saçı ağarmalıdır, onun gəncliyi ilə indiki yaşının arası fərq olmalıdır. Əgər xalqın müğənnisi saçını ağardırsa, sabah başqa işlərlə də məşğul ola bilər. İnsanın öz cildi olmalıdır. İndiki kişi müğənnilər saçlarını qaraldır, burunlarını kəsdirir, üzlərini dartdırır, dodaqlarını şişirdib “pomada”, yanaqlarına “rumyana” vururlar. Bunların uşaqları nə olacaq?! O uşaq ki, baxır ki, atası üzünü dartıdır... elə bir şey olmaz axı. Bunlarda artıq qadınlaşma gedir. Özlərində qadın gözəlliyi yaratmaq istəyirlər. Onlardan gedib Qarabağda vuruşan çıxar?! Efirlərdəki insanlar bizim nəslə bu cür təsir etsə, vay bizim gələcək millətimizin halına”.