Türkiyədə yaşayan Azərbaycanlı TANINMIŞLAR geri qayıdır?

Türkiyədə yaşayan Azərbaycanlı tanınmışlar geri qayıdır?

İyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd qardaş ölkədə yaşayan həmvətənlərimizi də narahat edib. Onlar yaşadıqları hiss və duyğularını ya sosial şəbəkədə, ya da mətbuata verdikləri açıqlamada dilə gətiriblər.

Ailə qurub, Türkiyəyə gəlin köçən müğənni İradə İbrahimova mətbuata açıqlamasında bildirib ki, qorxu içərisindədir və övladları ilə birlikdə Azərbaycana qayıtmaq istəyir.  

Bəs, Türkiyədə yaşayan və fəaliyyət göstərən digər azərbaycanlı şou-biznes əhli qardaş ölkədə baş verənlər haqda nə düşünür? Onlar da Azərbaycana qayıtmaq istəyirlər? 
Musavat.com Türkiyədə yaşayan sənət adamları arasında sorğu keçirib və onların sözügedən hadisələr barədə fikirlərini öyrənib. 
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva hərbi çevrilişə cəhd gecəsi çox qorxduğunu bildirib:“Siyasi məsələlərə çox qarışmıram. Onu deyə bilərəm ki, baş verən hadisələr çox üzücüdür. O gecə (15 İyul - hərbi çevrilişə cəhd gecəsini nəzərdə tutur) yaxşı ki, evdə idik. Oğlum üçün lap çox qorxurdum. Atışma səsləri, sanki, evin içindən gəlirdi, hər şey bir anda baş verdi. Çox qorxunc idi. O gecə heç yatmadım. Hər şeyin tezliklə düzələcəyinə inanıram. İnşallah, üzücü hadisələr bitər. Ən böyük diləyim insanların ölməməsidir. Hələ də, telefonumuza partlayışlar olacağına dair mesajlar gəlir. Nələr olacağını bilmirəm. Diqqətli olmağa çalışıram. Azərbaycan Türkiyənin yanında olan yeganə dövlətdir. Sosial şəbəkələrdən də məlum oldu ki, Azərbaycan xalqı Türkiyənin yanındadır. Mən də azərbaycanlı olaraq  türk qardaşlarımıza dəstəyəm. La Edri (Ərəbcədən "bilinməyən" mənasını verir. Ərəb ədəbiyyatında yazıçısı müəyyən olmayan ədəbi əsərlərin sonuna yazılır. Bəzən yazar, ya da şairlər ədəbiyyata yeni başlayanda əsərlərinin sonuna “La Edri” yazarlar) gözəl deyib:
Savaş pahalı;
top, tüfek, uçak lazım;
kin lazım, nefret lazım;
en önemlisi de, uğruna
feda edilecek gencecik
günahsız insanlar lazım…
Barış ucuz;
barış için sadece vicdan,
empati ve sevgi lazım…
Kaş ki, hər zaman sülh olaydı, analar övladını itirməzdi. Bir ana olaraq oğlum üçün çox qorxuram və kədərlənirəm.  Anaları yaxşı başa düşürəm. Tanrı bütün günahsız insanları qorusun”.
Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva deyib ki, Türkiyəni tərk etmək haqda düşünmür: “Türkiyədə sakitlikdir, amma hər axşam insanlar meydana toplanır. Həmin gecə qorxulu idi. Türk milləti çox ürəklidir, heç nədən qorxmur. Onlara baxıb qürurlandım. Qırıcı təyyarələrin, silahların səsləri bizi çox qorxutdu. O gecə getsin, gəlməsin. Nə qədər həyəcan keçirtsək də, Türkiyəni tərk etmək niyyətim yoxdur. Artıq ailəmlə buraya köçmüşəm, iş qurmuşam. Qayıtmaq üçün gəlməmişəm. Türkiyə dünyanın ən böyük ölkələrindən biridir. Düşünürəm ki, belə böyük ölkəyə heç nə olmaz. Ən azından milləti çox güclü, qüdrətli və qorxmazdı. O gecə ailəmlə çox qorxduq, amma o hisslər keçib getdi. İnşallah, yaxşı olacaq".
Türk vətəndaşı ilə ailə qurub, Türkiyəyə köçən aktrisa Nigar Bahadırqızı isə bunları bildirib: “Türkiyədə yaşananlar və yaşanmaqda davam edən hadisələr dəhşətlidir. Hələ də, özümə gələ bilməmişəm. İnsanlar əllərində bayraq, dillərində “Allahu-əkbər”sözləri ilə bayram edirlər. Amma hələ də nəyi bayram etdiklərini anlamamışam. Burada hər dəqiqə qorxu içində olsaq da, mən Türkiyə vətəndaşı ilə ailə qurmuşam. Hər zaman həyat yoldaşımın yanında olmağa söz vermişəm. Azərbaycana qayıtmayacağam, həyat yoldaşımın yanında olub, ona dəstək olacağam”. 






Fikirlər