Məşhurlarımız niyə həqiqəti danır? - Nevrozun əlaməti imiş...
Azərbaycanda şou-biznes nümayəndələri istər şəxsi, istərsə də sənət fəaliyyətləri ilə bağlı daim ictimaiyyətin diqqət mərkəzində olurlar. Bu məqsədlə media əməkdaşları çox vaxt əldə etdikləri informasiyanı dəqiqləşdirmək məqsədilə incəsənət nümayəndələrinə müraciət etməli olur. Jurnalistin əlində olan informasiya etibarlı və həqiqətə uyğun olsa da, əksər şou üzvləri faktı inkar edirlər. Belə desək, müğənnilərimiz “inkaretmə” xəstəliyinə yoluxublar. Bu məqamda sizə bir neçə maraqlı faktları da qeyd edə bilərik. Məsələn, Rəqsanə İsmayılova hamilə olduğu halda mətbuata açıqlamasında bunun yalan olduğunu bildirmişdi. Bir neçə gün sonra isə övladı tələf olan sənətçi instaqramda bu barədə izləyiclərinə sətraltı ismarıc göndərmişdi.
Əməkdar artist Sevda Ələkbərzadə boşanmağı barədə yayılan məlumatı əvvəlcə təkzib etsə də, daha sonra mediaya açıqlamasında faktı təsdiq etmişdi. Bu cür “inkar etmə” xəstəliyinə tutulan məşhurlara sırasına Fatimə Fətəliyeva, Emma Ələkbərzadə, Şəbnəm Əsədova, Pərvin Abıyeva, Aysel Əlizadə, Gülyanaq Məmmədova və başqaları daxildir. Maraqlıdır ki, məşhurlar niyə bu “xəstəlik”dən əziyyət çəkirlər? “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün psixoloq Vəfa Rəşidovanın mövqeyini öyrənib. Psixoloq bildirib ki, bu tip insanlarda nevroz əlamətləri daha çoxdur: “Əksər insanlarda bu kimi hallara rast gəlmək mümkündür. Bu problem insanın birbaşa özündədir. İnsan reallıqla üz-üzə dura bilmir, daha doğrusu bacarmır. Belə şəxslər stressə davamiyyətsiz insanlardır. Çünki, onlara reallığı aşılamayıblar, öyrətməyiblər. Yaşının müəyyən bir həddinə kimi özlərini aldada-aldada yaşayırlar.
Bir çoxlarında nevrozun əlamətlərini müşahidə etmək olar. Buna sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu, OKP) deyilir. Belələrinin stresə davamiyyətləri çox zəif olur. Eyni zamanda, həqiqəti heç cür qəbul edə bilmirlər. Net olaraq siz onlara fakt göstərsəz belə inkar edəcəklər. Bu da insanın psixoloji sarsıntısından xəbər verir. Həmin şəxslər necə görmək istəyəcəklərsə, elə də danışacaqlar. İnsan özün fərqində olmur, onları reallıqla üz-üzə qoymaq çox çətindir. Hətta, onların xeyrinə olan şeylər belə inkar edə bilərlər”.