Ətağa Avropa araşdırmasında - Zəvvarların ÜMİD EVİ..
Tsıpılma Dariyeva - buryat kökənli alman tədqiqatçısıdır və hazırda Humbold adına Berlin Universitetinin Asiya və Afrika institutunda çalışır. Onun bir neçə Bakı səfərindən sonra yazdığı «Bakının «sümüksüz» müqəddəsi: dünyəvi şəhərdə müsəlman ziyarəti» adlı məqaləsi rus dərgisində çıxıb. Dərginin adı belədir: «Dövlət. Din. Kilsə. Rusiyada və Xaricdə» (məqalənin ingiliscə variantı da çıxmalıdır). «Ətağa»nın «sümüksüz müqəddəs» (beskostnıy svyatoy) kimi verilməsi Azərbaycan dilinə çevrimlərdən hədsiz narazı qalanlara bir dərsdir, çünki rus dilinə tərcümələrin də nöqsanlı olduğunu göstərir. «Ətağa» ləqəbinin Mir Mövsüm ağa ilə bağlı «tapılması» Bakı dil-ləhcə praktikasının çox maraqlı məhsuludur. Hərfi mənasında bioloji və qastronomik olan bir söz seyidlərlə bağlı işlənən «ağa» ilə birlikdə qəribə transformasiyadan keçmişdir: ilkində ətə «ağa» deyilməsindəki uyğunsuzluq cəddinə inanılan adamla bağlı işləndikcə ciddiləşmiş və hətta mistikləşmişdir. Bütün bu incəlikləri rusca vermək mümkün olmadığı üçün müəllif «beskostnıy» kimi elə də uğurlu olmayan tərcümədən istifadə etməli olmuşdur. Axı, poliolemit, - uşaq iflici xəstəliyi sümüksüzlük deyil, hərçənd yalnız ətdən ibarət olmaq da deyil. Ancaq Bakının dini praktikasında, yəni, əsasən, andlarda işlənə-işlənə qısa «Ətağa» forması almış söz bütün məntiqi-tibbi şübhələrdən təmizlənərk dini məna qazanmışdır və bunu «möhtəşəm» rus dili və ya ingilis dili ilə vermək mümkün deyil. Hərçənd? haqüçün deməliyik ki, Ts.Dariyevanın məqaləsinin əsas məqsədi etnoqrafik-sosioloji olsa da Ətağaya münasibətlərin səlnaməsindən danışa-danışa o, rusdilli oxucunu sonda elə bilgiləndirir ki, bu ləqəbin dini mistikasını qeyri-azərbaycanlı da sezməyə başlayır.
Öz tərəfimdən bir məqamın altını cızardım. 40-60-cı illər Bakısında Ətağa andı bizim paytaxtda böyüyən sakinlərin dilindən düşməzdi. Elə həmənki illərdə Ağdamda «Həzrət Abbas haqqı», Qarabağda «Seyid Lazım ağanın cəddi» kimi andlar «populyar» idi. Azərbaycan bölgələrində hansı andların içilməsi (həm dinlə, həm dünyəviliklə bağlı) dilçilik və etnoqrafiya baxımından çox maraqlı mövzudur. Bu kontkstdə bir proses də maraqlıdır. Təxminən, 90-cı illərdən «Ətağa» andını işlənməsi xeyli azaldı. Bununla bağlı sual doğur, səbəb şəhərdə demoqrafik dəyişmələr oldu, yəni bölgələrdən gələnlərin sayının artması fonunda bakılıların payının xeyli azalması oldu, yoxsa Ətağa cəddinə inamın sarsılması oldu? Dariyevanın məqaləsi göstərir ki, Ətağa cəddinə inam bizim sekulyar paytaxtda nəinki azalıb, hətta artıbdır, çünki sağalma, kömək ümidi ilə Ətağa qəbrinə, İçəri şəhərdəki evinə nəinki Bakıdan, hətta rayonlardan da çoxlu zəvvarlar axır. Bəlkə səbəb Bakıda andiçmə ənənəsinin zəifləməsidir? Öncələr «Ətağa» andı bakılıları vahid ortaq nöqtədə birləşdirən simvol idi, indi isə belə simvolları ehtiyacmı azalıb? Məqalə bu suallara cavab vermir. Ancaq Dini Qurumlar üzrə Dövlət Komitəsinin statistikası əsasında göstərir ki, sekulyar Azərbaycanda 2014-cü ildə 700 pir və ziyarətgah qeydiyatdan keçirilib (hərçənd məqalədə bir qeyri-dəqiqliyə yol verilib: belə çıxır ki, təkcə 2014-cü ildə 700 pir və ziyarətgah qeydə alınıb, bu isə Azərbaycan miqyası üçün ağılasığmazdır). Dariyevanın məqaləsi nə ateistik eyhamla, nə dini çalarlarla yazılıb. Sadəcə, Avropa ənənəsi əsasında müqəddəs şəxslər və məkanlarla bağlı dini praktikaya «xəlqi din» və ya «xalq dini» deyilir. Bu mənada «xalq islamı» terminini işlədərək göstərir ki, bu dini praktikaya iki cəbhədən hücum var. Birincisi sələfilər tərəfindən, çünki onlar ziyarətgahları şırk, yəni Allaha şərik qoşmaq sayırlar. O biri cəbhə savadlı adamlardan ibarətdir və xalq islamını xurafat sayır. Dariyeva bu iki cəbhəni göstərməklə Azərbaycanda dini plüralizmin olmasını etiraf etmiş olur. Elmdə xəlqi islam və ya xalq islamı pirlər və ziyarət praktikasında gerçəkləşən dini etiqada deyilir.
Məqalədə müəllif apardığı müsahibələr əsasında Ətağanın maraqlı portretini cızır. Yeddinci imam Musa-Kazımın nəslindən olduğu üçün ağır seyidlərdən sayıldığını göstərir. Bu portretdə müqəddəsliklə bağlı sadalanan göstəricilər, bir az sadəlövh görünür (içki içməməsi, cinsi həyatının olmaması, uşaqlara, kasıblara sonsuz sevgisi və müqəddəs təmizliyi). Çox mümkündür ki, müqəddəslik sübutlarının azlığının günahı müəllifdə yox, onu məlumatlandıran adamlardadır. Ətağanın portretinin dünyəvi cizgiləri kimi onun çox papiros çəkməsi, siyasətdən söhbətə maraqla qulaq asması, Molla Nəsrəddin lətifələrini sevmsi verilir. Məqalədə Ətağanın möcüzələri haqqında dillərdə gəzən rəvayətlər də verilir, məsələn, onu aparmağa gələn NKVD maşınlarının motorunun yatması, müharibə vaxtı Müdafiə fonduna göndərdiyi naməlum mənşəli yüksək məbləğdə pullar və s. Müəllif heç bir şübhə və ya inam nümayiş etdirmədən bu «dini diskursları», yəni deyimləri fiksə edir. Əslinlə, etnoqrafik və ya sosioloji araşdırma üçün həmin diskursların rəvayətmi, yoxsa informasiya olması elə də prinsipial deyil. Etnoqrafiya dini rəvayətlərin xarakterik simvollarını, aktlarını incələyir. Bektaşi diskurslarında Hacı Vələd Bektaşinin möcüzələrinə eyni anda müxtəlif və uzaq yerlərdə peyda olması, daşı ovucundə sıxıb toza çevirməsi kimi hadisələr təkrarlanırdı. Ətağa ilə bağlı diskurslarda isə əlacsız xəstəliklərdən adamların sağalması, motorun dayanması kimi əhvalatlar önə çıxır. Məqalə ingilis dilindən ruscaya çevrilib, özü də müəllif tərəfindən yox. Bu səbəbdən də müəyyən yanlışlar var. Məsələn, bəzən «pirs» rusca elə belə də yazılır, halbuki ingiliscədə «pirs» «pirlər» deməkdir, deməli «pirı» kimi tərcümə olunmalıydı. Bir yerdə Avrovijn ərəfəsində Mir Mövsüm ağanın yaşadığı evdə bu tədbiri nəzərə alaraq nəsə dəyişmələr aparıldığından danışılır və bu cümlə tam qaranlıq qalır. Axı, Avrovijin nə şəkildə ziyarətlərə səbəb olardı ki, ziyarətgahda nəzərə alınsın?! Bu nöqsanlara baxmayaraq deməliyik ki, Tsıpılma Dariyevanın yazdığı məqaləni biz yüksək dəyərləndirməliyik. Haqqında danışdığımız dərgidə Gürcüstandan, Ermənistandan oxşar mövzuda məqalələr olan vəziyyətdə Azərbaycandan da yazının olması təqdirə layiqdir. Prof. Dilarə Mehdi AzerTaym.az