Qərbin çox vaxt müsəlmanlığı qadın haqlarını tapdayan, geridəqalmış bir din kimi təqdim etmək cəhdlərinə rəğmən İslamda xanımlara verilən hüquq və üstünlüklər “sivil” hesab edilən heç bir dövlətin Ana Qanununda yoxdur.
İslamda qadının yeri barədə mühakimə yürütmək üçün öncə Quran surələrini və Peyğəmbər(s) hədislərini oxumaq gərəkdir...
Yalnız onu demək kifayətdir ki, Qurani-Kərimdə ayrıca “Qadınlar”(“Nisa”) surəsi var. Keçmişdə və hazırda münafiq, tamahkar din xadimlərinin öz rəylərinə və ya hakim dairələrin sifarişinə əsasən qadınları əsarətdə saxlayan cahil hökmlər verməsinin isə nə İslama, nə də Peyğəmbərə(s) aidiyyatı var...
İslama görə, qadınlara səbirli münasibət əsl kişi xüsusiyyətidir və buna görə ölümündən sonra insana şəhidlik dərəcəsi verilir. Ancaq heç vaxt şərəf və ləyaqəti unutmaq olmaz. Bizim günlərimizdə qadın və kişi bərabərliyi, gender-filan barədə şüarlar insanların düşüncə və ruhunu elə doldurub ki, çoxları psixoloji şablonların əsiri olaraq dünyaya real baxmaq vərdişini itirib. Özlərini müasir və demokratik hesab edən kişilər xanımlarının evlərindən çıxaraq tanış və ya keçmiş sinif, qrup yoldaşları olan yad kişilərlə görüşməsinə göz yumur. Qonaqlıqda və ya restoranda ərlə arvadın əyləşdiyi masaya naməlum bir kişinin yaxınlaşaraq özgəsinin arvadını çox vaxt yarımqaranlıqda ifa edilən cütlük rəqsinə dəvət etməsi qəbahət sayılmır. Üstəlik, rəqs zamanı naməhrəm kişi əlləri ilə yad xanımının belini qucaqlayaraq öz bədəninə tərəf sıxır. Məlumdur ki, İslamda qanuni, kəbinli nikahda olmayan qadın və kişinin bir-birinə toxunması qəti qadağandır...
Dövrümüzün insanlarının çox yayılmış yanlış baxışlarından biri də qadın və kişinin biri-birinin əlini sıxması ilə bağldır. Burada da heç kəs bir qəbahət görmür və naməhrəm olan qadın və kişilər təbəssümlə görüşərək biri-birinin əllərini sıxırlar.
Əslində hər bir normal insanda müəyyən həddə qısqanclıq hissi olmalıdır. Müsəlmanlığın da tövsiyə etdiyi qısqanclıq hissi- haqqın olaraq sənə məxsus olanı himayə etmək və onu heç kəslə bölüşməmək arzusudur. Normal ailədə qısqanclıq - Allahın müvəqqəti istifadəyə verdiyi həyat yoldaşını qorumaq səyləridir. Qısqanclıq- qadağan edilmiş əməllərə aparan bütün yolların bağlanmasıdır. Bu, qadını öz nəfsinə nəzarət etməyə vərdiş etdirməklə onun cəhənnəm oduna düşməsindən çəkindirilməsidir. Qısqanmaq –yaxınlaşan təhlükələri öncədən
hiss edərək qabaqlayıcı tədbirlər görməkdir. Qısqanmaq –qadını nikahın müqəddəsliyini ləkələyə, onun ləyaqətini alçalda bilən bütün hərəkətlərdən qorumaqdır. Bir sözlə, kişi qısqanclığı –qadını haramdan qoruyan qaladır...
Eyni zamanda müəyyən həddə qadın qısqanclığının da kişilərin zinadan uzaq durması üçün böyük faydası var...
Peyğəmbərimiz Məhəmməd əleyhissəlam buyurur ki, Axirət günü Allah 3 cür şəxsin üzərinə öz məlhəm baxışlarını yönəltməyəcək və onlara Cənnətdə yer verməyəcək:
1)Haqsız olaraq valideynlərinin iradəsinə qarşı çıxan, onların haqlarını tapdayan və onlar qarşısında borclarını yerinə yetirməyənlər;
2) öz arvadını yad kişilər qarşısında qısqanmayanlar (yəni xanımının müsəlmanlığa zidd və əxlaqsız davranışlarına sakit halda göz yuman kişilər);
3) hərəkətləri, vərdişləri, geyimi və s. ilə özünü kişilərə bənzədən qadınlar.
Qısqanclıqla bağlı bir maraqlı faktı da əlavə etsək, bəlkə bu dəyəri tam inkar edənlər günahlarını anlayarlar. Müxtəlif heyvanlar üzərində müşahidələr göstərir ki, əksər heyvanlar və quşların erkək cinsləri nəsillərini artırmaq üçün əlaqədə olduqları dişi partnyorlarını digər erkəklərə qısqanırlar. Yalnız Allahın Qurani-Kərimdə haram buyurduğu donuzlar istisnadır. Öz partnyorunun digər erkəklərə yaxınlaşması erkək donuzun qətiyyən vecinə deyil. İslam alimləri hesab edir ki, Yaradanın donuzu haram buyurmasının əsas səbəblərindən biri də bu murdar heyvanın belə anormal xasiyyətidir. Çünki həmin çirkin xasiyyət donuz ətini və piyini ləzzətlə yeyən insanlara da keçir... Bildiyimiz kimi, Amerika, Avropa və Rusiyada yaşayan əksər xalqlar donuz ətini və ondan hazırlanan müxtəlif məmulatları da çəkinmədən yeyirlər. Təəssüf ki, son onilliklərdə Azərbaycanda da həyatın bir çox sahələrində olduğu kimi, ət yeməklərində də halal-harama riayət edilmir...