Məşhur meyxanaçı İntiqam Rüstəmov oğluna oğurluq maşın alıb. Vətəndaş Əliyeva Mətanət Bəşir qızına məxsus "Lexus-350” markalı 90-VX-350 dövlət nömrə nişanlı avtomobil 31 saylı notariusda onun iştirakı olmadan Rüstəmov Rüstəm İntiqam oğluna satılıb.
Bu barədə məlumatı Unikal.org-a Mətanət Əliyevanın nümayəndəsi Elnarə Məhərrəmova verib. O qeyd edib ki, avtomobil 2014-cü ildə Nərimanov rayonundakı dayanacaqdan yoxa çıxıb: "2009-cu ildə həmin avtomobil Əliyeva Mətanət Bəşir qızına həyat yoldaşı tərəfindən hədiyyə olunub. Mətanət xanımın yoldaşı Rusiya vətəndaşı olduğu üçün ona sürmək məqsədilə etibarnamə verib. 06.09.12 tarixdə həmin etibarnamə notarial qaydada ləğv edilib. Yoldaşının şəriyi olan şəxs Səfərov Muradın adına 20.07.12-ci il tarixdə avtomobili sürmək üçün verilən etibarnamə həmin ilin 9-cu ayında ləğv edilib. Sonuncu dəfə avtomobilin təkərini Murad Səfərov təmir etdirib və ondan sonra Rusiyaya gedib. Mətanət xanımın əri isə avtomobil aqibətindən xəbərsiz olduğunu deyir. Yaxın günlərdə məlum oldu ki, Mətanət xanıma məxsus olan "Lexus-350” 09.09.15 tarixində 31 saylı notarius tərəfindən Əliyeva Mətanət Bəşir qızının adından Rüstəmov Rüstəm İntiqam oğluna satılıb. Amma Mətanət xanım heç bir notariusa getməyib və heç bir sənədə imza atmayıb. Rüstəmov İntiqam 10.09.15 ci il tarixdə 50-DA-919 dövlət nömrə nişanı ilə qeydiyyatdan keçərək təzə texniki pasport alıb”.
E.Məhərrəmova deyir ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub araşdırma aparılır.