27.07.2014- Azərbaycanda Etika Akademiyası yaradılır

27.07.2014- Azərbaycanda Etika Akademiyası yaradılır "Akademiyasının sentyabr ayında açılışı nəzərdə tutulub”.
Bunu Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası (AGAT) təşkilatının hüquqşünası, beynəlxalq təlimçi Günel İbrahim deyib.
G.İbrahim bildirib ki, vaxtilə bu istiqamətdə internet televiziyada veriliş hazırlayıblar:
“Akademiyanın fərdi inkişaf mərkəzi olacaq. 3 il öncə AGAT-ın internet televiziyada “Biznes etikası” adlı verilişi var idi. 10 dəqiqə efir vaxtı ərzində tamaşaçılara CV-lərin necə yazılması, karyeranın uğurlu sirrləri barədə, danışıqların aparılması, işə düzəlmək üçün müsahibləri uğurla keçmək kimi treninqlər təqdim olunurdu. Qərara gəldik ki, bu işi mərkəzləşdirilmiş şəkildə həyata keçirək. Bu səbəbdən də AGAT olaraq Etika Akademiyasının yaradılması təşəbbüsünü irəli sürmüşük və bu istiqamətdə işlər davam edir”.

G.İbrahim qeyd edib ki, yaradılan Etika Akademiyasında xidmət sektorunda çalışan insanlara Avropa standartlarına əsaslanan treninqlər keçiləcək:

“Yerli və beynəlxalq təlimçilər tərəfindən burada bankçılıq, otelçilik, turizm sahələrində, şirkətlərdə fərdi inkişaf, karyera yüksəlişi üçün lazım olan biliklər, vacib etik prinsiplər dolğun şəkildə tədris olunacaq. Qeyd edim ki, Etika Akademiyası Amerika və Almaniyada mövcuddur. 3-cü belə Akademiya Azərbaycanda yaradılıb. Məqsədimiz bu sahədə beynəlxalq təcrübəni Azərbaycana gətirməkdir. Bundan əlavə mərkəzdə müdavimlərə diplomlar da veriləcək. Etika Akademiyası korparativ və fərdi təhsil almaq istəyən hər kəsə açıq olacaq”.






Fikirlər