"Yalançı" Şahin Zəkizadə... - sabiq deputat dostunun vaxtsız ÖLÜMÜNDƏN YAZDI

Xəstəxanalara qarşı bir antipatiya, fobiyam var sanki.. Çünki hər iki valideynim uzun müddət xəstəxanalarda yatıb.

Yadıma düşəndə indi də ətim ürpənir- o yemək və dərman qoxulu yarıqaranlıq dəhlizlər və palatalar, arxasıüstə uzanıb nəzərlərini tavana dikərək sonsuzluğa zilləyən ümidsiz xəstə baxışları, xəstə yaxınlarının yaşlı gözləri, pıçıltılı duaları və xəstəxanaların adamın üyərini məngənə kimi sıxan qaramat aurası. Ona görə də hətta ən yaxın adamlarımı da müxtəlif bəhanələrlə xəstəxanada ziyarət etməkdən yayınıram, məndən nə qədər inciyən olsa belə. Bu səbəbdən də Şahinlə də elə ilk gündən ya telefonla danışır, ya da Facebookda yazışırdıq. Bir gün zəng edib "Etibar müəllim, vacib işim var sizinlə. İmkan varsa, görüşək"- dedi. Şəhərdə çay süfrəsi arxasında görüşdük. Aman Allah, indi də yadıma düşəndə dəhşətə gəlirəm. Adamın rəngi-ruhu, əti-qanı yerli-yerində, sapsağlam- mən də daxil olmaqla, ətrafdakılardan da gümrah. Amma gerçəkdə, di gəl ki, Əzrayılla çilingağac oynayır. EY HƏYAT, SƏN NƏ QƏRİBƏYMİŞSƏN.... Bir xeyli dərdləşdik Şahinlə. Sonra keçdi mətləbə:

- Bu müddət ərzində fikirləşməyə xeyli vaxtım olub. Bir ideyam var. İstəyirəm film çəkim. Süjet xətti belədir- bir nəfər gənc namusuna sataşdığına görə öz patronunu amansızcasına qətlə yetirir və ölüm hökmünə məhkum olunur. Türmədə bütün olub keçənlər kino lenti kimi gözünün onündən gəlib keçir. Paralel olaraq özünü ölümə hazırlayır. Bu ərəfədə Avropa Şurasına üzv olan Azərbaycanda ölüm hökmü ləğv edilir. Əzrayıla təslim olmağa köklənən gəncin düşüncə və həyata baxışları bir anın içərisində dəyişir və.s

Bütün bunları Şahin elə həvəslə danışırdı ki.. 
- Etibar müəllim, bilmirəm, nədənsə mənə elə gəlir ki, bu filmin ssenarisini sizdən yaxşı heç kim yaza bilməz. Orada bir epizodik deputat rolu da olacaq, sizi çəkməyi düşünürəm. Xahiş edirəm, etiraz etməyin.

" Yox, onun xərci var" deyə, zarafat etdim. Elə yerindəcə mən və görüşdə iştirak edən Asəf Quliyev bir sıra ideya və təkliflər söylədik. Ürəyincə oldu. Sevincindən az qala göylərə uçacaq kimi idi. “Nə olar, tez yazın da bütün bunları!”dedi.

Ürəyimdən keçənləri dilimə gətirdim:

- Əziz qardaşım, nə desən, canla-başla qulluğunda hazıram. Amma bir şərtlə- Allahın köməkliyi ilə sağalb gələrsən, ondan sonra. Çünki sən xəstə ikən mən fikrimi cəmləyib bunu yaza bilmərəm. Tam sağal, mən də dizimi yerə qoyub, gecəmi gündüzümə qatıb uzağı bircə aya ürəyin istəyən ssenarini qabağına qoyacağamm, SÖZ!

Razılaşdıq. Bir qədər də söhbətləşəndən sonra ayrıldıq. Ayrılarkən “bəlkə bir şəkil çəkib paylaşaq “dedi. "Qurban sənə, mən elə şeyləri xoşlamıram. Yəqin ki, müşahidə etmisən. İnşallah tam sağal,qolboyun sarılıb çəkdirərik"- deyə etiraz etdim.

Beləcə ayrıldıq. İki gün sonrasa Şahinin vəziyyətinin yenidən ağırlaşıb komaya düşməsi xəbərini eşitdim. Bu günsə.. Ey həyat sən qəribə, ay Şahin sən nə "yalançıymışsan!"






Fikirlər