“Dedim, təcili HAVA LİMANINA gəl...” – MƏŞHURLARIN 1 aprel zarafatlar.

Bu gün 1 aprel-Ümumdünya gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Bu günü Böyük Britaniyada  "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar.

Teleqraf.com tanınmış müğənnilərə “1 aprel- Ümumdünya gülüş günü ilə bağlı zarafat etmisinizmi və bu gün kimsə sizi aldadıbmı?” sualı ilə müraciət edib. Sorğunun nəticələrini təqdim edirik: Faiq Ağayev: - Bu günlə bağlı hansısa zarafat, yaxud da kimisə aldatmağım  yadıma düşmür. Uşaqlıq illərimdə də zarafat etməmişəm. Bu kimi hallar mənə darıxdırıcı gəlir. Bu gün isə oyanan kimi düşünməmişəm ki, kimsə məni aldada bilər. Mənə sözün yaxşı mənasında “badalaq” vuranlar olmayıb.  Nura Suri:  - 1 aprel- Ümumdünya gülüş gününə bir o qədər də əhəmiyyət vermirəm. Ümumiyyətlə, insanları aldatmağı xoşlamıram, çünki bu kimisə dolamaq kimi çıxır. Çünki Gülüş gününü bizdə fərqli qəbul edirlər. Düzdür, uşaqlıqda biz də yaxınlarımızla zarafat etmişik.  Dayım qızı, dayım oğlu və s. bir-birimiz üçün təcili  yardıma zəng edib, evə çağırmışıq. Böyüdükdən sonra mən filankəsə bunu etdim, filankəs də mənə bunu etdi və s. deyə xatırladığıb bir şey olmayıb.  Zamiq Hüseynov:  - Dostumuz Nazim Məmmədovla zarafat etmişəm. Martın 31-də gecə saat 12-dən sonra Nazimə zəng etdim ki, təcili hava limanına gəl, Türkiyəyə gedirəm. O da gecə saat 2-də yataqdan durur və hava limanına gedir. Məni orada bir saat  gözləyir. Sonra ona zəng etməyə utandım ki, bu gün aprelin 1-dir. Xasiyyətini də bilirdim ki, buna görə mənə qışqıracaq. Uşaqlara zəng etdim ki, Nazimə aldatdığımı desinlər. Telefonumu söndürdüm. Nazim səhər zəng etdi ki,  bəlkə başıma xoşagəlməz iş gələrdi, az qaldı ki, məni maşın vursun. Yəni ki, belə maraqlı hadisə yaşamışıq. Məni də aldadıblar, amma yüngül olub.  Çingiz Mustafayev:  - Bir aranjemançı dostuma dedim ki, vəzifəli şəxsin oğlu ilə studiyaya mahnı aranjeman etdirməyə gəlirik, aranjemanın qiymətini 15 mindən aşağı demə.  O da dedi ki, ona görə məni həbs edərlər. Axı mahnının aranjemanı 1500-2000 min manatdır.  Dostum gecə-gecə marketə gedir, qonaqlıq hazırlayır. Sonra qapı açılır və evə yalnız Çingiz Mustafayev daxil olur. Qəşəng süfrə açılmışdı, yedim-içdim.  Abbas Bağırov:  - Dünən, bu gün, sabah, ümumiyyətlə, istənilən gün yalan danışan insanlardan xoşum gəlmir.  1 aprel- Ümumdünya gülüş günü ruslardan qalıb. Gülüşə qalsa, insan istədiyi gün ətrafındakı insana gülüş bəxş edə bilər. Niyə məhz bu günə saxlayır? Ümumiyyətlə, bu günü Gülüş günü kimi qəbul etmirəm. İnsan zarafat edirsə, bunun həddini  bilməlidir. Yaxud da elə bir zarafat etməlidir ki, o insana  xoş olsun.  Amma indi elə zarafat da etmirlər axı. İnsanın ürəyi dayanana qədər, həddini aşan hərəkətlər, zarafatlar edirlər. Mən də onu xoşlamıram deyə, heç kim mənimlə zarafat etmir.  






Fikirlər