Azərbaycanın ən yaraşıqlı kişisinin atası mafiya tərəfindən güllələndi - FOTO/VİDEO

Azərbaycanda yeni filmlərin çəkilməsi müasir kino sahəsinin inkişafı üçün vacib və sevindirici haldır. Lakin çəkilən əksəriyyətini komediya janrında olan filmlər təşkil edir. Müsahibənin əsas qəhrəmanları ilə bu problem ətarfında danışmışıq.

"Best model of the World model" titulunun sahibi Rüstəm Cəbrayılovun pərəstişkarlarını sevindirmək qərarına gəlib. Belə ki, məşhur model kriminal janrında “Don Marleone” adlı mafiya filminə çəkilməyə razı olub. Özünü ilk dəfə aktyor kimi sınayan azərbaycanlı model və filmin rejissoru Elmar Bayramov Publika.az-ın suallarını cavablandırıb.

“Don Marleone” mənim aktyor kimi fəaliyyətimdə ən gözəl iş olacaq"

- İlk dəfədir ki, filmə çəkilmisiniz. Modellikdən aktyorluğa keçid çətin olmadı ki?

R.Cəbrayılov: Artıq 12 ildir modelliklə məşğul oluram. Aktyorluq və modellik qismən bir-birinə yaxın sahələrdir. Daim kamera önündəsən, reklamlara çəkilirsən, dolayısı ilə təcrübə toplayırsan. Bu baxımdan kameralara alışmışam. O cümlədən Nyu-Yorkda yaşayan zaman qısa müddətlik də olsa, aktyorluq üzrə təhsil almışam.

- Rolunuzun öhdəsindən layiqincə gələ bildiniz?

R.Cəbrayılov: Sözsüz ki, çətinliklər var idi. Lakin bu günə qədər modellik sahəsində əldə etdiyim təcrübə deməyə əsas verir ki, rolumun öhdəsindən gələ bilmişəm. Əgər uğurlu olarsa, ikinci hissəni çəkməyi də planlaşdırırıq.

- Rolunuz haqqında məlumat verərdiniz. Ümumiyyətlə film nədən bəhs edir?

R.Cəbrayılov: Kəndin ağsaqqalının oğlu rolunda çəkilmişəm. Hansı ki, atası bir mafiya dəstəsi tərəfindən güllələnir və xəstəxanaya düşür. Bundan sonra mən atamı vuran cinayətkar dəstəsinin axtarışına çıxıram və ədalətsizliyə qarşı mübarizə aparıram.

- Ədalət qalib gəlir?

R.Cəbrayılov: Qoy, o məqam sirr qalsın. Hadisələrin nə ilə yekunlaşacağını bilmək istəyənlər filmə baxıb öyrənəcəklər.

- Bəs ədalət həyatda həmişə öz yerini tutur?

R.Cəbrayılov: Gec-tez öz yerini tutur.

- Aldığınız qonorar da sirdir?

R.Cəbrayılov: Əsas odur ki, məni qan etdi. İkincisi isə rejissor mənə bu rolu təklif edəndə, hiss etdim ki, istedadlı insandır. Elmar Bayramovda olan yaradıcılıq eşqi, istedad, enerji məni daha da həvəsləndirdi. Bunlardan əlavə ssenarini çox bəyəndim. Peşəkar yaradıcı heyətin istedadına və çəkdiyi əziyyətə tam güvənərək deyə bilərəm ki, Azərbaycanda hələ belə film olmayıb. Və “Don Marleone” mənim aktyor kimi fəaliyyətimdə ən gözəl iş olacaq.

- Dünyada, o cümlədən Türkiyədə aktyorlar milyonlar qazanır. Bizdə isə teatr və kino işçilərinin maddi vəziyyəti, ümumiyyətlə müğənniləri çıxmaq şərti ilə digər sənət adamlarının maddi durumu yaxşı deyil. Bu, sizi narahat edir?

R.Cəbrayılov: Təəssüf ki, bizdə sənət adamları xarici ulduzlar kimi böyük pullar qazanmır. Buna baxmayaraq hər şey yavaş-yavaş düzəlir. İnanıram ki, gələcəkdə belə problemlər aradan qalxacaq. Yaxın 5 il ərzində kino sahəsinin kifayət qədər inkişaf edəcəyini, peşəkarların artacağını düşünürəm. Onu da qeyd etməliyəm ki, mən bu filmə pula görə çəkilməmişəm. Əsas məqsədim yeni işdə imza qoymaq, Azərbaycan kino sahəsinə öz töhfəmi vermək idi.

- Necə düşünürsünüz Elmar Bayramov sizi yaraşıqlı, yoxsa istedadlı olduğunuz üçün baş rola dəvət edib?

R.Cəbrayılov: Bu suala cavab versəm, özündənrazılıq kimi çıxar. Qoy rejissor desin.

E.Bayramov: Filmdəki qəhrəman yaraşıqlı, hündürboy, həddən artıq sərt üz cizgilərinə malik olmalı idi. Həmçinin baxışlarında konkret xarizmanın olması vacib şərtlərdən biri idi. Bütün bunlar Rüstəmin xarici görünüşü ilə uyğunluq təşkil edir. İkincisi isə Rüstəm ilə kinonun əsas qəhrəmanının xarakteri bir-birinə yaxındır.

- Xarizmatik qəhrəmanın tərəf müqabili rolunda hansı aktrisanı görəcəyik?

R.Cəbrayılov: Natəvan Əfəndiyeva adlı gənc xanımdır. O, nişanlım rolunda çəkilib, həm də vəkil rolunu canlandırır.

- Rüstəm bəy, bu vaxta kimi filmlərdə çəkilməməyimizin səbəbi nə idi?

R.Cəbrayılov: Modellikdə azdan-çoxdan uğurlarım olub. Hər zaman ətrafımda olan insanlar mənə deyirdi ki, səni aktyor kimi də görmək istəyirik. Bu günə kimi mənə təklif olunan filmlərdə özümü görmürdüm, uğurlu olacağına inanmadığım üçün bu təklifləri qəbul etmirdim.

"Səviyyəsiz bir filmə çəkilib uğurlarımı heçə endirmək günah olardı"

- Çox iddialısınız. Belə çıxır ki, rejissor və ssenarilərin zəif olmasından şikayət edirsiniz?

R.Cəbrayılov: Qonorara görə, hər hansı uğursuz filmə çəkilməyi özümə yaraşdırmıram. Avropa, Amerika görmüş bir insanın mənasız və səviyyəsiz bir filmə çəkilib uğurlarını heçə endirməsi günah olardı. Hər zaman ümid edərək gözləyirdim ki, nə vaxtsa həvəslə çəkilə biləcəyi film olacaq. Nəhayət ki, çoxdan gözlənilən an yetişdi, onun möhtəşəm bir film olacağına şübhəm yoxdur. Büdcəmiz çox olmasa da, uğura imza atacağımıza əminəm.

- Elmar bəy, bəs siz filminizin gəlir gətirə biləcəyinə inanırsınız?

E.Bayramov: Əsas hədəfimiz filmdən gəlir əldə etmək deyil. Dünyada və Azərbaycanda rejissorların çoxu pul qazanmaq məqsədilə film çəkir. Səhv yanaşmadır, nəticədə ortaya zövqləri korlayan filmlər çıxarır və kinonun inkişafına zərbə vurur. Söyüşlər və ağzına gələni danışırlar, bəzi hallarda aktyor oyunu da məni qane etmir. Bütün bunlar kino estetikasından, rəssam işindən tamamilə uzaqdır. Film yalnız pul qazanmaq məqsədi ilə deyil, həm də sənət naminə çəkilməlidir.

"Belə filmlər Azərbaycan tamaşaçısını bezdirib"

- Son illərdə çəkilən filmlərin əksəriyyəti komediya janrındadır. Rəqabətə qalib gələcəyinizə inanırsınız?

E.Bayramov: Təəssüf ki, Azərbaycan kinoteatrlarında komediyadan başqa heç nə göstərilmir. Bu faktı yerli filmlərimizə aid edirəm. Nəticə etibarı ilə Azərbaycan tamaşaçısı komediyadan başqa heç nə görmür. Biz stereotipləri qırmaq məqsədilə bu işə başladıq. Əgər hədəfimiz pul olsaydı, biz də komediya çəkərdik. Məqsəd zövqləri korlayan komediya filmlərindən insanları yayındırmaq və tamaşaçılara ciddi kino göstərməkdir. Hesab edirəm ki, belə filmlər Azərbaycan tamaşaçısını bezdirib və həddən artıq yorub. İnsanlar artıq yeni stilistikada və yeni janrda filmlər görmək istəyir. Odur ki, bizdə bütün yenilikləri birləşdirib öz filmimizdə tətbiq etməyə çalışmışıq.

"Heç kəsin ixtiyarı yoxdur ki, keyfiyyətsiz məhsulla tamaşaçının zövqünü korlasın"

- Amma tənqidinizin çox ağır oldu. Bu müsahibədən sonra komediya filmləri çəkən həmkarlarınızın cavabsız qalmayacağı dəqiqdir. Ümumiyyətlə özünüz tənqidə nə qədər dözümlüsünüz?

E.Bayramov: Komediya filmlərini tənqid etməmişəm, sadəcə söhbət keyfiyyətsiz çəkilən filmlərdə gedir. Ümumiyyətlə istənilən janrda çəkilən keyfiyyətsiz filmi tənqid etmək təbii və normal haldır. Təəssüf ki, son illərdə çəkilən filmlərimizin əksəriyyəti keyfiyyətli deyil. Əgər kimsə normal tənqid edirsə onda heç bir problem yoxdur. Əsas odur ki, təhqir olmasın. Tənqid işin inkişafı üçün vacib amildir. Biz də peşəkarların məntiqli və əsaslandırılmış tənqidini eşitməyə və qəbul etməyə hər zaman hazırıq.

Bütövlükdə bütün incəsənət sahələri də bura daxil olmaqla heç kəsin ixtiyarı yoxdur ki, keyfiyyətsiz məhsulla tamaşaçının zövqünü korlasın. Keyfiyyətsiz film göstərib insanların kinoya baxış tərzini dəyişirlər. Bu səbəbdən də keyfiyyətli film çəkiləndə tamaşaçılar onu düzgün qiymətləndirə bilmir.

Yaradıcı heyətlə birlikdə insanların zövqünü oxşamaq və müsbət istiqamətdə dəyişməyə çalışmışıq. Görüntülər də, hadisələr də, rəssam işi də, filmin hekayəsi izləyiciyə nə isə öyrədir, onu yorub bezdirmir, axmaq-axmaq fikirlər aşılamır. Gördüyümüz işə güvənirik, ona görə tənqiddən çəkinmirik.

R.Cəbrayılov: Əlbəttə ki, tənqidə hazırıq. Əgər bir işi ictimaiyyətə təqdim edirsənsə, haqqında səslənən fikirlərə də hazır olmalısan. Tənqid görülən işin bir hissəsidir.

- Əslində, xalqımız istər türk seriallarına, istərsə də, ssenari üzərində qurulan bəzi verilişlərə baxıb ağlamağı sevir. Bunu o serial və verilişlərin reytinqləri də təsdiq edir. Belə olduğu halda, dram və digər film janrları bizdə niyə inkişaf edə bilmir?

E.Bayramov: Verilişlər real hadisələrdən söhbət getdiyi üçün daha çox reytinq toplayır. Digər janrların inkişaf etməsi üçün müəyyən vaxt keçməlidir. Bir müddətdən sonra insanlar “hır-hırdan” yorulacaq. Məsələn, İlham və Fərizənin sevgisi haqqında kommersiya filmi çəkmək olmaz. Belə bir film çəkilsə, onun müəyyən izləyici təbəqəsi olacaq.

Komediya filmləri bütün insanların beyini işğal edib. Bu da insanların həyat tərzi ilə bağlıdır. Fikir versəniz, görərsiniz ki, küçədə hər kəsin üzündə qəzəb və kədər ifadə olunub. Həyatı kədər və əsəb içində keçən insanlar gülmək, əylənmək üçün bəhanə axtarır. Komediya filmlərinin baxılmasının və çəkilməsinin əsas səbəblərindən biri də budur. Rejissorlar da başqa janra ona görə müraciət etmir ki, reytinq toplaya bilməməsindən ehtiyat edir. Şübhəsiz ki, sevgi mövzusunda romantik film və yaxşı dram çəkilsə, baxılacaq.

"Komediyalardan artıq beziblər və ekranlarda maraqlı filmlər görmək istəyirlər"

- Çəkilişlər harada baş tutub, hər hansı yaddaqalan və eksterimal məqamlarla üzləşdinizmi?

E.Bayramov: Bütün çəkilişlər Bakı şəhərində, Bakının Novxanı kəndində, Qobustanda olub.

R.Cəbrayılov: Təhlükəli səhnələr çox olub və onların hər biri realdır. Maşının vurması və stəkanı əlində sındırmaq səhnəsi riskli idi. Ssenariyə əsasən kamazın altında adam qalır və orda da heç bir qrafikadan istifadə olunmayıb. Yeri gəlmişkən qan səhnəsi də həqiqi idi, ketçap filan deyil. Döyüşlərdə isə qrafika yoxdur.

- Rejissorların çoxları sponsor tapmamaqdan şikayət edir. Siz bu sarıdan çətinlik çəkdiniz?

E.Bayramov: Biz sponsor axtarmamışıq. Filmi çəkmək üçün şirkətin özü bizə müraciət etdi. Sponsor olan şirkətin nümayəndələri bildirdi ki, komediyalardan artıq beziblər və ekranlarda maraqlı filmlər görmək istəyirlər. Sözsüz ki, təklifi qəbul edib onların tələblərinə uyğun ssenari hazırladıq və filmi çəkdik.

"Gücü birləşdirib hədəfə çatmaq!"

Filmdə hansı problemlərə toxunmusunuz, sosial mesajlar varmı? Sizcə, müasir filmlərimiz bəzi məişət və sosial problemlərin həllində müəyyən dərəcədə rol oynaya bilirmi?

E.Bayramov: Sözsüz ki, sosial mesajlar olmalıdır. Problemlərin nə dərəcədə işıqlandırılmasına və mesajların dərinliyinə görə xarici filmlər müxtəlif mükafatlara layiq görülür. “Don Marleone” filmində də mesajlar var. Ekran işində yerli əhalinin öz torpaqları uğrunda mübarizəsindən söhbət gedir. Bu mübarizəni bədiləşdirib film halına gətirmişik. İnsanlarda maraq oyatmaq üçün ssenariyə əhvalatlar əlavə edib onu bəzəmişik. Tamaşaçıya çatdırmaq istədiyimiz əsas amil ondadır ki, hədəflər birləşəndə, ümumi maraq uğrunda mübarizə aparanda insanlar öz istəklərinə çata bilir. Birləşəndə real görünməyən arzuları da reallaşdırmaq olur. Əsas mesajımız bundan ibarətdir: Gücü birləşdirib hədəfə çatmaq! Müharibə şəraitində yaşadığımızı nəzərə alsaq, hazırda Azərbaycan xalqının bu kimi təsiredici qüvvəsi olan filmlərə daha çox ehtiyacı var.

"Bu ölkədə yaşadığımız müddətdə onlara hörmətlə yanaşmalı və qorumalıyıq"

- Açıq səhnələr var?

E.Bayramov: Əgər öpüş səhnələrini nəzərdə tutursunuzsa, ona birinci növbədə ehtiyac yox idi. Çünki film iki insanın romantika sevgi münasibətlərindən bəhs etmir, stilistika və janrına heç uyğun gəlmir. O cümlədən belə səhnələr Azərbaycan milli dəyərlərinə qarşıdır. Bu ölkədə yaşadığımız müddətdə onlara hörmətlə yanaşmalı və qorumalıyıq.

- Yaradıcı insanın bu fikirdə olması maraqlıdır.

E.Bayramov: Çünki heç biri pis deyil. Sözsüz ki, öz növbəmizdə mənfi stereotiplərin Azərbaycan çıxarılması üçün mübarizə aparırıq. Filmə gözəlliyi açıq səhnələrlə çatdırmaq istəyənlər sadəcə bu işi görə bilməyən qeyri-peşəkarlardır. Aktrisaların açıq geyimdən istifadə etməsi, söyüşlər və s bu kimi hallar filmə uğur gətirmək üçün istifadə olunan düzgün üsullar deyil. Hətta deyərdim ki, ən axırını variantdır. Belə mövzuların sənətlə heç bir əlaqəsi ola bilməz.

- Sizcə, ssenariniz, yoxsa aktyor seçimi güclü alınıb?

E.Bayramov: Birinin digərindən zəif olduğunu düşünmürəm, heç biri təsadüf nəticəsində seçilməyib. Ssenari və aktyorlar üzərində uzun müzakirələrdən sonra dayanmışıq.

- Film hansı tamaşaçı kateqoriyası üçün nəzərdə tutulub? Hədəf götürdüyünüz kateqoriyanın maraq və diqqətini çəkə biləcəyinizə inanırsınızmı?

R.Cəbrayılov: Yaş kateqoriyası yoxdur, kriminal filmləri hər kəs xoşlayır. Və Azərbaycanda son illərdə bu janrda film çəkilməyib. Bu səbəbdən də daha müsbət reaksiyalar gözləyirik.

- Pərəstişkarları Rüstəm Cəbrayılovu gələcəkdə başqa filmlərdə görə biləcək?

R.Cəbrayılov: Peşəkar iş olsa, niyə də yox. Məni utandıracaq film təkliflərinə isə heç vaxt razı ola bilmərəm. Çox istərdim ki, bu sahədə ancaq peşəkarlar çalışsın.

 






Fikirlər