05.09.2014- Yol ver, dağlar, könlüm Vətən arzular...

05.09.2014- Yol ver, dağlar, könlüm Vətən arzular...Aşıq Talıbın "Könlüm Vətən arzular" adlı şeirlər toplusu işıq üzü görüb
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı və filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədlinin redaktorluğu ilə Aşıq Talıbın "Könlüm Vətən arzular" adlı şeirlər toplusu işıq üzü görüb. Aşıq Talıbın gəraylılar, qoşmalar, təcnislər, divanilər, mürəbbelər və müxəmməslərindən ibarət bu nümunələri filologiya üzrə fəlsəfə doktoru İslam Ələsgər toplayıb, tərtib edib, çapa hazırlayıb. Xatırladaq ki, İslam müəllim Aşıq Talıbın oğlu, Aşıq Ələsgərin isə nəvəsidir. Bir vaxtlar Aşıq Ələsgərin şeirlərini oğlu Aşıq Talıbın dilindən folklorşünaslarımız qələmə alıb çap etdirmişdilərsə, indi də Aşıq Talıbın şeirlərini küll halında onun öz oğlu İslam Ələsgər yığıb, toplayıb və nəşr etdirib. Necə deyərlər, bu kitabın araya-ərsəyə gəlməsini hardasa bir varislik ənənəsini də yaşatmaq kimi də dəyərləndirmək olar.
Belə ki, bir vaxtlar Aşıq Talıb atası Aşıq Ələsgərin şeirlərini itib-batmaqdan xilas etdiyi kimi, indi də belə bir missiyanı İslam müəllim yerinə yetirməklə atası Aşıq Talıbın şeirlərini toplayıb, tərtib edib, oxuculara təqdim edib. Atadan oğula, oğuldan isə nəvəyə keçən bu irsi təkcə fiziki-cismani qohumluq əlaqələrinin zəncirvari varisliyi kimi yox, həm də mənəvi saz-söz sənətimizin mənəvi inciləri xəzinəsinin ululardan üzü bəri gələn müqəddəs varislik ənənəsi kimi düşünülməlidir. Yəni Aşıq Ələsgər, Aşıq Talıb elə mənəvi simalardırlar ki, onlar cismani olaraq İslam müəllimin atası və babası olduqları kimi, mənəvi baxımdan da Azərbaycan aşıq - saz-söz sənətimizin layiqli uluları - ulu söz sənətkarları olublar. Başqa sözlə, Aşıq Ələsgər irsini yaşatmaq, Aşıq Talıb yaradıcılığını yığıb-toplayıb çap etdirmək özü elə ümumilikdə Azərbaycan xalqının mədəniyyət tarixinə, ədəbiyyatına varislik xidməti göstərmək deməkdir. Kitabın redaktoru Elxan Məmmədli ön sözdə haqlı qeyd edir ki, "Bu gün Aşıq Talıbın ayrıca kitab şəklində oxuculara təqdim etdiyimiz bu unikal şeirləri məhz İslam müəllimin Göyçəyə, Aşıq Ələsgər ocağına və ümumən aşıq sənətimizə olan sonsuz məhəbbəti kimi qiymətləndirilməlidir".
İslam müəllim yazır ki, "Aşıqlarımız Ələsgər babamızın şeirlərinin Aşıq Talıbda olan variantını ən etibarlı mənbə hesab edirdilər. Bəzən bir şeirin kimə məxsus olduğu, yaxud şeirin hansı variantının düzgünlüyü üstündə aşıqlar arasında mübahisə yarananda deyirdilər: "Aşıq Talıbı görəndə soruşarıq".
Lakin elə burdaca bir məqamı da yada salaq ki, Göyçə aşıqlarının bir neçəsinin şeirlərini toplayıb çap etdirmiş olan İslam müəllim təkcə atası Aşıq Talıbın şeirlərini yox, elə həm də babası Aşıq Ələsgərin şeirlərinin bir hissəsini itib-batmaqdan güclü hafizəsi hesabına xilas edib. İslam Ələsgər deyir: "Məlum olduğu kimi, Aşıq Ələsgərin şeirlərini ilk dəfə mərhum folklorçu Hümmət Əlizadə toplayıb, 1934, 1935 və 1937-ci illərdə çap etdirib. O, ulu ozanın əsərlərinin əksəriyyətini Aşıq Talıbın hafizəsindən yazıya almışdı. Amma o dövrün qısma-boğmaları, dinimizə qarşı olan amansızlıqlar, senzura qadağaları, represiya dəhşətləri aşığın şeirlərindəki dinlə, mövhumatla, ilahiyyatla bağlı olan söz və ifadələrin bilərəkdən təhrif edilməsinə səbəb olmuş, onlarla şeiri isə çapa məsləhət görülməmişdi.
Xoşbəxtlikdən bu sətirlərin müəllifi Aşıq Ələsgərin əsərlərini Aşıq Talıbın hafizəsindən yazıya alıb saxlamışdı. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra nəşrdən kənarda qalan şeirlər də Aşıq Ələsgərin kitablarına daxil edildi, ilahiyyatla bağlı olan söz və ifadələr öz yerinə qoyuldu. Bunun üçün Aşıq Talıbın ruhuna minnətdarıq".
Göründüyü kimi, İslam Ələsgər burada babası Aşıq Ələsgərin şeirlərinin zəmanəmizə gəlib çatmasında atası Aşıq Talıbın böyük xidməti olduğunu xüsusi qiymətləndirir və hətta özünün sonralar toplayıb Aşıq Ələsgər irsinə daxil etdiyi nümunələrin də atasının güclü hafizəsi hesabına itib-batmaqdan xilas olduğunu vurğulayır. Bütün bunlar bir daha onu ifadə eləyir ki, bu kitab da böyük bir qədirbilənlik hesabına - varislik ənənəsini həm cismani, həm də mənəvi baxımdan qoruyub yaşatmaq duyğusu hesabına araya-ərsəyə gəlib.
Kitabdakı şeirlərlə tanış olduqda bir tərəfdən sadə, rəvan təb üstündə deyilmiş nəzm nümunələri ilə, bir tərəfdən aşıq şeirlərində rast gəldiyimiz deyişmə nümunəsi ilə (Aşıq Nəcəflə deyişmə), bir tərəfdən dodaqdəyməz divani ilə, bir tərəfdən təcnis sənətkarlığı ilə, həmçinin qıfılbənd və başqa rəngarəng nümunələrlə rastlaşırıq.Aşığın dağlara müraciət üslubunda yazılmış bir neçə şeiri ilə tanış oluruq. Elə kitabın adına çıxarılmış şeir parçası da dağlara xitabən deyilib.

Bir yanım dumandı, bir yanım qardı,
Yol ver, dağlar, könlüm Vətən arzular.


Dağ obrazı xalq təfəkküründə ucalıq, məğrurluq rəmzi kimi tanınır, bir sıra bayatılarımızda dağlara üz tutulur, fikir söylənilir. Aşıq Talıb yaradıcılığındakı bu nümunələri də xalq sənətkarının xalq dilində danışığı-dilləşməsi kimi, xalqın arzu-istəyinin ifadəçisi kimi qəbul edə bilərik. Bunu həmin şeirlərin məzmunundan, ruhundan oxuyub-dinləyə bilərik.

Deyim, əziz dostlar, getdi sərasər,
Uçurdum əlimdən bir ovum indi.
Danış, nazlı dilbər, ağrıyırsa sər,
Yaxın gəl, dəstimnən bir ovum indi.


Bu nümunə isə Aşıq Talıbın təcnis sənətkarlığından bir parçadır ki, burada onun sözləri necə seçməsi, cinas qafiyələr yaratması göz önündədir. Aşağıdakı misralar isə müəllifin dodaqdəyməz üstə şeir yaradıcılığına nümunə kimi diqqəti cəlb edir:

İstəyirsən can alasan, aldırarsan can, səda!
Cəsəd xaka cansız gedər, can çıxar candan, gəda!
Aşıq gərək həqiqəti xalqa əyan eyləsin,
Təriqətdən ərz eləsin açanda lisan, gəda!


Burada əgər biz aşığın dodaqdəyməz üstündə meydan suladığını görürüksə, aşağıdakı şeirində isə onun qıfılbənd yaradıcılığında da ustad sənətkar üslubuna heyran qalırıq:

O nədir ki, bu dünyada aldanıb, aldatmayıb?
O nədir ki, bu dünyada oyaq deyil, yatmayıb?
...O nədir ki, bu dünyada bədəni var, başı yox?
O nədir ki, bu dünyada alışır, ataşı yox?
O nədir ki, bu dünyada özü durur, yaşı yox?
Aşıq Talıb, afərin de, açan ustasın görüm.


Şeir həm də insandan düşünmək-daşınmaq istəyir. Bir həqiqətin dərkinə varaq ki, ustad oğlu da ustad olar. Aşıq Ələsgərin oğlu Aşıq Talıb da atasının yaradıcılıq yolu ilə gedib, bu cür qiymətli nümunələri bizlərə ərməğan qoyub. "Aşıq Talıb dünyadan getdi. Ondan bizə 80-ə qədər müxtəlif şəkilli şeir, acılı-şirinli xatirələr və Aşıq Ələsgərin bədii irsinin düzgün variantının üzə çıxmasındakı böyük xidməti qaldı". İslam müəllimin Aşıq Talıb irsinə verdiyi bu açıqlama həqiqəti deyir. Varisliklə bağlı xidmətlər isə heç vaxt unudulmur.

Şakir Əlifoğlu,
filologiya üzrə fəlsəfə doktoru






Fikirlər