Bakının məşhur qonaqları - Elçibəyin borc pul tapıb, konsertinə bilet aldığı türk müğənnisi - LAYİHƏ
Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. “Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?! Nəsrin Sipahi Bakıda yalnız bir dəfə olub - 1970-ci ilin mayında. Bununla da Bakıda konsert verən ilk türkiyəli sənətçi olub. Bu konsertin baş tutmasının isə çox maraqlı tarixçəsi var. Məşhur cərrah, professor İbrahim Topçubaşov 1969-cu ildə öd kisəsi məməciyinin xərçənginin yeni cərrahi müalicə üsulunu nümayiş etdirmək və açıq, silsilə cərrahi əməliyyatlar keçirmək üçün İtaliya, Yaponiya, Türkiyəyə səfər edir. Sonuncu ölkədə - qardaş Türkiyədə maraqlı hadisə ilə qarşılaşır. Doktor İbrahim həm də gözəl bəstəkar idi: mahnıları ona həkimlikdən az şöhrət gətirməmişdi. Deyirlər, Ankarada konsertdə Nəsrin Sipahi onun bəstələdiyi “Dağlarda duman gözəldir” mahnısını ifa edirmiş. İbrahim müəllim fasilədə ona yaxınlaşıb və xanımdan bu şərqinin bəstəkarının kim olduğunu soruşub. Lakin müğənni Nəsrin Sipahi bəstəkarın adını bilməyib. Bilməsə də, bu gözəl türkünü gözəl oxuyub. Mərhum professorun həyat yoldaşı, hamının sevimlisi olan Xalq artisti Flora Kərimova Modern.az saytına həm yuxarıdakı hadisə, həm də Nəsrin xanımın Bakı səfəri haqqında maraqlı faktları danışdı: Türkiyəyə qayıdana qədər Nəsrin Sipahi ilə birlikdə olduq. Banketlərə-filan dəvət olunurduq. Hər yerə onunla birlikdə gedirdik. Nəsrin xanım Azərbaycana konsert vermək üçün gələn ilk türkiyəli müğənnidir. Ondan sonra buradan Rəşid Behdudov, Zeynəb Xanlarova, mən və başqaları Türkiyəyə getdik, oradan da yerli müğənnilər buraya gəldi. Amma bu faktdır ki, Bakıda ilk konsert verən türk müğənni Nəsrin Sipahi oldu və bu işdə mərhum İbrahim Topçubaşovun da əməyi böyükdü”. Söhbətin bu yerində Flora xanım fikrə getdi və soruşdu: -Nə gözəl, bilirsiz Nəsrin xanım Bakını nə qədər sevdi.... Siz onun adını düz dediniz, Nəzrin yox, Nəsrin. Amma konsert verməyə gələndə hamı ona Nəzrin deyirdi. Bakını indi də sevirlər, amma 1970-ci illərin Bakısının da öz gözəlliyi var idi. Buradan çox xoş təəssüratrlarla ayrıldılar. Nəsrin xanım Azərbaycanı, Bakını Türkiyədə çox təbliğ etdi. Bu, o zaman Bakı üçün çox vacib idi. Yazıçı Miryəhya Yusiflinin Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyə həsr etdiyi “Elçibəy” sənədli romanında Nəsrin Sipahinin Bakıya səfəri barəsində maraqlı faktlar qeyd olunub: “1970-ci ilin iyun ayı təzəcə girmişdi. Şəhərin küçələrində divarlara yapışdırılan bir afişa hamının diqqətini özünə cəlb edirdi. Bu afişada göstərildi ki, bu günlərdə Türkiyənin məşhur müğənnisi Nəsrin Sipahinin konserti gözlənilir. Əbülfəz müəllimin və Türk Aydının sevincinin həddi-hüdudu yox idi. Onlar səbirsizliklə konsertin haçan olacağı haqqında və neçə bilet alacaqlarını düşünürdülər. Həm də onlar düşünürdülər ki, bundan kifayət qədər yararlanmaq olar. Xalqın sənətçiyə, yəni türk sənətçisinə münasibəti, millətin öz dəyərlərinə münasibəti, total antitürk şəraitində necə əsk-səda doğuracağı, xalqın necə reaksiya verməsi və hansı halları doğuracağını öyrənmək olduqca önəmli idi. Eyni zamanda qardaş ölkədən gələn sənətçini dəstəkləmək üçün çoxlu bilet alıb istədikləri adamlara paylamaq lazım idi ki, öz bəhrəsini versin. Bir neçə gündən sonra afişalar yenidən təzələndi. Nəsrin Sipahinin qastrol səfəri 22 iyundan 1 iyula qədər “Yaşıl kinoteatr”da açıq səma altında olacaqdı. Əbülfəz müəllim Mir Sabir kişinin maddi köməyi ilə 30-a qədər bilet almışdı. Bu da kifayət idi ki, konsert salonunda lazım olan ab-hava yaransın. Onlar bir neçə günün içərisində biletləri lazımi adamlara paylamışdılar. Demək olar ki, şəhərin çayxanalarında tez-tez türk müğənniləri haqqında söhbət eşitmək olurdu. VIDEO
Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.
Bu dəfə haqqında danışacağımız şəxs Türkiyənin bir zamanlar çox sevilən xanım sənətçisi, bir çox türkü və kino musiqilərinin təkrarsız ifaçısı Nəsrin Sipahidir.
Əslən Krım türkü olan Nəsrin Sipahi 1934-cü ildə İstanbulda doğulub. Musiqi təhsili aldıqdan sonra uzun müddət İstanbul və Ankara radiolarında çalışıb. Həsən Sipahi ilə evlənib və bu izdivacdan iki övladı dünyaya gəlib. Ayrılandan sonra da Sipahi soyadını saxlayıb və publikaya Nəsrin Sipahi kimi tanınıb. Xeyli filmlərdə Türkan Şoray, Hülya Qoçigid, Müjdə Ar kimi aktrisaların canlandırdığı rolların musiqilərini səsləndirib. Məşhur “Arım, balım, pətəyim” filmindəki eyniadlı musiqini də Nəsrin xanım bütün Türkiyəyə sevdirib.
N.Sipahi 1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin “Dövlət sənətçisi” fəxri adına layiq görülüb. Bir neçə ay bundan əvvəl isə 83 yaşında həmin nazirliyin ən yüksək mükafatına layiq görülüb və həmin mükafatı ona şəxsən prezident Rəcəb Tayyip Ərdoğanın özü təqdim edib.
Nəsrin xanımın bir özəlliyi də Azərbaycan mahnılarını bilməsi və sevə-sevə oxumasıdır. Bu istiqamətdə Türkiyədə ilk işi görənlərdən biri də odur. Onun oxuduğu “Ayrılıq”, “Dağlarda duman gözəldir”, “Sürəyya” kimi Azərbaycan mahnıları Türkiyədə çox sevilir.
Məhz bundan sonra onların dostluq münasibəti başlayır və Nəsrin Sipahinin Bakıya gəlişini Topçubaşov özü təşkil edir.
“Həyat yoldaşım - rəhmətlik professor İbrahim Topçubaşov Türkiyənin məşhur kazinolarının birində olanda öz bəstələdiyi mahnını eşidib. Bilirsiniz, rəhmətlik İbrahim Mustafayeviç həm də bəstəkar idi. O zaman, elə indi də Türkiyənin məşhur müğənniləri, sənətçiləri tez-tez kazinolarda çıxış edirdilər. Onun da yanında adlı-sanlı professorlar olub. Mahnının bura necə gəlib-çıxdığını, müəllifinin kim olduğunu soruşanda cavab veriblər ki, bu bir professorun mahnısıdır. Onda İbrahim Topçubaşov deyib ki, “bu müğənninin oxuduğu elə mənim mahnımdı”. O saat bu faktı səhnədən elan edirlər. İbrahim Mustafayeviç də səhnəyə çıxır və onu çox gözəl qarşılayırlar. Bu hadisə o zaman Türkiyə mediasında da ajiotaj yaratmışdı. Daha sonra Topçubaşovla Nəsrin Sipahi dəfələrlə görüşdülər və bu görüşlərin birində Bakıda konsert barəsində danışdılar.
Nəsrin xanımın həyat yoldaşı var idi, Türkeş, o da demişdi ki, Türiyədən hələ heç kəs Bakıda konsert verməyib. Həqiqətən də o zaman Azərbaycanla Türkiyə arasında münasibətlər, gediş-gəliş yox idi. Mədəni münasibətlər isə ümumiyyətlə yaranmamışdı.
Amma İbrahim Topçubaşov söz vermişdi ki, o, Nəsrin xanımın Bakıda konsert verməsi üçün əlindən gələni edəcək. O cür də oldu. İbrahim müəllim əvvəlcə Nazirlər Soveti və “KQB” kimi yüksək qurumlara müraciət etdi. Artıq onların icazəsindən sonra Moskva heç nə deyə bilməzdi. Xatırlayıram, İbrahim Topçubaşov özü şəxsən Nəsrin xanımın Bakıda konsert verməsi üçün Moskvaya getdi. Bundan sonra Əlixanoxla Vəli Axundov da işə qarışdılar. Nəticədə Nəsrin xanım Bakıya gəldi. Amma o, gələndə artıq iki-üç ay idi ki, İbrahim Topçubaşov rəhmətə getmişdi. Nəsrin xanım mayın əvvəllərində Bakıya gəldi, İbrahim Mustafayeviç isə fevralın sonlarında dünyasını dəyişmişdi. Onu mən qarşıladım. Nəsrin xanımla İbrahim müəllimin qəbrinin üstünə getdik. Yasin oxutdurduq.Yadıma gəlir, qəbir üstünə gedəndə Nəsrin xanım çox kədərli idi, başını da örtmüşdü. Daha sonra “Yaşıl teatr”da konserti oldu. Onda mən İbrahim Topçubaşovun adından 2 metrdən də uzun bir çələng hazırlatdım. Çələng sırf qızılgüllərdən ibarət idi. Üzərindəki xırda lampalar çələngin üzərində “professor İbrahim Topçubaşovdan” sözlərini yazırdı. Konsert zamanı mən səhnəyə çıxdım. Səhnənin bütün işıqlarını söndürdülər, çələngin üzərindəki xırda lampalar yandı və orada “professor İbrahim Topşubaşovdan” sözləri hər tərəfi işıqlandırdı. İbrahim Topçubaşov ölümündən sonra da Nəsrin xanımı salamladı.
- Oğlum, nə yaxşı Nəsrin Sipahini xatırlamısız, ideyanı kim verdi?
-Layihəmiz var, “Bakının məşhur qonaqları”. Ayrı-ayrı vaxtlarda Bakıya gələn məşhur şəxslər və onların Bakı xatirələrindən danışırıq.
Nəsrin Sipahinin Bakı konserti Azərbaycanla-Türkiyə arasındakı mədəni əlaqləri inkişaf etdirdi. Bu barədə Flora xanım bunları deyir:
“Nəsrin Sipahi Bakıya gəlib-gedəndən sonra cavab konserti oldu. O zaman Bakıdan Türkiyəyə konsert vermək üçün nümayəndə heyəti göndərdilər. “Qaya” qrupu və başqa bir neçə müğənni arasında mən də var idim. Ancaq sonradan adımı pozdular. Getməyə qoymadılar. Dedilər ki, gedib Türkiyədə qala bilərsən. Həmin “Qaya” qrupu SSRİ-dən Türkiyəyə gedən ilk qrup oldu. Özü də Nəsrin Sipahinin konsertindən həmən sonra”.
22 iyun axşamçağı idi. Artıq yay fəslinin girməsi hiss olunurdu. Hava nisbətən isti idi, hərdən əsən yüngül külək havaya sərinlik gətirirdi. Konsertə getmək istəyən şəxslər “Yaşıl teatr”a doğru axışırdı. Hələ konsertin başlamasına yarım saatdan artıq vaxt qalırdı. Amma konsert zalı ağzınacan dolmuşdu. Əbülfəz müəllimlə Türk Aydın zalın ağzınacan dolmasından sevinirdilər, deməli, xalqın milli şüuru hələ ölməyib. Onlar qabaqda, 2-ci sırada oturmuşdular. Nəhayət, işıqlar yandı və keçdi. Səhnə projektorlarla işıqlandırıldı. Səhnəyə çıxan konsertin aparıcısı və tərcüməçisi Natalya xanım rusca tamaşaçıları salamlayıb bir neçə kəlmə türk ansamblının üzvləri və müğənni Nəsrin Sipahi haqqında qısaca təqdimat verdi. Sonra Nəsrin Sipahinin oxuyacağı ilk mahnı haqqında qısaca bilgi verdi. Təbii ki, bunların hamısını rusca deyirdi. Nəzrin Sipahi səhnədə göründü. Musiqi dilləndi, həzin türk musiqisi və müğənninin ürəkdən oxuduğu gözəl şarkı zalı bürüdü. Tamaşaçılar onun incə, gözəl səsinə və özünü səhnədə çox sərbəst aparmasına heyran qalmışdılar. Bir azdan mahnı sona çatdı. Alqış səsləri salonu bürüdü. Bir azdan Natalya xanım yenə səhnədə göründü. O, ikinci mahnı haqqında məlumat vermək istəyəndə, Nəzrin Sipahi dilləndi:
- Natalya xanım, sən get, biz çok güzel anlaşırız,sənə ehtiyac yok!
Elə bil ki, zaldakı adamlar buna həsrət imiş, zaldan səslər eşidildi: - Bizim tərcüməyə ehtiyacımız yoxdur.
Xüsusən də, Əbülfəz müəllimin bilet verdiyi adamlar bu işdə daha fəal idi. Əlacsız qalan Natalya xanım səhnəni tərk etməyə məcbur oldu. Alqış səsləri bir daha yüksəldi. Nəzrin Sipahinin incə, məlahətli səsini eşidən tamaşaçılar dərhal alqışları dayandırdılar.
Nəsrin Sipahinin bu jestindən sonra Əbülfəz müəllim və Türk Aydın yerlərindən uca səslə - “Çırpınırdı Kara dəniz” - deyə qışqırırdılar. Nəsrin Sipahi onlara yaxın olduğundan səslərini lap aydınca eşidirdi və gülümsəyərək gözlənilmədən elan etdi:
- Dəyərli tamaşaçılar, şimdi sizin üçün “Çırpınırdı Kara deniz” şarkısını oxuyacam. Sözləri Azərbaycanın ünlü şairi Əhməd Cavadın, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyovundur.
Sözsüz ki, bu mahnı o zaman yasaq olduğundan zalda olanların 90 faizdən çoxusu bilmirdi. Çoxusu bilmirdi ki, Əhməd Cavadın belə bir şeiri var və ona Üzeyir Hacıbəyov musiqi bəstələyib. Bunu eşidən Əbülfəz müəllim və Türk Aydın qulaqlarına inanmadılar, qarşılarında oturan şəxsdən hansı mahnını oxuyacağını soruşdular. Onun cavabından sonra arxayın oldular ki, düz eşidiblər. Sevinclərindən bilmədilər nə etsinlər və öz təşəkkürlərini dönə-dönə müğənniyə bildirdilər. Üzeyirin yazdığı bu əzəmətli, adamı yerindən oynadan musiqinin sədaları ucaldı.
Doğrudan da zal şok vəziyyətində idi. İndiyə kimi eşitmədikləri gözəl bir musiqini eşidirdilər. Nəsrin Sipahinin bu mahnıya daha uyğun səsi onu daha da gözəlləşdirirdi. İlk dəfə Azərbaycanda “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi. Bir azdan tamaşaçıları əfsunlayan bu gözəl mahnı sona çatdı. Alqış səsləri salonu silkələdi. Alqış sədaları altında Flora Kərimova böyük bir gül dəstəsi ilə səhnəyə qalxdı, gül dəstəsini Nəsrinə təqdim etdi və onu qucaqladı. (Bu barədə yuxarıda ətraflı danışdıq-E.N.).
O da Floranı bir daha bağrına basaraq kədərli bir səslə zala müraciətlə dedi: “Ben Flora xanımın kədərini paylaşıram, o bu günlərdə kocasını kayb etmiş, böyük bir acıyı yaşayır. Ben ona səbr və dözüm diləyirəm!”.
Onun gözləri yaz buludu kimi dolmuşdu, sanki bir işarəyə bənd idi. Flora xanım özünü hıcqırıb ağlamaqdan güclə saxlayırdı, istəmirdi ki, belə gözəl konsertə qəm-kədər notlarını qatsın. Özünü toplayıb bir təhər ələ aldı və Nəsrin xanıma öz təşəkkürünü bildirdi. Demək olar ki, zaldakıların hamısı yaxşı bilirdi ki, bu yaxınlarda Flora Kərimovanın həyat yoldaşı İbrahim Tobçubaşov rəhmətə gedib. Nəsrin Sipahinin belə diqqətli olması, onu tamaşaçıların gözündə daha da yüksəltdi.
Bu konsert uzun müddət tamaşaçıların yaddaşında qaldı. Hər yerdə - kinoteatrda, institutlarda, çayxanalarda bu haqda qızğın söhbətlər gedirdi. Xüsusən də, “Çırpınırdı Qara dəniz” mahnısı haqqında. Bu konsert Əbülfəz müəllimin düşündüyündən də böyük effekt və əks-səda verdi”.