Azərbaycanlı bacılardan böyük uğur - TÜRKİYƏDƏ
Böyük Azərbaycan Partiyasının sədri, tanınmış siyasətçi Elşad Musayevin qızları Türkiyədə böyük uğura imza atıblar. “Qafqazinfo” xəbər verir ki, siyasətçinin Günel adlı qızı Türkiyənin Bahçeşehir universitetini birinciliklə başa vurub və o “Altın beyin” fəxri adı ilə təltif edilib. E. Musayevin digər qızı Xeyrənsə Musayeva isə universiteti 3-cülüklə başa vurub. G.Musayeva İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsi Beynəlxalq Maliyyə Bölümü ilə yanaşı, ikinci ixtisas olaraq İqtisadiyyat, X.Musayeva isə Beynəlxalq Maliyyə və Biznesin idarəedilməsi bölümlərində təhsil alıblar. Eyni zamanda hər iki bacı Amerikanın ən yaxşı araşdırma universiteti olan Syracuse Universitetində Maliyyə bölümündə təhsil alıb və orada da maksimum 4 not ortalaması əldə ediblər. Məzuniyyət mərasimində yekun nitqlə çıxış edən universitet birincisi Günel Musayeva heç bir uğurun təsadüfi olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan, durmadan çalışmaqdan keçdiyinə inandığını vurğulayıb. O nitqini Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Atatürkü anaraq yekunlaşdırıb. Qeyd edək ki, Bahçeşehir Universiteti Türkiyədə ən çox xarici tələbəyə sahib olan, tam ingilis dilində təhsil verən bir universitetdir. 106 ölkədən 3200 xarici tələbəyə sahibdir.