İSLAMDA HӘYAT YOLDAŞI SEVGİSİ..
Bir kəsin öz həyat yoldaşını sevməsində tənqid olunacaq heç bir şey yoxdur. Әksinə bu, insanın kamal xüsusiyyətlərindəndir. Uca Allah da qullarına bu neməti xatırladaraq belə buyurmuşdur: «Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır». (Rum 21) Uca Allah qadını — kişinin ürəyininin sükunət tapacağı bir rahatlıq yeri etmiş, aralarında gözəl bir sevgi, mərhəmətlə qarışıq bir münasibət yaratmışdır. Allahu Təala bizə halal və haram olan qadınları zikr etdikdən dərhal sonra belə buyurmuşdur: «Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər..» (Nisa 26-27) İbn Macə`nin «Sunən»də səhih isnadla rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (Allahın ona salavat və salamı) belə buyurur: «Bir-birini sevən iki gənc üçün, (bir-biri ilə) evlənmələrindən daha xeyirli bir şey yoxdur..» İnsanın sevdiyi ilə evlənməsi Eşq`in ən gözəl müalicəsidir və Allah onu, bu «xəstəliyin» Şər’i (dini) bir müalicəsi etmişdir. Çünki, eşq – vaxtınd, doğru şәkildә müalicә olunmazsa, insanı uçuruma da apara bilәr. Davud peyğәmbәr dә, (Allahın ona salamı olsun) bununla müalicə olmuşdur. Allahın Peyğəmbəri olan Davud, heç bir haram işləməmiş, yalnız sevdiyi qadını öz zövcələri (həyat yoldaşları) arasına daxil edərək, növbəti dəfə evlənmişdi. Onun bu əməlində bir günah olmasa da, bu əməlindən tövbə etmişdir. Davudun bu tövbəsi Allah qatındakı yüksək dərəcəsinə xələl gələcəyi qorxusundan idi. Cəhş`in qızı Zeynəbə gəlincə… Zeyd onu boşamağa niyyətlənmiş, o isə buna razı olmamışdı. Zeyd ondan ayrılma barəsində Peyğəmbərlə məsləhətləşir, O (Allahın ona salavat və salamı olsun) isə Zeydә, bu fikri tərk etməsini əmr edirdi. Rasulullah Zeydin Zeynəbi boşamaqda qərarlı olduğunu başa düşdü. Sonralar isə, «Zeyd boşasa, Zeynəblə evlənərəm» — deyə düşündü. Ancaq insanların: «Rəsulullah oğulluğunun xanımıyla evləndi» — demələrindən ehtiyat edirdi. Çünki Rəsulullah (Allahın ona salavat və salamı olsun) Zeydi peyğəmbərlikdən əvvəl oğulluğa götürmüşdü. Rəbbimiz də, Peyğәmbәrin timsalında, qulları üçün faydalı və rahatlıq olması üçün, ümumi bir qanun qoymaq istəmişdi. Sonunda Zeyd Zeynəbi boşadı. İddə (gözləmə müddəti) başa çatdıqda, Rəsulullah (Allahın ona salavat və salamı olsun) Zeynəbə elçi göndərdi. «- Ey Zeynəb, Rəsulullah sənə elçi göndərib» — deyə səslənildikdə, Zeynəb: «Rəbbimlə məsləhətləşmədikcə heç bir şey etməyəcəyəm» — dedi. Namazgahına getdi və namaz qıldı. Uca Allah onu Peyğəmbərlə evləndirdi, Әrşinin üstündən nigahlarını kəsdi. Gələn vəhy isə belə oldu: «Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!” – deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir». (Әhzab 37) Rəsulullaha vəhy gəldikdə Zeynəbin yanına getdi və bunu xəbər verdi. Zeynəb, Peyğəmbərin digər xanımlarına fəxrlə belə deyərdi: «Sizi ailələriniz evləndirdi.. Məni isə, yeddi qat səmanın üzərindən Allah evləndirdi..» Rəsulullah`ın (Allahın ona salavat və salam olsun) Zeynəb ilə qısaca hekayəsi bundan ibarətdir.. Bütün kişilәrә olduğu kimi, qadınların Peyğəmbərə Allah tərəfindən sevdirildiyində heç bir şübhə yoxdur. Әnəsin (Allah ondan razı olsun) rəvayət etdiyi səhih bir hədisdə Rəsulullah (Allahın ona salavat və salamı) belə buyurur: «Mənə dünyanızdan qadınlar və ətir sevdirildi. Xoşbəxtliyim və gözümün nuru isə, namazdadır..» Allahın düşmənləri olan yəhudilər qəlblərindəki kin səbəbilə: «Evlənməkdən başqa bir dərdi yoxdur» — dedilər. Uca Allah isə, Peyğəmbərini belə müdafiə etdi: «Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik». (Nisa 54) Peyğәmbәrimiz sevgi mәsәlәsindә әn gözәl nümunәdir. Ondan (Allahın ona salavat və salamı olsun) ən çox sevdiyi insanın kim olduğu soruşularkən, «Aişə» deyə cavab verirdi. Xədicə haqqında soruşulduqda isə: «Mənə onun sevgisi tamamilə verildi» deyərdi.. Kişinin qadını, qadının kişi sevməsi insanın kamil duyğularındandır. Bununla yanaşı, aşiq və məşuqu qovuşdurmaq, onların evlənmələrində vasitəçi olmaq da, gözәl bir әmәldir. Necəki bir dəfə Rəsulullah (Allahın ona salavat və salamı olsun) bir aşiqi, sevdiyi şәxs ilә evləndirmək üçün vasitəçi olmuş, ancaq qız evlənməyi qəbul etməmişdi. Bu Muğis ilə Bərira hekayəsidir.. Rəsulullah (Allahın ona salavat və salamı) Muğisi yanaqları göz yaşlarıyla islanmış halda Bərira`nn arxasıyla gedərkən gördükdə qıza: «Onu qəbul etsəydin..» — dedi. Qızın: «Ey Allahın elçisi, əmrmi verirsən?» — sözünə Rasulullah (Allahın ona salavat və salamı olsun) : «Xeyr, yalnız vasitəçilik edirəm» — deyə cavab verdi. Qız: «Elə isə, onu istəmirəm» — dedi. Rəsulullah Muğisin əmisinə: «Ey Abbas, Muğisin Bəriraya olan sevgisinə, Bəriranın da ona qarşı istəyinin olmamasına heyrətmi edirsən?» — buyurmuş, bu sevgisindən ötəri Muğisi heç tənqid etməmişdi.. Allah Rəsulu bütün xanımlarıyla bərabər nisbətdə davranır və: «Allahım bu bacardığımdır. Bacarmadığım barədə mənə qəzəblənmə» — deyirdi. Bacarmadığından qəsdi — sevgi idi.. Necə ki Uca Allah belə buyurur: «Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tama-milə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir». (Nisa 129) Bu — sevgi və digər ailəvi münasibətlər xüsusundakı ədalətdir. Raşidi xəlifələr və öndәr insanlar halal olan eşqlərdə aşiqlərlə məşuqları qovuşdurmada (evləndirməkdə) vasitəçi olmuşlar. Bir gün Hz. Әlinin (Allah ondan razı olsun) yanına bir evin qarşısında hәbs edilmiş gənc gətirildi. Әli ibn Əbu Talib: «Hekayən nədir?» — dedi. Gənc: – Mən oğru deyiləm. Sizə doğrunu söyləyəcəyəm: Riyahilərin evindəki Həvdə`yə vuruldum.. Elə gözəldir ki, qarşısında Bədr çökər. Rumlu qızlar arasında ayrı bir gözəllik və zadəganlığı var. Gözəlliyi ilə öyündüyü vaxt «öyünmək» ondan qorxar. Eşq atəşimin şiddətindən dözə bilməyib qapılarını döydüm. Çünki orada atəşi daha da artıran biri vardı. Evdəkilər dərhal üzərimə şığıyıb: – Bu oğru, qətli vacib, həbs edin — deyə qışqırdılar. Gəncin bu şeirini dinləyən Əlinin (Allah ondan razı olsun) ürəyi yumşaldı. Muhəlləb ibn Rəbaha «Qız üçün ona izn ver» — dedi. Muhəlləb: – Ey möminlərin әmiri, soruş, adı nədir? — dedi. Gənc: Uveynə oğlu Nuhəs — dedi və bu maraqlı hekayənin sonunda Muhəlləb izn verdi. Muaviyə (Allah ondan razı olsun) bir xidmətçi götürür. Ondan çox xoşu gəlirdi. Bir gün cariyənin bu beyti söyləyərkən eşitdi: Ayrı qaldım ondan, Çöldə yellənən və meyvələri qoparıldıqdan sonra çılpaq qalan bir budaq kimi oldum.. Muaviyə onun dərdini soruşduqda o, köhnə ağasını sevdiyini söylədi. Müaviyə də onu sevdiyi halda, ağasına qaytardı.. İbn Burhiyə belə deyir: Mədinənin ən səlahiyyətli fətva məqamı sahibi, Tabiinlərdən olan Səid ibn Museyyəb`dən: «Qəlbimizdəki sevgi səbəbilə günah iş etmiş oluruqmu?» — deyə soruşdum, «Sən ancaq əlində olanlara məsuliyyət daşıyırsan (yəni, bu sənin əlində deyil. İnsan əlində olmayanlar səbəbilə məsuliyyət daşımır)» — deyə cavab verdi. Sonra: «Vallahi, belə bir şeyi daha əvvəl məndən soruşan olmadı. Soruşsaydılar, eyni cavabı verərdim» — dedi.. Son söz: Әziz müsəlmanlar, aydın oldu ki, bəzi qardaş və bacılarımızın düşündükləri kimi, caiz və halal olan ailə sevgisində heç bir utanacaq, mənasız sərtliyi gərəkdirəcək bir şey yoxdur. Elə isə, ailənizə qarşı sevginizi artırmağa çalışın, ailə kənarındakı mehribanlıq, təbəssüm və lətafətinizdən, ailənizə daha böyük pay ayırın! Çünki, xeyir və bərəkət ailədədir! İslamevi.az Hazırladı: Ayxan Yaquboğlu AzerTaym.az