Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM
İndoneziyada yaşayan 10 yaşlı Arya Perman dünyada ən kök uşaq hesab olunur. Onun çəkisi 192 kiloqram təşkil edir! Publika.az bildirir ki, zavallı oğlan artıq çəki ucbatından məktəbə gedə bilmir və ümumiyyətlə, onun ölçüsünə görə özünə paltar tapması da asan deyil. Həmçinin, o, kənardan kömək olmadan hərəkət edə bilmir.
Aryanın valideynləri danışırlar ki, onların oğlu 3.2 kiloqramlıq normal çəki ilə doğulub. Lakin 2 ildən sonra o, sürətlə kökəlməyə başlayıb. Əvvəlcə valideynləri xoşbəxt idilər ki, onların oğlu toppuşdur, deməli sağlamdır. Amma iştah və çəki nəzarətdən çıxandan sonra uşağı dərhal xəstəxanaya apardılar. Yerli həkimlər aciz qalaraq məsləhət gördülər ki, müayinə üçün daha bahalı klinikaya aparsınlar. Uşağın atası Ade Somantri ayda cəmi 135 dollar qazanır, bu pullar təbii ki, dolanışığa güclə çatır, deməli, bahalı müalicədən söhbət belə gedə bilməz.
Arya gün ərzində 5 dəfə qidalanır. Onun rasionuna balıq, tərəvəz supu, mal əti, düyü, soya tabletləri və ümumiyyətlə daşdan yumşaq nə varsa, daxildir. Ananın sözlərinə görə, bu qədər yeməyi adətən ağır fiziki əməklə məşğul olan işçilər yeyir. Arya kənardan müdaxilə olmadan gəzə bilmir və oturaraq yatır.
Övladlarının ağır xəstə olması ilə valideynlər artıq barışıblar. Əvvəlcə onlar ona guya böyük məhəbbət üzündən bol yemək verməkdən imtina edə bilmirdilər, indi isə ana göz yaşları ilə etiraf edir ki, oğlunu qəhvəyi düyü pəhrizinə salmaq məcburiyyətində qalıb.