İstirahət mərkəzində pomidor çığırtması 42 manatdır - Antisanitariya, bahalılıq, LƏNG XİDMƏT...
Bəstəkar-müğənni Murad Arif istirahət zonasında pomidor çığırtmasına 42 manat ödəyib. AzNews.az xəbər verir ki, müğənni öz ailəsi ilə birlikdə Quba-Qəçrəş yolunda yerləşən istirahət mərkəzlərindən birində olub və oradakı qiymətlərin baha olduğundan gileylənib:
“Quba-Qəçrəş yolunda bir ailə üçün 42 manatlıq pomidor... Azərbaycan ən qeyri-mümkün mərasimləri, "Oskar", "Grammy", lap ABŞ prezidentinin inaqurasiyasını da keçirsə, bu servislə ölkəmizdə turizmin inkişafı olmayacaq. Son 2 həftədə 3-4 bölgəni qarış-qarış gəzirəm. Adamlar (sahibkarlar) rəsmən rəqabət aparmır. Müştərini qazanmaq həvəsi sıfır səviyyəsindədir. O həvəs haradan yarana bilər ki?! Rayondan bir "böyük" adam ərazini zolaq-zolaq zəbt edir. Obyektlərə də qohum-əqrəbasını müdir qoyur. Məkanlar nə səviyyədə işləyir işləsin, əsas odur ki, ərazi onundur”.
Sənətçi bildirib ki, istirahət mərkəzlərində antisanitariya baş alıb gedir:
“Antisanitariya, bahalılıq, zəif, ləng xidmət, nəticəyə uyğun olmayan qiymətlər…Baxıram ki, təbiətimizi Allah gözəl qələmiylə çəkib. Nə olsun? Qədrini bilməməkdəyik".