İnternetin sürəti günbəgün niyə zəifləyir? - Provayderlərin pul ehtirası, YOXSA?

 Image result for İnternetin sürəti günbəgün niyə zəifləyir?

Ölkə ərazisində internetin sürətində problemlər var.

Son günlər internet istifadəçiləri internet sürətinin ciddi zəifləməsi və keyfiyyətinin pisləşməsindən şikayət edirlər. Problemlə təkcə bir provayderdən internet alan istifadəçilər qarşılaşmayıb. Yəni problem günün müxtəlif saatlarında ayri-ayrı provayderlərin göstərdiyi xidmətlərdə qeydə alınır.
Bəs görəsən nə baş verir?
AzerTaym.az xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün aznews.az-a verdiyi məlumata görə, problemin kökündən həlli üçün aidiyyatı qurumlar hərəkətə keçməlidir:
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə bir monitorinq aparmalıdır ki, internet bazarında vəziyyət necədir. Yaxşi olar ki, bu işə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də qoşulsun. Bu iki qurum birlikdə bir monitorinq aparsın ki, bu saat Azərbaycan internet bazarında vəziyyət necədir və nə üçün son dövrlərdə keyfiyyət pisləşib. Mən düşünürəm ki, bunu edəndən sonra səbəbi dəqiq bilmək olar".
Osman Gündüzün fikrincə real vəziyyət bundan ibarətdir ki, provayderlər mövcud nəzarətsiz vəziyyətdən istifadə edərək daha çox qazanmaq istəyirlər və faktiki olaraq istifadəçiləri aldatmaqla məşğuldurlar. "Faktiki olaraq məlum provayderler az trafik alır, amma çox adama satır. Provayderin aldığı həcm dəyişmirsə, onlar 2000 yerə necə internet sata bilər? Deməli bunlar yetərincə trafik internet sürəti almayıb çoxlu sayda satıblar və belə olanda da internetin sürətində şübhəsiz ki, problem yaranır. Yəni istifadəçilərin "çəkidə aldadılması" həm provayderlərin çox pul qazanmaq ehtirasından baş verir, həm də ola bilər ki infrastruktur köhnəlib. Bu səbəbdən son nöqtəyə müqavilədə göstərildiyindən qat-qat aşağı sürət çatır. Hər iki səbəb var burada. Bu iki məsələni iki dövlət qurumu araşdırmalıdır və nəticədə rəsmi açıqlama verməlidirlər ki, əslində nə baş verir."
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə internetin sürəti ilə bağlı narahatlığa əsas görmür. Nazirlikdən aznews.az-a verilən məlumata görə, Azərbaycanın internet təhcizatında, qlobal şəbəkədə heç bir problem yoxdur. "Hər bir internet istifadəçisi, ona xidmət göstərən provayderlə, imzaladığı müqaviləyə əsasən keyfiyyətli internet tələb etmək hüququna malikdir. Provayderlər də öz növbəsində müştərilərdə fərdi şəkildə yaranmış problemi aradan qaldırmağa borcludur. Ona görə də internet istifadəçilərinə tövsiyəmiz budur ki, sürətdə hər hansı bir problem olarsa, provayderlərə müraciət etsinlər. Bəzən belə olur ki, provayder müştəriyə müqavilə əsasında nəzərdə tutulan interneti verir. Amma müştəri daha çox avadanlıqlar qoşur. Bu isə internetin zəifləməsinə gətirir" deyə nazirlikdən bildirilib.






Fikirlər