Azərbaycan internetsiz qaldı
Bu gün saat 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilib. Virtualaz.org saytı xəbər verir ki, ölkənin əksər internet provayderlərinin abonentləri qlobal şəbəkəyə qoşula bilməyiblər. ——- —- Əldə olunan məlumata görə, internetin kəsilməsinə səbəb Azərbaycana internet verən DELTA Telecom-un datacenter-ində baş verən yanğındır. Server otağında olan yanğına görə bu problem yaranıb. Bu barədə hadisə yerində olan yanğınsöndürənlər məlumat verib. * * * Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov “Delta Telecom” şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən virtualaz.org saytına hələlik onlara məlum olmayan səbəbdən ölkə ərazisinin əksər hissəsində internet əlaqəsinin kəsildiyini təsdiq ediblər.
Nazirlik hazırda internetin kəsilməsinin səbəblərinin araşdırdıqlarını bildirib. Hələlik rəsmi olaraq təsdiqlənməyən məlumata görə, problemin səbəbi ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkətinin serverlərinin çökməsidir.
Hazırda internet əlaqəsi ancaq “Bakcell” və “Nar Mobile” mobil rabitə operatorlarının 3G xidməti üzərindən mümkündür.
İnternetin kəsilməsi ilə əlaqədar ölkədə online bank əməliyyatları dayanıb, elektron ödəmə sistemlərinin işi iflic olub. Habelə online bilet satışı sistemi çöküb, aeroportun fəaliyyətində problemlər yaranıb. İri şirkətlərin işi dayanıb, digər fəsadlar meydana çıxıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “Report”a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi “Delta Telecom” şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.
“Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Delta Telecom” şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır”, – deyə RYTN-dən bildirilib.
Qeyd olunur ki, yanan serverlərin təzələnməsi bir neçə gün çəkəcək. Ehtimal var ki, bir neçə gün Azərbaycan ərazisində internet zəif və çox zəif olacaq.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.
Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da “Delta Telecom” şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur.
Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, bu gün səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub.
Məlumata görə, bu işlər bu gün axşama qədər yekunlaşmalı idi. Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən (“20 yanvar” metrosu tərəfdə) keçən hissəsində iş görülərkən baş verib.
Rabitə Nazirliyindən o da əlavə olunub ki, internet verilişi yaxın bir neçə saat ərzində bərpa olunacaq.