“Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini İSLAHATLARI rədd edir

 

Hər bir dövrdə tələblər, şərtlər zamana uyğun dəyişir. Bu dəyişiklik demək olar ki, bütün sahələri əhatə edir. Amma din sahəsində bu baş vermir.

Digər tərəfdən İslam dini eramızın VII əsrində meydana gəlib. Elə məsələlər var ki, hazırkı dövrümüzdə mövcud olsa da, bu haqda dinimizdə hər hansı bir şey yoxdur.

Bu baxımdan maraqlıdır,  dini islahatlara ehtiyac varmı?

Məsələ ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, hər kəsdini zamana uyğunlaşdırmağı  bacarmalıdır:

“Allah-təala Qurani Kərimi, ayələri 7-ci əsrdə, o dövrdə yaşayan insanların  başa düşdüyü kimi nazil edib. İnsanlar da həmin zamanın şərtlərinə uyğun ayələri başa düşüb və yaşayıblar. Məhəmməd peyğəmbər (s.a.s) hətta yanındakı əshabələrə “siz dünya işlərini məndən daha yaxşı bilirsiniz” deyirdi. Peyğəmbərin yanındakı əshabələr bəzən ona istiqamət verirdilər və buna uyğun ayə nazil olurdu. Sadəcə peyğəmbərliyin sonu olduğuna görə, biz həmin Quran ayələrini, hədislərini yaşadığımız zamana uyğunlaşdırmalı və yaşamalıyıq”. 

Ə.Həsənov qeyd edib ki, şəriət yeni hökm çıxarmağa icazə vermir:

“Əgər hökmlər bütün beynəlxalq aləmdə insanların başa düşdüyü, hüquqi qaydalarla tənzimlənən hökmlərdirsə, dəyişiklik etmək olar. Ancaq hökmlər sırf şəriətə aiddirsə, ibadət məsələlərini əhatə edirsə, dəyişiklik etmək olmaz. Yalnız dünyəvi məsələlərdə hökmlər dəyişə bilər. Necə ki, zaman-zaman İslam alimləri  hökmləri öz dövrlərinə uyğun tənzimləyiblər. Şəriəti, Quran ayələrini yaxşı bilən, analiz edən, hədisləri başa düşən bu cür tənzimləmələr edə bilər. Azərbaycanda isə dini lider, tanıdığım mükəmməl insan yoxdur.  İndi savadlı, ali  təhsilli gənc ilahiyyatçılar var”.

 İlahiyyatçının sözlərinə görə, müasir dövrün tələbləri ilə bağlı yeni hökmə ehtiyac yoxdur:

“Peyğəmbərimiz bu gün yaşasaydı, ən yaxşı texnologiyaların hamısından istifadə edərdi. Təsəvvür edin ki, peyğəmbər bir ölkənin rəhbəri olub. O dövrdə təyyarə, minik avtomobilləri, başqa bu kimi texnoloji alətlər yox idi. Minik vasitəsi dəvə, at sayılırdı və peyğəmbərimiz də ən yaxşılarından istifadə edirdi. Müasir dövrümüzdə də müsəlmanlar texnologiyaların yaxşısından istifadə edə bilərlər. Burada heç bir qadağa yoxdur. Çünki bu, insanların istifadə edə bilməsi üçün Allah-təalının elmi ilə yaranıb”.

 İlahiyyat üzrə fəlsəfə doktoru  Elşad Mahmudov bildirib ki, dində reformdan hər hansı bir söhbət gedə bilməz:

“Din özlüyündə doğru əqidəsini itirmiş və yolunu azmış, həmçinin yalnış həyat tərzinə və zehniyyətinə sahib olan cəmiyyəti və bu cəmiyyəti təşkil edən fərdləri doğru yola, Allaha aid dəyərlərə dəvət edən və bu dəvəti reformlarla həyata keçirən bir dəyərlər bütünü, qanunlar toplusudur. İslam dini son din və İslam peyğəmbəri son peyğəmbərdir. İslam dini və onun peyğəmbəri göndərildikləri cəmiyyəti islahat etmək üçün fəaliyyət göstərdilər. Belə demək mümkündürsə, ən böyük islahat prinsiplərini ortaya qoyan  Uca Yaradıcı olan Allah-Təala,  bu reformları həyata keçirənlər isə peyğəmbərlər olub. Yəni bəşəriyyətin ən böyük islahatçıları peyğəmbərlərdir desək,  yanılmarıq. Cəmiyyəti reform üçün gələn bir dəyərin və ya dəyərlər sisteminin özünü  islah etmək absuddur və son din, ümumbəşəri və cahanşümül bir din  olan İslam dini üçün bu, qəbuledilməzdir. İslam dininin bütün təməl prinsipləri bütün zamanlara, məkanlara və şəraitlərə xitab edir”.

E.Mahmudov qeyd edib ki, İslam dinində hökmləri və hökmlərin təməlini İslam şəriətinin əsas qaynağı olan Allah-Təala (Qurani-Kərim) və Rəsulullah (s.a.s) (Sünnə) qoyur:

“Əgər bir cəmiyyətin dini şüurunda, anlayışında, yaşayış tərzində müəyyən yalnışlar və problemlər varsa, kamil bir dində yox, o cəmiyyətin əskik və yalnış din anlayışında reformlar aparmaq lazımdır. Yəni dində islahat aparmaqla, dini həyatımızda islahat aparmaq arasında fərq var. Dində islahat aparılmaz, yalnış dini anlayış, zehniyyət, şüur və həyat tərzində sağlam və orijinal dinə əsaslanaraq islah etmək lazımdır.

İslam dinində hökmləri və hökmlərin təməlini İslam şəriətinin əsas qaynağı olan Allah-Təala (Qurani-Kərim) və Rəsulullah (s.a.s) (Sünnə) qoyur. Bu iki qaynaq əsas hökm qoyucudur. İslamda Allah və Peyğəmbərin xaricində heç kim halal və ya haram qoyma, təməl hökmləri dəyişdirmə səlahiyyətinə sahib deyil. Bununla bərabər, hər iki qaynaqda daha sonrakı dövrlərdə qarşılaşılan problemlərin həllində hökmlərin ortaya qoyulmasının təməl prinsipləri var. Daha sonrakı zamanlarda və dövrlərdə müsəlmanların rastlaşdığı məsələlərin və qarşılaşdıqları problemlərin həllində Quran və Sünnənin ortaya qoyduğu əsas prinsiplərə əsaslanaraq mötəbər və bütün İslam ümməti tərəfindən qəbul edilən səlahiyyətli İslam alimlərinin ictihadları və ümumi qərarları nəticəsində fətvalar verilə və zəruri hökmlər yeni ehtiyaclara görə müəyyən edilə bilər”.

 

 






Fikirlər