“Gənclərimizi kimlərinsə qurbanına çevrilməkdən xilas etmək lazımdır”

“Gənclərimizi kimlərinsə qurbanına çevrilməkdən xilas etmək lazımdır” Bu gün Gənclər günüdür. Çoxu Azərbaycan gəncliyinin gələcəyinin parlaq olduğunun, bugünkü gənclərin gələcək Azərbaycan dövlətinin daha da güclənməsində əsas güc, amil ola biləcəyini deyir.
Düzdür Azərbaycanda vətənpərvər, savadlı, geniş potensiala malik, millətini, dövlətini, xalqını sevən, torpağına bağlı olan gənclərimiz də var. Amma onların sayı düşündüyümüzdən qat-qat azdır. Azərbaycanda geniş potensiala malik olan gənclərimizin hələ də yerində addımladığının da şahidi oluruq.
Bu gün Azərbaycan inkişaf etməkdədir, abadlıq, quruculuq işləri aparılır, yollar, parklar, meydanlar, körpülər salınır, idman kompleksləri tikilir və s. Bunu təqdirəlayiq hesab etmək olar və dəyərləndirilməlidir. Amma gəncliyimizin də problemlərini diqqətdə saxlamaq, Azərbaycanın gələcəyi olan gənclərimizin sabahını da düşünmək lazım və bu istiqamətdə işlər görülməlidir. Bu gün gənclərimizin əksəriyyəti problemlər burulğanında çabalayır. Xaricə axın ildən-ilə güclənir.
Gənclərimizi maarifləndirmək, milli məfkurəyə xidmət etməyə səsləmək və onları kimlərinsə qurbanına çevrilməkdən xilas etmək lazımdır.
Ölkə gəncliyinin böyük əksəriyyəti işsizlik problemi ilə üz-üzədir. Gənclər ailə qura bilmir. Gənc nəslin ölkədən kütləvi surətdə mühacirət etməsi prosesi müşahidə edilir. Minlərlə gənc işsizlik səbəbi ilə ölkəni tərk etmək məcburiyyəti qarşısında qalır. Azərbaycan gəncliyi bu gün normal təhsil ala bilmir. Azərbaycan gəncliyi aşağı tibbi xidmət nəticəsində öz sağlamlığı ilə bağlı ciddi problemlərlə üz-üzə qalıb. Ölkədə məmur özbaşınalığı, hüquqsuzluq gəncliyi mənəvi baxcımdan iztiraba düçar edir. Gəncliyin üzərində böyük bir basqı var.

Ölkədə demokratik dəyişikliklərin həyata keçirirlməsini arzulayan, öz bacarıqlarına uyğun olaraq cəmiyyətdə sosial status qazanmaq istəyən gənclər hakimiyyətin repressiyalarına məruz qalır. Bu gün Azərbaycanda siyasi motivlərlə yatanların çoxu gənclərdir. Bu gün həbsxanalarda on minlərlə gənc var. Bütün bunların səbəbi ölkədəki sosial-iqtisadi durum, mənəvi mühitdir.

Universitetə daxil olanlar arasında 90% gənclər kor-koranə həyat tərzi sürür. Çayxana, mənasız qlamur həyat və s.

Bu gün Azərbaycan gəncliyində reallıqlar bundan ibarətdir. Yəni təhsil, səhiyyə, işsizlik, mənzil və daha nələr nələr.
Və gənclər başlayır öz dünyalarını yaratmağa. Faiz nisbəti ilə, bir çoxu səhv yol seçir. Sadəcə az hissəsi çərçivələri qırır. Günümüzdə, Azərbaycanda çox mənasız və xoşagəlməz gənclik formalaşır. Buna da kaloritlər deyirlər.

Hazırda ölkəmizdə Avropaya inteqrasiya prosesi gedir və belə gənclər müasir düşüncəli gənclərlə fikir ayrılığına düşür, bu da gəncliyin parçalanması deməkdir. Bu özünü indi göstərməsə də gələcəkdə mütləq cəmiyyətə, ələlxüsus da cəmiyyətin ən vacib hissəsi olan gəncliyə öz ziyanlarını göstərəcək.

Biz hələ də başa düşmürük, daha doğrusu başa düşürük amma qəbul etmək istəmirik ki, belə yaşamaq mümkün deyil, bu mentalitetlə olmaz. Milli mənəvi dəyərlər, mentalitet insanlara bədbəxtlik gətirir, qeyri-səmimilik gətirir.

“Gənclərimizi kimlərinsə qurbanına çevrilməkdən xilas etmək lazımdır”Gənclərimiz arasında milli-mənəvi dəyərlərin təbliği ilə bağlı maarifləndirmə işləri aparılmır. Ötən ilin ilk dörd ayı ərzində 4 mni ailə dağılıb. Bu rəsmi statistikadır. Bu Azərbaycan gəncliyinin fəlakəti deməkdir. Gənclərimizin çoxu təhsildən yayınır, günü internetklublarda, barlarda keçir. Ailə, dövlət, ictimai nəzarətdən çıxan gənclərimiz sonda cinayətə əl atır.

Bütün bunlar, hamısı bir yerdə xalqın səmimiyyətsizliyinə gətirib çıxarır. İndi siz deyin mənə, günün böyük hissəsini çayxanada, internet kafelərdə keçirən gənclik yaxşıdır, yoxsa xalqını düşünən və bu yolda azadlığını tələb edən gənclik?

Heydər Əliyev deyib: “Gələcək gənclərin ciyinləri üzərində qurulmuşdur”. Bəs H.Əliyev ideyalarına sadiq qaldığını deyən bəzi məmurlarımız niyə gənclərimizə qarşı biganədirlər. Niyə onlarla konstitusiyanın prinsipləri ilə davranmırlar. Bu gün hansısa məmurun əleyhinə danışan gənc həbsxanalara atılır. Hansısa məmurun marağının qurbanına çevrilir. Bu gün Azərbaycanın xaricdə yaşayan və təhsil alan gəncləri özlərini rahat, xöşbəxt hiss edirlər. Onlar da hansısa nazir, komitə sədri və yaxud da milyonçunun oğludur. Dünyanən ən nüfuzlu universitetlərində Azərbaycanın məmur övladları təhsil alır, həmçinin orada öz bizneslərini qururlar. Xaricdə təhsil alan bir tələbə göstərin ki, o imkansız ailənin övladıdır. Barmaqla sayıla biləcək belə gənclərimiz varsa, onlar da öz gücləri və istedadları ilə xaricə yol tapa biliblər. Məmur balaları isə xalqdan oğurlanan pul hesabına xaricdə kefdədir. Yerli və xarici mətbuat bu barədə çox yazıb.
Belə həyat tərzi sürən, işsiz, gününü çayxanalarda, internetklublarda, səfil-sərgardan gənclərimizlə fəxr etməyə dəyərmi. Neft ölkəsi hesab edilən, dünyada sözünün keçdiyi, regionda lider dövlətə çevrildiyi iddia edilən Azərbaycanın gəncliyi də möhkəm olmalıdır. Təəssüflər ki, bu belə deyil. Hər bir gəncin problemi, bütün dövlətin problemidir. Bu günün gənci sabahın valideyni sayılır. Belə gənclərimizlə Azərbaycanın gələcəyini möhkəm təməl üzərində qurmaq olmaz. Bu gün gəncliyimizə dövlət qayğısı diqqəti olmalıdır ki. Sabah o da dövlətinin xidmətində dayansın. Bir qrup məmur övladının xaricdə təmtaraqlı həyat tərzi sürməsi, təhsil alması bütün Azərbaycan gəncliyinin gələcəyinin parlaq olmasına şamil edilməməlidir.


Rəşad Əlizadə
Almatıda fəaliyyət göstərən TURAN Azərbaycanlıları Konqresinin sədri

(avrasiya.net)






Fikirlər