Əməkdar artist ŞƏHİD ƏRİNİ XATIRLADI: "Şəkli sinəmdə qalan..."

"İyulu heç sevmirəm. Əlimdə olsaydı iyulu təqvimdən silərdim. Amma neynəmək olar, yazılanların heç birini silmək olmur, əzizim. Bizim taleyimiz kimi".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Şəhid olan həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşən müğənni onun ölüm ildönümü olduğunu vurğulayıb:

"Her iyul yaxınlaşanda "yenə gəldin" deyirəm. Canımı yandıran, sümüyümü sızladan, göz yaşlarımı dayanmadan axıdan, gündüzümü gecəyə çevirən, gecələrimi qərib eyləyən, yatağımı zindan, pəncərə önünü ümid eyləyən, şəkli sinəmdə qalan...

26-ildir ki, iyulun 9-dan həyatımın necə döndüyünü bir Allah bilir. İraq balamın canından, heç kimi nə görmək, nə də duymaq istəyirəm. Kim deyir ki, illər ötür, hər şey unudulur, inanmayın. Heç nə unudulmur. Nə də yaddan çıxır. İndiyənə kimi yadımdadır ki, o, gün necə olmuşdu...

Ürəyim çox narahat idi. Ele hey düşünürdüm: görəsən Xalid nə edir? Sən demə, Xalid qanına qaltan olub. Özünü gözləyirdim, amma.. Getdim gördüm ki, anasıgilin həyətində hərbi maşında... Əsgərlər isə utandıqlarından üzümə belə baxa bilmirdilər. Sanki ölümündən özlərini günahkar bilirdilər. Bəlkə də günahkar idilər. Yenicə döyüşdən qayıdan, yorğun insandan təkrar döyüşə qayıtmasını istəməməliydilər. Bəlkə də məcbur idilər. Getdi... Xilas etdi xeyli əsgərimizi. Amma bir tək özünü xilas edə bilmədi. Evə gələcəkdi, yolunu gözləyirdim. Suqızdırıcı yanmışdıd eyə, qazın üstündə isti suyu, sevdiyi yeməyi belə hazır idi".

A.Haşımova mərhum həyat yoldaşının ölüm xəbərinin yer aldığı məktubları da izləyiciləri ilə bölüşüb.










Fikirlər