Həkim-yazıçı prezidentə MÜRACİƏT ETDİ - “Zərərli qidalarla əhalini zəhərləyir, XƏRÇƏNG YAYIRLAR…”
Yazıçı-jurnalist, həkim Ərşad Əzimzadə Azərbaycanda xərçəng xəstəliyinin sürətlə artması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Medicina.az xəbər verir ki bir sıra müalicəvi kitabların müəllifi həyəcan təbili çalaraq dövlət başçısından kömək istəyib. O, xərçəng xəstəliyinin, ölü və şikəst doğulan uşaqların, südsüz anaların, sonsuz gəlinlərin və boşanmaların sayı ilbəil, özü də kosmik sürətlə artmasının iki mühüm səbəbini açıqlayıb: “Birinci səbəb budur ki, ölkədə maarifləndirmə işi aparılmadığı üçün əhalinin səhiyyə mədəniyyətinin, xüsusilə də qida mədəniyyətinin səviyyəsi çox aşağıdır. Sağlam qan yaratmağa qadir olmayan “ölü” qidalar (ət, yağ, başda ağ çörək olmaqla un məmulatları, tərkibində süni şəkər olan məmulatlar, spirtli və spirtsiz içkilər, kofe, çay) canlı qidaları (meyvə, tərəvəz, göyərti, çiy su, otlardan dəmlənən çaylar) sıxışdırıb, gündəlik süfrədən çıxardıb. Digər tərəfdən də, əhali uzlaşmayan, yəni eyni vaxtda həzmə gedə bilməyən qidaları qarışdırır, bununla da onları çürüdüb zəhərə və şlaka çevirərək, öz qanını zəhərləyir. Belə halda xəstəliklər qaçılmaz olur. Xəstəliklərin yüksək sürətlə artmasının ikinci mühüm səbəbi – ərzaq məhsullarının ekoloji cəhətdən natəmiz və zəhərli olmasıdır. Hökumət tərəfindən ciddi nəzarət olmadığı üçün təkcə xaricdən gətirilən məhsullar deyil, ölkədə istehsal olunan məhsullar da ekoloji və sanitar tələblərə cavab vermir. Belə ərzaq insanları kütləvi şəkildə zəhərləyir. Vətəndaşın ən ülvi hüququ yaşamaqdır. Əfsuslar olsun ki, vicdanını pula satan dələduzlar bizi qorumağa borclu olan təşkilatların gözü qabağında ölkəyə zəhərli məhsullar gətirir və yaxud ölkədə zəhərli məhsullar istehsal edirlər, bununla da bizim yaşamaq hüququmuza qəsd etmiş olurlar. Belə halların qarşısını almağa borclu olan nəzarətçilər isə buna qəsdən göz yumurlar. Bu məzlum millət adından, Sizdən artıq dərəcədə xahiş edirəm, əlinizdə olan geniş imtiyazlardan istifadə edərək, xalqı bu ağır bəladan qurtarasınız”.