DƏRD... - Əli Çərkəzoğlu yazır
Dərd bilən “dərdim var” deməz, “imtahandayam” deyər, “dərdim var” deyənlər dərdi bilməyənlərdir. Dərd bilənin səsi çıxmaz, içinə atar hər şeyi, dərd bilməyənin çığırtısı qulaq batırar. Dərd mövzusunda adamlar iki yerə bölünürlər: dərdi çəkənlər, dərdi çəkilənlər. Adam var, özündən başqa kimsəni düşünməz, adam var özündən başqa hər kəsin, hər şeyin dərdini çəkər. Budağı qırılmış ağac, yol kənarında tapdalanmış qarışqa üçün ağlayanlar var bu dünyada. Sənin nə qədər yaşamaq haqqın varsa, Allah-Taalanın yaratdığı hər canlının da o qədər yaşamaq haqqı var, başqalarına zərər vermədikcə. Ədalətli adam hər kəsin, hər şeyin haqqına riayət edəndir. Hər yerdə öz haqqını tələb edən birisi başqalarının haqqına göz yumar. Biz selə, tufana, zəlzələyə fəlakət deyirik. Halbuki, sel olub axmaq suyun haqqıdır, titrəmək, tərpənmək torpağın, tufan olub əsmək küləyin haqqıdır, içindəki suyu aşağı axıtmaq da buludun. Fəlakət təbiətlə bağlı anlayiş deyil, insanla bağlı haldır. Dərə ağzında ev tikərsənsə, bu il olmasa da nə zamansa o dərə dolusu sel gələcək və sənin evini də, evin içindəkiləri də aparıb harasa göməcək. Bünövrəsi sağlam olmayan bir ev mütləq bir gün başına yıxılacaq. Təhlükəli yolda qayda-qanunu tapdalayaraq maşını tam sürətlə sürərsənsə, taleyi, alın yazısını suçlama, başına gələnlərin səbəbkarı özünsən. Fəlakət – insanın həddini aşmasıdır, real təhlükəni görə-görə tədbir almamasıdır. Hər gün sağımızda-solumuzda adamlar ölür və biz də günlərin bir günündə öləcəyimizi bilirik, amma tədbir yoxdur. Bu haqda düşünəndə ağlıma heyvanlar aləmindən bəhs edən sənədli filmlərdə gördüyüm mənzərələr gəlir , Afrika savannalarında iri heyvanlar sürü halında çaydan keçirlər, timsahlar da suyun içində gizlənib ovlarını gözləyirlər. Sürü bu sahildən o sahilə ən azı beş-altı itki ilə çıxır. Əslində bizlər də özünü suya vurmuş o sürü kimiyik və əcəl kimi harada yaxalayacaq, bilənimiz yoxdur. Dərd orasəndadır ki, bunları bilə-bilə tədbir almağımız da yoxdur. Əli Çərkəzoğlu.
Üç-dörd rayonun İcra Hakimiyyətinin başçısını tutdular, özü də o tutulanlar çox da tanınmışlar deyildilər və hökmranlıq elədikləri rayon da zəngin rayonlar sayılmazdı, amma hər birinin sərvəti ilkin hesablamalarla yüz milyonları keçdi. Hərdən düşünürəm ki, üç-dörd rüşvətxoru ifşa eləməkdənsə, rüşvət almayan üç-dörd icra başçısının adını çəksinlər, biz də elliklə yığışıb onların ölüsünə-dirisinə dua eləyək. Görəsən elə üç-dörd məmur varmı bu ölkədə? Bəlkə heç sayı üçə, dördə çıxarmağa da ehtiyac yoxdur, hər ay bir rayon rəhbərinin, bir nazirin adını elan eləsinlər və desinlər ki, bu adam haram yemir, yetim-yesirin qanını sormur, əlinin altında olanlarla ədalətlə davranır... Camaat da o başçı, o nazir haqqında bildiklərini töksün ortaya, görək həqiqətən də bu məmləkətdə adam sayıla biləcək neçə məmur var. Hərdən uşaq kimi sadəlövh suallar vermək istəyirəm ki, bu məmurlar niyə bu qədər həris, doyumsuz olurlar? Yaşın yetmiş, canında da şəkər, təzyiq, infarkt, nə bilim daha nələr. Niyə imtina etmirlər, niyə doymurlar, ömürdən qalan o üç-beş ili adam kimi sakit, rahat, qorxusuz yaşamaq istəmirlər? Son dərəcə primitiv, bəsit sual oldu deyəsən, amma hər kəs də razılaşar ki, son dərəcə aktual və vacib sualdır. Tədbir üçün dedim, getdiyin yas məclisində oturanda heç bircə dəfə fikirləşmisənmi ki, bu gündən sənə də var? Görünür, baxmaq hələ görmək, düşünmək hələ nəticə çıxarmaq, bilmək hələ bildiyini yaşamaq demək deyil. Bu zavallılar dərdin nə olduğunu belə anlamırlar. Onlar üçün dərd, bu yayı Mayamıdən qalmaqdır, hansısa obyekti ələ keçirə bilməməkdir, filankəsin sərvətinin onunkundan artıq olmasıdır...
Mədəniyyət nazirinin sadəcə musiqi məktəblərindən ayda bir ətək pul yığdığı ortaya çıxdı, canı sağ olsun, yığıb-yığıb də, artıq-əskik danışmayıb ki... Təsəvvür edin, mədəniyyət naziri, üstəlik də Qarayev soyadını daşıyan bir məmur, uzaq başı vəzifədən gedəcək, onlara başqa cəza düşmür. İndi düşünün ki, mədəniyyət nazirliyində bu qədər rüşvət varkən, səhiyyə, fövqəladə, maliyyə, təhsil, gömrük, vergi, kənd təsərrüfatı sahələrində nə oyunlar gedir. Rövnəq Abdullayevin oğlunun iki milyonluq saatı oğurlanır, kimsə çağırıb soruşmur ki, bu qədər sərvət səndə hardandır. Hara baxır bu məmləkətin haqq-ədalət keşikçiləri? Sən belə birinə indi dindən-imandan, haqq-nahaqdan moizə oxu ki, iki milyonluq saat da, iyirmi manatlıq saat da eyni zamanı göstərir, o da səni “tupoy” yerinə qoyub gülsün.
Üç-dörd icra başçısının dalından dəydilər ki, camaat haqq-ədalətə inansın. Onların niyə qəzəbə gəldiyini bilmirəm, görünür quyruqları hansısa qapının arasında qalıbmış, ona görə də dallarına təpiyi vurdular.
Bu məmləkətin dərdi üçboyutlu rəsm kimidir, görə bilənə həmişə var, görmək istəməyən də görməyəcək, amma ayılmağına ayılacaq, daha necə ayılacaq, haçan ayılacaq, orasını Allah bilir.