Xoşqədəmin verilişinin bağlanmasına böyük ictimai etiraz

Milli Televiziya və Radio Şurasının ANS telekanalının efirində yayımlanan "Xoşqədəmlə səni axtarıram" verilişinin 5 oktyabr tarixindən etibarən bağlanması tanınmış ictimai-siyasi xadimlər, sənət adamları, ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət sözügedən verilişin gərəkli veriliş olduğunu hesab edir və məhz bu verilişin bağlanmasına ehtiyac olmadığını bildirir.

Xalq artisti, professor, Milli Konservatoriyanın Muğam kafedrasının müdiri Arif Babayev bildirib ki, "Səni axtarıram" verilişi milli-mənəvi dəyəri olan bir verilişdir: "Mən də orada iştirak etmişəm. Çox lazımlı bir verilişdir. O veriliş gözüyaşlı insanlara kömək edir. Onun nəyi pis ola bilər? Mən orada ekspert olaraq iştirak etmişəm və ancaq faktları görmüşəm. Mən bəyənirəm o verilişi".

Azərbaycanın teatr və kino aktyoru, rejissor, xalq artisti Ramiz Məlik bildirib ki, Xoşqədəm Hidayətqızı kimi bir jurnalistin uzaq ellərə gedib, itmiş insanları tapıb doğmalarına qovuşdurması, onları sevindirməsi, onları ana, övlad kimi xoşbəxt etməsi varkən, o verilişi niyə bağlayırlar, anlamaq olmur: "Mən bir neçə dəfə o verilişdə iştirak etmişəm. Orada anaların göz yaşlarını, sevincini, doğmalarını taparaq onlara qovuşmasını görmüşəm. Məgər bu gözəl deyil? Məgər Xoşqədəm xanımın o verilişdə etdiyi bu işlər insanlığa yaraşan hərəkət deyil? ANS kanalı bu günə qədər yaratdığı sloqanı vicdanlı, qərəzsiz, dəqiq şəkildə qoruyur. Xoşqədəm xanım İraq, Əfqanıstan, Sibir, Qazaxıstan və bir çox yerlərə gedərək  adamlar gətirib, göz yaşları içində bacı, qardaş, ana, övlad qovuşdurub. Məgər bu, mənəviyyat, mentalitet deyil? Orada oturanlar deputatlar, xalq artistləri, həkimlər, hüquq müdafiəçiləri, professorlar, elmlər namizədləri olub. Küçədən keçənlər yox. Oraya gələn, yaxınlarını axtaran şəxsləri əxlaqında problem olan insan kimi dəyərləndirmək biabırçılıqdır. Mən bilmirəm əvvəlki kanalda necə olub, amma ANS heç zaman efirində o sadalanan hallara yol verməz. Bu televiziya bu günə  kimi milli-mənəvi dəyərləri qoruyub təbliğ edib. Beş ildir fəaliyyət göstərən bir veriliş nə oldu ANS-ə keçən kimi pis oldu?!  Məncə, bunu düşünmək lazımdır. Beş ildə bir dəfə belə xəbərdarlıq edilməyən veriliş, bir neçə aydır ANS-də fəaliyyət göstərir və nədənsə heç xəbərdarlıq belə etmədən, o adını belə xatırlamadığım qurum verilişi dayandırır. Sadəcə, gülməlidir. Həm də elə ağlamalıdır. Axı bu veriliş ora yaxınlarını axtarmaq üçün müraciət edən yüzlərlə ahıl insanların dərdinə əlacdır və onların gözlərinin yollarda qalmasına son qoyur".

Xalq artisti Səkinə İsmayılovanın isə mövqeyi belə olub: "Kim hansı prizmadan yanaşır - mən bilmirəm, onu deyə bilərəm ki, bir insan uzaq ölkələrə çıxıb gedir, ailəsi uzun illər ondan xəbərsiz qalır və bu veriliş 30-40 ildən sonra o insanları görüşdürürsə, bunun nəyi pisdir? ANS-ə gəlincə, hər zaman xəbəri və verilişləri ilə mənim bəyəndiyim bir kanaldır. O verilişin amalı ananı övladla, bacını qardaşla görüşdürür. Və bu da çox müsbət haldır".

Tarix elmlər doktoru, professor Vəli Əliyev bildirib ki, şəxsən özü orada olduğu vaxtda görüb ki, doğmalarını itirmiş insanlar yaxınlarını tapmaq üçün müraciət edirlər. Xoşqədəm xanım da gedib, çəkib gətirir, onlara bacardığı xəbəri verir: "Bunun nəyi pisdir ki?!  Atalar, analar oğullarını, qızlarını illər sonra görürlər. Məgər bu, milli-mənəvi dəyərlərə ziddir?"

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev bildirib ki, şəxsən bu verilişdə iştirak edib. Hətta Xoşqədəm xanıma deyib ki, bu verilişə çoxlu vəsait ayrılmalıdır. Canlı görüşlər olmalıdır: "Veriliş maraqlı verilişdir. Bütün ölkələrdə izlənilir. Əgər yüzlərlə insan burada yaxınlarına qovuşursa, buna qiymət vermək lazımdır, məncə".

Milli Məclisin deputatı Cavanşir Paşazadə də sözügedən verilişdə iştirak etdiyini və bu layihənin baxımlı, düşündürən olduğunu bildirib: "Baxımlıdır. Evlərdə bu proqramın vaxtı gözlənilirdi. Bu verilişlə maraqlanırdılar. ANS bizim müstəqilliyimizin təməlini qoyan və şəhid verən televiziyalardan biridir. Bu kanal dünyada tanınan bir telekanaldır. Bu  televiziyada işləyənlər  qürurlu,  reallığa, dürüstlüyə xidmət edən və insaflı hərəkətləri ilə fəaliyyət göstərən insanlardır".

Milli Məclisin deputatı, AMEA-nın Naxçıvan bölməsinin sədri İsa Həbibbəyli qeyd edib ki, Xoşqədəm Hidayətqızının apardığı veriliş  Azərbaycanda  bir məktəb qədər, bir dərslik  qədər, bir institut qədər bu işə böyük fayda verir: "Düşünürəm ki, Xoşqədəm üslubunu  düzgün tapıb. O, çox baxımlı, ibrətamiz layihə ortaya çıxarıb. Xoşqədəm nəinki o verilişi aparır, hətta onunla yaşayır. O adamların  hər iztirabını yaşayır. Niyyəti də həmişə birliyə, qovuşmağa, aydınlığa  doğrudur".

Milli Məclisin deputatı, əməkdar elm xadimi İsmayıl Hacıyev də verilişin müsbət tərəflərinin çox olduğunu deyib: "Mən ANS-in bütün verilişlərinə baxıram. ANS  Azərbaycan cəmiyyətinə  ilk demokratik  fikirləri gətirən televiziyadır. Orada deyilən fikirlər ictimaiyyətimizə, dövlətimizə xidmət edir. ANS televiziyasına həmişə böyük hörmətim olub. Əslində  o verilişdə milli-mənəvi dəyərlər pozulmur, onlarla  ailəyə  sevinc gətirilir. Ailənin itən hansısa bir üzvünü tapıb, onları oğluna, anasına, atasına, qardaşına, bir sözlə, ailəsinə qovuşdurursa, deməli,  burada qəbahət bir şey yoxdur".

"Yeni Müsavat"






Fikirlər