"Bu gün darıxıram, məndə elə bir hiss var ki, o günü görməyə bilərəm, amma istərdim görüm"

“Bu gün kino yox dərəcəsindədir! Adda-budda çəkilir, amma mənim ürəyimdən olan işlər yoxdur. Kino gününü əvvəllər yeni filmlərlə qeyd edərdik, amma indi o əhval-ruhiyyə yoxdur! Birincisi iş-güc yoxdur, ikincisi də pandemiya imkan vermir. Camaat bir yerə yığıla bilmir”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O daha sonra əlavə edib.
“Hər il Milli Kino Günü ərəfəsində məndən soruşurdular ki, ən böyük arzunuz nədir? Deyirdim ki, kinodur da, bu il çəkilə də bilər, gələn il çəkilməyə də, amma Allah etsin ki, Qarabağı azad görək. Çox şükür ki, bu arzumuz yerinə yetdi. Düzdür, bir-iki kənd qalıb orada, görürsən ki, atəşkəsi pozurlar, inşallah ki, onları da susduracağıq. Çox sevinirəm ki, Qarabağın işğaldan azad edilməsini Allah bizə göstərdi. İndi artıq rejissorlar öz sözlərini deməlidirlər. Müharibə haqda o dəqiqə film çəkilmir, ən azı 3 il keçməlidir. Çox təəssüf ki, müharibədə bizim operatorlarımız olub, bu anları lentə ala bilmədi. Bu canlı xronikadır. 1941-1945-ci illərdə operatorlar cəbhəyə yola düşüb, sırf kinolar üçün o döyüşləri lentə alırdılar. Kino ən gənc sənətdir. Kinonun tarixi 1895-ci ildən başlayır. Tarixə baxsaq görərik ki, kino bu illərdə həm tənəzzül, həm də inkişaf yolu keçib. 90 -cı illərdə kinomuz yeni inkişaf edirdi ki, müharibəyə vaxtına düşdü. Kinostudiya bağlandı, bir çox kino xadimlərimiz Azərbaycandan köçüb getdilər. Çox şükürlər olsun ki, o vaxt mənim kinoya gəlmə vaxtım renessans dövrünə düşdü, yaxşı filmlər çəkilirdi, mənim də o filmlərdə çəkilmə şansım oldu. Bu gün darıxıram, məndə elə bir hiss var ki, o günü görməyə bilərəm. Amma istərdim görüm ki, filmlərimiz çəkilir, baxılır və sevilir. Zaman öz sənətkarlarını yetişdirəcək” - deyə o bildirib.






Fikirlər