Şairlərdən nazirə ağır ittihamlar – “Ədəbiyyatı bilmir, o şeirə laiq deyil”


"Əbülfəs Qarayev mədəniyyətin keşiyində durmaq əvəzinə mavi, hemoseksualist müğənniləri xalqa sırımaq istəyən adamdır"
İki gündür, şair Vaqif Bəhmənli ilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev arasında yaranan xoşagəlməz olay mətbuatın əsas mövzularından biri olaraq qalır. 
Buna səbəb şairin “Hamıya yaxşılıq” şerinin birmənalı qarşılanmamasıdır. Kimi buna görə şairə yaltaq damğası vurdu, kimi də nazirin bu addımını alqışlamaqla kifayətləndi... Amma bir məsələyə nədənsə diqqət o qədər də çəkilmədi: ictimai qınağı başa düşmək olar, amma şairə şeirinə görə rəsmi şəkildə töhmət vermək və onu ictimailəşdirmək, nüfuzlu bir ədəbiyyat adamını rüsvay eləmək nə qədər düzgündür? Və ən əsası bu, Mədəniyyət nazirinə yaraşarmı? 

Bununla bağlı AzNews.az-ın əməkdaşı bir neçə ədəbiyyat adamının fikrini öyrənib: 

Millət vəkili Aqil Abbas hesab edir ki, Azərbaycanda barmaqla sayılan 3-4 şairdən biri olan V.Bəhmənliyə qarçı bu münasibət ədalətli deyil: “Bu hadisə mənə çox pis təsir etdi. Əbülfəs Qarayev çox alicənab insandı. Biz onunla nazir olmamışdan öncə dostuq. İndi yazıb-yazıb da, bir şeirə görə Vaqif kimi şairi gözdən salmaq olmaz axı...” 

Şair Musa Yaqub hesab edir ki, belə bir şeirin yazılmasında qəbahət axtarmaq lazım deyil, amma şeirə görə cəza vermək çox qəbahətli bir işdir: “Şeirdən hiss olunur ki, onların yaxın münasibətləri var. Yaxın münasibət olmasa, belə şeir yazılmaz. Vaqif Bəhmənli də mənim dostumdur, yaxşı şair, gözəl insandı. 60 yaşı var. Özləri bilər, amma bu işçi-rəhbər arasında olan məsələ bu şəkildə qabardılmamalıydı. Sabah bu vəziyyəti hamımız yaşaya bilərik. Şairə bu münasibət şəxsən nazirə yaraşmayan işdir”. 

Şiri Şair Rüstəm Behrudi isə bildirib ki, Vaqif Bəhmənlini cəzalandırıb, ona töhmət vermək, cəmiyyətin, oxucuların gözündən salmaq cəmiyyətə də, ədəbiyyata da hörmətsizlikdi: “Əslində, Vaqif Bəhmənlinin nəyinə lazım idi ki, sıradan bir şəxsə deyil, övlət məmuruna şeir yazsın. Özü də bu cür şeir. Şeir poetik cəhətdən gözəldir. Amma bu sözlərin məmura yazılması Vaqif Bəhmənliyə yaraşmazdı. Vaqif Bəhmənli bütün həyatını ədəbiyyata, şeirə, sənətə həsr edən adamdır. Onun nəyinə lazım idi ki, bir nazirə yaranmaq üçün şeir yazsın?! Məsələn, mən həyatım boyu elə bir şey eləməzdim. Amma bütün bunlara baxmayaraq, şeirə görə Vaqif Bəhmənlini cəzalandırıb, ona töhmət vermək, cəmiyyətin, oxucuların gözündən salmaq düzgün deyil. O, şöhrətə sahib adam idi, böyük oxucu kütləsi vardı, cəmiyyətdə qəbul olunan şəxsdir, ona bu da azdır. Bu həmin Əbülfəs Qarayevdir ki, Azərbaycan mədəniyyətinin keşiyində durmaq əvəzinə mavi, hemoseksualist müğənniləri bura dəvət edib, Heydər Əliyev Sarayında, “Yaşıl Teatrda” xalqa sırıyır. Bir yerdə ədəbiyyatla bağlı fikirlərini deyib. Gedib öz işi ilə məşğul olmur. O, Azərbaycan ədəbiyyatı ilə bağlı yanlış fikirlər söyləyən adamdır. Əbülfəs Qarayev Vaqif Bəhmənlinin yazdığı şeirə layiq deyil . Vaqif Bəhmənli bunu bilirdi. Niyə yazırdı? Ona görə də, cəzasını çəkməlidir”.

Publisist Nəriman Əbdülrəhmanlı isə hesab edir ki, nazir Vaqif Bəhmənliyə sözə görə yox, dövlət qulluqçusunun etik normaları gözləməməsinə, yəni səhvə yol verdiyinə görə töhmət verib: “Bu da bir inzibati cəzadır. Bir də ki, əgər mətbuat məsələni bu qədər hallandırmasaydı, o şeir ictimai rezonans doğurmasaydı, tədbir görülməz, cəmiyyətə elan olunmazdı. Bir çox qurumlarda, məsələn, Azərbaycan Yazıçılar Birliyində isə belə şeyləri, əksinə, təqdir eləyir, mükafatlandırır, vəzifə verirlər”. 

Şair Aqşin Yenisey hesab edir ki, Vaqif Bəhmənli yaltaq adam olsaydı bu şeri peşəkarcasına hamıya "yedirərdi": “Görünür, xislətində yaltaqlıq yoxdur ki, bacarmadı. Vaqif Bəhmənlinin dostu Əbulfəs Qarayevə deyil, nazir Əbülfəs Qarayevə məhiyyə janrında şeir yazması nə qədər normal haldırsa, nazirin ona şerə görə töhmət verməsi də bir o qədər normalıdır. İkincisi, şerə görə şairə mükafat verirlərsə, deməli, töhmət də vermək olar. Ədəbiyyat inzibati idarəçiliyin yedəyinə çeviriləndə hər şey ana südü kimi halaldır”. 
AzNews.az V.Bəhmənlinin töhmət almasına səbəb olan şeiri təqdim edir:
Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…
AzNews.az 
 
 






Fikirlər