Bəzən dərdinə qulaq asacaq dost da tapa bilmirsən ...
Qəribədir, elə deyilmi? Dərdi, sıxıntısı olan 10-larla, 100-lərlə insanı dinləmiş, dərdlərinə şərik olmuşdun bəlkə də. Onlara çıxış yolu tapmaqda yardım etmiş, hətta gecələr onların dərdlərindən gözünə yuxu getməmişdi. İndi isə, sənin öz dərdinə qulaq asacaq, sadəcə dinləyəcək insan tapa bilmirsən. Hər kəsin öz dərdi, öz həyatı.. Kim özünü əlavə dərdlə yükləmək istəyər ki?.. Dərdini danışdıqda, qarşındakı bəzən səbrlə dinləyə belə bilmir, sözünü sona çatdırmana qədər dözüm göstərə bilmir, bezir.. Bəzən danışdığına belə peşman olursan.. Gözəl demişlər: “Dinləyəni deyil, anlayanı olmadığına görə səssizləşir insan..” Tanış gəlirmi sənə bu duyğular? Bütün bunlar bir şeyi sənə birdəfəlik öyrətmək üçündür. Allahdan başqa heç kim sənə yardım edəcək deyil. “O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir (haqq) ilah yoxdur. Ona görə də sən yalnız Ona bel bağla (təvəkkül et)!” (Quran, 73/9) Əmin ol, Allahdan başqa dərdini anlatdıqların sənə dərman ola bilməyəcək. İnsanlar səndən bezsə də, Allah bezməyəcək, səndən əsla üz çevirməyəcək. Axı sənə yaradan Odur.. Heç kimdən mərhəmət gözləmə, ən əzizlərin belə mərhəmətsiz ola bilirlər bəzən.. Allahdır daima rəhmli olan! Çünki O, mərhəmətlilərin ən mərhəmətlisidir! Bunu bil, dua, zikr və səcdələrlə dərdini Rəbbinə anlat. O, mütləq sənə yardım edəcək! Həm də heç gözləmədiyin bir şəkildə.. “Qullarım Məni səndən soruşsalar, “Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm…” (Quran, 2/186) İbn Qayyim demişdir: “Әgər dünyanın ağrı və acıları səni yorubsa, kədərlənmə! Ola bilsin ki, Allah – dua vasitəsi ilə sənin səsini eşitmək istəmişdir.. Sadəcə öz istək və arzularını səcdədə Ona ərz et və (elə oradaca) onları unut.. Və bil ki, (sən unutsan da), Allah unutmur..” (Bədəiul-Fəvaid) Ayxan Yaquboğlu