“Cavanlar universiteti bitirib teatra gələcəklər, bəs onlar kimə baxıb öyrənəcəklər?! Biz universiteti bitirib teatra gələndə böyük sənətkarların yanında çıxırdıq, onlardan öyrənirdik. Bəzən küçədə gedəndə soruşurlar ki, “Tariyel müəllim, niyə indi sizin kimi sənətkarlar yoxdur?” Mən də deyirəm çünki vaxtilə böyük sənətkarların yanında kütləvi səhnəyə çıxmışıq, balaca rollar oynamışıq. Onların hərəkətlərini oyun tərzlərini görəndən sonra belə olmuşuq. İndi bizim kimi yaşlı sənətkarları çıxarırlar, cavanlar da bilmir kimdən öyrənsin”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. O, daha sonra əlavə edib.
“Teatrın bir vaxtı var idi ki, tamaşaçılar gəlib afişaya baxırdılar, axşamkı tamaşada Yasin Qarayev, Tariyel Qasımov varsa bilet alırdılar. Bu həqiqətdir, bunu bizə administrator deyirdi. Hərhalda müdiriyyət bunu nəzərə almalı idi, amma almadı. Ağasadıq Gəraybəyli 90 yaşında idi, gözləri də görmürdü, amma “Əliqulu evlənir” tamaşasında oynayırdı” deyə sənətkar bildirib.
O daha sonra anasını xatırlayıb.
“Anamın 100 yaşı var idi, amma özü mənə qulluq edirdi. Gəlinə deyirdi ki, sən get otur, özüm edəcəm. Deyirdim ki, ay ana, sən özünü yorma. Deyirdi ki, sən 17 yaşından getmisən Bakıya, sənə qulluq edə bilməmişəm. İndi onun əvəzini çıxıram, yenə də mənim uşağımsan. Allah ona rəhmət etsin! Çox darıxıram onun üçün, indi başa düşürəm ki, insana hər yaşda ana lazımdır. Elə mənə də” deyə sənətkar bildirib.
Ads by
Reklamınızı SmartBee ilə effektiv edin.