Səhnəmizin ilk Leylisinin dünyaya gəlməsindən 130 il ötür (FOTO)
Bu gün Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Bəşir oğlu Bədəlbəylinin (Ağdamski) dünyaya gəlməsindən 130 il ötür.
Əhməd Ağdamski 1884-cü ilin soyuq qış günü, yəni yanvar ayının 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Əhməd Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, H.Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi. Üzeyir Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildi. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.
"Leyli və Məcnun" operasının 1909-cu ildəki proqramı. Ağdamskinin adı "Leyli" rolunda "Miri" kimi qeyd olunub.
Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. O illərdə Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını "Miri" yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür.
1915-ci il 116 saylı "Kaspi" qəzetində:
"Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar".
Ağdamski "Leyli" rolunu ifa edərkən dəfələrlə səhnədən düşməyən "Leyli və Məcnun" operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 Dekabr tarixli "Kaspi" qəzeti öz səhifələrində belə yazır: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".
Onun çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Beləliklə o, inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınmışdı. O, qadın rollarını elə artistlik məharətilə ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az olmurdu. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı. Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi. O, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxdı. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da Minnət, "Rüstəm və Söhrab"da Təhminə, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşüb.
Onun bir artist kimi yüksək keyfiyyətlərindən biri də oynaya bilməyəcəyi roldan bacarıqla imtina etməsi idi. Üzeyir bəy istəyirdi "Şeyx Sənan"da Xumarı Əhməd oynasın, lakin opera sırf muğam operası olmadığı üçün oxumaqda çətinlik çəkəcəyini əvvəlcədən hiss edən Ağdamski Xumardan boyun qaçırdı.
20-ci illərin əvvəllərində, artıq oxumadığı vaxtlarda belə Ə.Ağdamski bekar dayanmırdı. O zamanlar Əhməd bəy orkestrdə tar çalırdı. Sonralar Leyli rolunun daha bir kişi ifaçısı yarandı – Hüseynağa Hacıbababəyov idi.
1934-cü ildən başlayaraq ömrünün sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs verirdi. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında hörmət qazanaraq və el məclislərində yaxından iştirak edirdi. Rayona gəldiyi gündən Ə. Ağdamski kaman ustası, gözəl musiqiçi Habil Əliyevgilin evində kirayənişin qalıb. Uşaqlıq çağlarından Habil Əliyev onu "Əhməd əmi" deyə çağırmış, indi də xatirələrində "Əhməd əmi" kimi qalıb. Sirr deyil ki, Habil Əliyevin musiqiyə gəlişində, müşayiətçi kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri çox böyük rol oynayıb.
1943-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Qeyd edək ki, Ə.Adamskinin həyat və yaradıcılığını, pedaqoji fəaliyyətini əks etdirən materiallar demək olar ki, yox səviyyəsindədir.