Peyğəmbər bağçasının gülləri...- MARAQLI FAKTLAR

 

“Həqiqətən biz sənə Kövsər bəxş etdik! Ona görə də bu nemətlərə şükr edərək Rəbbin üçün namaz qıl və qurban kəs! (Oğlanların vəfat etdiyi zaman sənə sonsuz deyən) düşmənin özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)”. Quran, “Kövsər” surəsi.

Fəxri-kainat Peyğəmbərimiz Məhəmməd əleyhissalamın (Ona Allahın salamı olsun!) Həzrət Xədicədən Qasım və Abdullah adında iki oğlu, Mariya adlı kənizindən isə İbrahim adında bir oğlu olsa da, hər üçü körpə yaşında vəfat etmişlər. Odur ki, Peyğəmbərimizin nəsli qızları vasitəsi ilə davam etmişdir. Bunu nəzərə alıb Məhəmməd əleyhissəlamın qızlarının həyatını araşdırmaq qərarına gəldik.
Həzrət Peyğəmbərin qızlarını çox sevməsinin və onları yüksək dəyərləndirməsinin o dövrün sosial-mənəvi mühiti üçün böyük önəmi var idi. Qadınların bütün hüquqlardan məhrum olduğu bir zamanda Allah Rəsulunun qızlarına bəslədiyi dərin sayqı və ata sevgisi, onları nümayişkəranə şəkildə yüksək qiymətləndirməsi cəmiyyətin mənəvi-etik dünyagörüşündə əsl inqilab idi.
Qeyd edək ki, İslam Peyğəmbərinin Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə adında dörd qızı olub ki, bunların hamısının anaları möminlərin anası Həzrət Xədiceyi Kübradır (Ona Allahın salamı olsun!). 
Yeri gəlmişkən, Xədicə anamız İslama ilk girən və onu canı və var-dövləti ilə dəstəkləyən ilk şəxsdir. Rəsulullah onun haqqında belə buyurmuşdur:
“Zamanının ən xeyirli qadını Məryəm idi. Bu zamanın da ən xeyirli qadını Xədicədir”
Peyğəmbərimiz onu vəfatından sonra belə, bütün xanımlarından üstün tutardı. Xədicə anamız həyatda ikən Məhəmməd əleyhissəlam başqa qadınla evlənməmişdir. 
PEYĞƏMBƏR QIZI ZEYNƏB
Həzrət Zeynəb Peyğəmbər bağçasının ilk gülü olmaqla, qızlarının ən böyüyüdür. Hicrətdən iyirmi iki il əvvəl Məkkədə doğulmuşdur. Dayısı oğlu (anası Həzrət Xədicənin qardaşı oğlu) Əbu Asla evlənmişdir. Evlilikləri İslamdan əvvəl olduğundan, İslamın ilk illərində əriylə özü arasında müəyyən problemlər yaşanmışdır. Belə ki, müsəlmanlar Mədinəyə hicrət edərkən, bütpərəst əri Zeynəbi köçməyə qoymadı. Peyğəmbərin kürəkəninin İslamı qəbul etməməsi möminləri nə qədər məyus edirdisə, Məkkə müşriklərini bir o qədər sevindirirdi. Hətta bir dəstə müşrik Əbu Asın yanına gələrək təklif etdilər ki, Məhəmmədin qızını boşamaq şərti ilə ona Məkkə zadəganlarından kimin qızını istəsə, ala bilərlər. Əbu As onları dinlədikdən sonra belə cavab verdi: 
-Mən belə bir işi görə bilmərəm. Zeynəbi çox sevirəm, onu heç bir qadına dəyişmərəm. Təklifinizi rədd edirəm.
 Allah Rəsulu bu əhvalatı eşitdikdə kürəkəninin ağlını təqdir etmişdir.
Zeynəbin hicrətinə izn verməyən Əbu As Bədr döyüşündə bütpərəstlərin tərəfində vuruşmuş və müsəlmanlara əsir düşmüşdü. Xəbəri alan Zeynəb İslam qanunlarına uyğun olaraq fidyə müqabilində ərini azad etmək üçün Mədinəyə adam göndərdi. Fidyə Allah Rəsulunun önünə qoyulduqda, o, qəmləndi və mübarək gözləri yaşla doldu. Çünki fidyə olaraq göndərilən Həzrəti Xədicənin qızı Zeynəbə evlilik hədiyyəsi olaraq verdiyi gərdənlik idi. Allah Elçisi əshabələrinə dönərək dedi: “Bu fidyəni almaq sizin haqqınızdır, fəqət mən sizdən rica etsəm Əbu Ası fidyə almadan buraxarsınızmı?” Əshab bunu sevərək qəbul etdi və Əbu Ası sərbəst buraxaraq, gərdanlıqla birlikdə Məkkəyə yola saldılar. Rəsul ondan Zeynəbi Mədinəyə göndərmək vədini almağı da unutmadı.
Əbu As vədinə əməl edərək Zeynəbi Peyğəmbərin göndərdiyi elçilərə qoşaraq Mədinəyə yola saldı. Fəqət yolda Məkkə müşrikləri Peyğəmbər qızına hücum etdilər. Həbbar adlı bir bütpərəstin zərbəsi ilə dərədən yıxılan Zeynəb bətnində olan körpəsini itirdi (həmçinin bu yıxılmadan aldığı xəsarət bir neçə ildən sonra Zeynəbin ölümünə səbəb olacaqdır). Həzrət Zeynəbin çəkdiyi bu və digər zillətlərə görə Rəsulullah:
“O, mənə görə əziyyətlərə məruz qalan ən xeyirli qızımdır” – buyurmuşdir. (Təbərani, Kəbir, XXII,431- 1051)
Zeynəb Mədinədə Peyğəmbər atasının yanında xoşbəxt həyat sürməkdə ikən, hicrətin altıncı ilində Əbu As bir ticarət karvanının başında Mədinə yaxınlığından keçirdi. Bu vaxt İslam ordusu bütpərəstlərin karvanına hücum etdi və bütün malları ələ keçirdi. Bu vaxt Əbu As birtəhər canını qurtararaq Mədinəyə girdi və Zeynəbi taparaq, ondan sığınacaq istədi. Peyğəmbər Əfəndimiz qızının verdiyi amanı qəbul etsə də, ona belə tapşırdı: “Qızım, Allah müsəlman qadınlarının müşrik kişilərlə təmasını qadağan etmişdir. Nigahda da olsan Əbu Asa yaxınlaşma”.
Bütün bunlardan sonra Rəsulullah əshablara xitab edərək buyurdu: “Sizlər əl qoyduğunuz malların sahibisiniz. O mallar sizin ən təbii haqqınız olan qənimətlərdir. Ancaq mən rica etsəm öz razılığınızla o malları əvvəlki sahibinə qaytarma comərdliyini göstərərsinizmi?” Onlar hamısı bir ağızdan: “Məmnuniyyətlə” - deyə cavab verdilər və karvan mallarından əllərinə keçən hər şeyi qaytarıb Allah elçisinin önünə qoydular.
Əbu Asa mallarıyla birlikdə Məkkəyə dönməkdə sərbəst olduğu bildirildi. Bu anda Əbu As əshaba xitabən dedi: “Sizlər mənim bütün mallarımı gətirib mənə qaytardınız və azad olduğumu bildirdiniz. Artıq rahat gedə bilərəm. Ancaq mən belə etmirəm, hüzurunuzda Kəlmeyi Şəhadət gətirərək müsəlmanlığımı elan edirəm. Bunu az öncə etsəydim, malları almaq üçün bəhanə olduğunu düşünərdiniz”. Bu bəyanat hər kəsi, ən çox da Zeynəbi sevindirdi. Həzrət Peyğəmbər qızını dərhal yanına çağıraraq bu əmri verdi: “Artıq yeni nigah mərasiminə lüzum qalmadan, ərinə təslim ola bilərsən”.
Əbu Asın Həzrət Zeynəbə çox böyük bir sevgi və sayğıyla bağlı olduğu bəlli olur. Ayrı qaldıqları illər həmişə Zeynəbi anmış və onun eşq və xatirəsini müqəddəs bir əmanət kimi qorumuşdur. Mənbələr Əbu Asın ticarət yolçuluqlarında xanım Zeynəb üçün həsrət şeirləri tərənnüm etdiyini bildirirlər. Nəhayət, bu təmiz yaradılışlı insan səbrinin və sədaqətinin mükafatını görərək, həm xanımına, həm də İslama qovuşdu.
Həzrət Zeynəbin Əbu Asla nigahından Əli adında bir oğlu, Ümamə adlı bir qızı dünyaya gəldi. Əli körpə yaşda vəfat etdi. Ümamə isə, xalası Həzrət Fatimənin vəfatından sonra Həzrət Əli ilə evlənəcək, Əli əleyhissəlamın şəhadətindən sonra isə Əbdülmütəllibin nəvələrindən olan Müğirə ibn Nöfəl ibn Harislə həyatını birləşdirəcəkdir. 
Müdrik əl-Əzdi belə nəql edir: “Atamla birlikdə (cahiliyyə) həcci edirdim. Minaya gəlib yerləşdikdə bir qrup adam gördüm. Atamdan: 
- Bu camaat nə üçün toplanıb? – deyə soruşdum.
Atam:
-Qövmünün dinini tərk etmiş olan bir şəxs üçün – dedi. Göstərdiyi tərəfə baxdıqda Rəsuli-Əkrəmi gördüm:
“Ey insanlar! La ilahə illallah” deyin, nicat tapın” – deyirdi. 
İnsanlardan kimi onun üzünə tüpürür, kimi başına torpaq atır, kimi də ona söyüş söyürdü. Günortaya qədər bu vəziyyət davam etdi. O əsnada yaxası açılmış bir qız əlində su dolu qab və dəsmal olduğu halda gəldi. Ağlayırdı. Kainatın fəxri Peyğəmbərimiz qabı alıb sudan içdi, əl-üzünü yudu. Başını qaldırıb:
-Əziz qızım, yaxanı başörtünlə ört! Atan haqqında tələ qurulub öldürüləcək və zillətə salınacaq, deyə qorxma! – buyurdu. 
Bunun kim olduğunu soruşdum, “Qızı Zeynəbdir!” – dedilər (Heysəmi, VI, 21).
Həzrət Zeynəb 31 yaşında, hicrətin səkkizinci ilində Mədinədə dünyaya vida etdi. Rəsulullah cənazə namazını qıldıqdan sonra hüznlü və qədərə razı bir halda qəbrə endi. Bir az dayandıqdan sonra çıxdı və:
- Zeynəbin zəifliyini düşünərək ona qəbir sıxıntısını və hərarətini xəfiflətməsi üçün Allaha dua etdim. Allah-təala da bu istəyimi qəbul edib qəbir əzabını ona xəfiflətdi” – buyurdu (İbn Əsir, Üsdül-Ğabə, VII, 131).
PEYĞƏMBƏR QIZI RUQİYYƏ
Həzrət Ruqiyyə xanım Peyğəmbər bağçasının ikinci gülüdür. Həyatı barədə məlumatlar çox azdır. Zeynəbdən 2 yaş balacadır.
İlk nişanı Əbu Ləhəbin oğlu Ütbə ilə olmuşdur. Həzrət Məhəmməd əleyhissalam Peyğəmbərliyini bəyan edəndə, Əbu Ləhəb ona qarşı çıxmış və ömrü boyu Peyğəmbərlə mübarizə aparmışdır. Bu səbəbdən oğlundan tələb etmişdir ki, Məhəmmədin qızı ilə nişanını pozsun. Oğlu da Peyğəmbərin qızı ilə nişanını pozub, kafirlərdən birinin qızı ilə evlənmişdir.
Qeyd edim ki, “Quran”ın 111-ci surəsi Əbu Ləhəb haqqında nazil olmuş və surədə Əbu Ləhəb lənətlənərək, Peyğəmbərə verdiyi əziyyətə görə əllərinin quruması hökm olunmuşdur. Surə nazil olandan bir qədər sonra, həqiqətən də Əbu Ləhəbin əlləri qurumuşdur.
Həzrət Ruqiyyə bundan sonra Peyğəmbər Əleyhissəlamın yaxın dostu və silahdaşı Həzrət Osmanla ailə qurmuşdur. 
Onların nigahından Abdullah adında bir oğlu dünyaya gəlmiş, altı yaşında gözünü xoruz dişləmiş, aldığı bu yaradan vəfat etmişdir.
Rəsulullah Həbəşistana hicrət edən Həzrət Osman və qızı Ruqəyyədən bir müddət xəbər ala bilmədi. O, tez-tez yola çıxar, o tərəflərdən gələnlərdən övladlarının xəbərini soruşardı. Qüreyşdən bir qadın Həbəş diyarından gəldi. Rəsuli-Əkrəm qızı və kürəkənini ondan da soruşdu. O da:
- Ey Əbul-Qasım, mən onları gördüm – dedi.
Allah Rəsulu:
- Necədirlər, yaxşıdırlarmı? – deyə soruşdu. 
Qadın:
- Osman Ruqiyyəni bir uzunqulağa mindirib aparır, özü də arxasınca gedirdi, – dedi.
Həzrət Peyəmbərimiz:
- Allah yar və yardımçıları olsun! Şübhəsiz ki, Osman Lut Peyğəmbərdən sonra ailəsi ilə birlikdə Allah üçün hicrət edən ilk insan oldu, – buyurdu. (Ali əl-Müttəqi, XIII, 63). 
Həzrət Osman çox gözəl bir insan, həyat yoldaşı üçün layiqli bir ər idi. Həzrət Rüqiyyə də eyni şəkildə çox gözəl bir xanım idi. 
Rəsulullah çox sevdiyi Üsamə bin Zeydi uşaq ikən bir qab yeməklə onların evinə göndərmişdi. Kiçik uşaq evə gəldikdə bu iki gözəl insan qarşısında qeyri-ixtiyari bir Həzrət Osmana, bir də Ruqiyyəyə baxmağa başladı. 
Sonra Peyğəmbərimizin yanına qayıtdı. Allah Rəsulu:
- Yanlarına getdinmi? – deyə soruşdu. 
Üsamə:
- Bəli, – dedi.
Aləmlərin fəxri:
- Yaxşı, heç onlardan daha gözəl cütlük gördünmü? –buyurdu.
Usamə də:
- Xeyr, Ya Rəsulallah! – deyə cavab verdi (Suyuti, Tarixul Xüləfa, s. 150).
Həzrət Osman xanımı Ruqiyyə ağır xəstə olduğu üçün Peyğəmbərimizin izni ilə Bədr döyüşündə iştirak etməmişdi. Həzrət Ruqiyyə ordu Bədirdə olduğu əsnada vəfat etmiş, zəfərin müjdəsi Mədinəyə çatdığı gün torpağa verilmişdi. Feli olaraq Bədrdə iştirak etməməklə birlikdə Həzrət Peyğəmbərimiz Həzrət Osmanı Bədrdə iştirak edənlərdən saydı və qənimətdən ona da pay ayırdı (İbnul-Əsir, Üsdül-Ğabə, III, 586).
Həzrət Ruqiyyə 24 yaşında Mədinədə vəfat etmiş, Baqi qəbiristanlığında dəfn edilmişdir. 
(ardı var)
Paşa Yaqub - tədqiqatçı-yazıçı






Fikirlər