22 MART - Ümumdünya SU Resursları GÜNÜdür
22 mart - Ümumdünya Su Günü və ya Su Resursları Günüdür. Bu gün BMT-nin Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli Qətnaməsinə əsasən elan edilib. AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasına, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyənləşdirilməsinə və bu barədə maarifləndirmənin təmin edilməsinə, təmiz su ehtiyatlarının sürətlə azalması səbəbindən yaranacaq təhlükəli vəziyyətə diqqət çəkməkdir. Hər il bir deviz altında keçirilən Ümumdünya Su Resursları Gününün builki mövzusu “Su üçün təbiət”dir. Hazırda dünyada 2,1 milyard insan evlərində təhlükəsiz və sağlam su olmadan yaşayır. Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axınının hesabına formalaşır. Hazırda Bakı şəhərində yaranan çirkab suları Hövsan, Sahil, Buzovna, Mərdəkan-Şüvəlan və Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. AzerTaym.az