“Ay bədbəxt, yaşa da, de, gül - niyə düşmənçilik edirsən?!” - Məşhur teleaparıcıdan olay kimi müsahibə, FOTOLAR

“Ay bədbəxt, yaşa da, de, gül - niyə düşmənçilik edirsən?!” - Məşhur teleaparıcıdan olay kimi müsahibə, FOTOLAR

Mikayıl Güləddinoğlu: “Çal-çağırın” ssenaristi olanda, “Toppuş bacı”, “Key xanım” obrazlarını mən yaratmışam” 

 

“Space” telekanalında  yayımlanan “Sevimli mahnı” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu “Yeni Müsavat”ın redaksiyasında qonağımız oldu. 
Aparıcılıq etdiyi verilişlərə görə tez-tez tənqidlərə məruz qalan teleaparıcı suallarımıza çox səmimi cavab verdi. İzləyicilər və oxucular daha çox onu “Sevimli şou”nun aparıcısı kimi tanıyır. MTRŞ-nin qərarı ilə proqramdan uzaqlaşdırılan müsahibim ilə söhbətə lap əvvəldən, televiziyaya gəlişindən başladıq:
- Mədəniyyət və İncəsənət Universitetinə öz istəyimlə qəbul olmuşam. İxtisasım ədəbi yaradıcılıq və ekran dramaturgiyasıdır.Mən bilirdim ki, aparıcı olacağam, ona görə  hazırlaşırdım. Elçin Əlibəyli ilə tanış olandan sonra “Çal-çağır” verilişinin ssenaristi oldum. “Toppuş bacı”, “Key xanım”ı mən yaratmışam. Bir müddət sonra isə düşündüm ki, artıq tamaşaçı qarşısına aparıcı olaraq çıxmalıyam. İlk dəfə efirə “Davam və tamam” verilişinin aparıcısı kimi çıxmışam. Sonra isə öz verilişimi açmaq qərarına gəldim. “Olduğu kimi” adlı proqramla tamaşaçı qarşısına çıxdım. Beləliklə, o vaxtdan efir həyatım davam edir.
- Ən çox tənqid olunan aparıcılardansınız. Bu sənəti seçməyə peşman olmamısınız?
- Heç vaxt mənə yaxınlaşıb deməyiblər ki, pis aparıcısan, səni bəyənmirik. Məni tənqid edənlər xüsusi seçilmiş insanlardır, onlar xalq arasında mənim barəmdə mənfi rəy yaradırlar. Məsələn, yoldan keçən birini göstərib mən də, yanımdakı da desə pis insandır, siz inanacaqsınız. Məni sosial şəbəkədə tənqid edənlər xüsusi təşkil olunmuş insanların küyünə gedir. Görürlər ki, filankəs pisləyir, fikirləşirlər ki, yəqin pisdir, biz də vuraq. Mən bir-bir qapı döyüb deyə bilmərəm ki, yaxşı insanam, sizin düşündüyünüz kimi deyiləm. Bir dəfə məni təhqir etmiş şəxsin ünvanını tapdım, Sumqayıtdakı evinə getdim. Qapını həmin şəxsin atası açdı, bildirdi ki, oğlu əsgərdir. Həmin əsgərlə danışdım, telefonda üzr istədi. Aparıcı olduğum üçün heç vaxt peşman olmamışam.

“Bir dəfə məni təhqir etmiş şəxsin ünvanını tapdım, evinə getdim. Qapını üzümə atası açdı. Sən demə, oğlu əsgər imiş...” 

- MTRŞ-nın qərarı ilə sizi “Sevimli şou” verilişindən uzaqlaşdırdılar. Efirə “Sevimli mahnı” ilə qayıtdınız. Yeni verilişiniz əvvəlki kimi sevilir? “Sevimli şou”nun hazırda reytinqi necədir?
- Böyüklərin (red. MTRŞ-ni nəzərdə tutur) qərarı ilə mən proqramdan uzaqlaşdırıldım. “Sevimli mahnı” “Sevimli şou” qədər sevilmir. Böyük kütlə, xüsusilə, bölgə sakinləri “Sevimli şou”nu sevirdi. Orada istifadə etdiyim sözlər, göstərdiyim şou insanlara doğma idi. Hazırda “Sevimli şou”nun aparıcısı Ramil Əliyevdir, onunla yaxşı münasibətimiz var, gözəl insandır. Reytinq məsələsindən danışmaq istəmirəm.  Bəlli məsələdir.
- Verilişlərinizin bu qədər tənqid olunmasının səbəbi nədir?
- Deyirlər ki, toyxanaya oxşayır. Mən şou proqram aparıram, şouda nə edərlər? Oynayarlar, oxuyarlar. Türkiyə telekanallarının verilişlərində bütün millət ayaq üstə oynayır. Oynamaq qəbahətdir? O oynayanlar kiminsə anası, atası, bacısıdır. Mən yanlış  nəsə göstərmirəm, “Sevimli şou”ya 500-600 adam gəlirdi. İndi “Sevimli mahnı”ya gəlmir.
- Belə başa düşdüm ki, tamaşaçı Mikayılın apardığı “Sevimli şou”nu istəyir?
- Bəli, istəyir. Çünki o proqram onlara əziz idi. Böyüklərin (red. MTRŞ-ni nəzərdə tutur) məsləhəti ilə razılaşmaq bizim borcumuzdur.

“Məni söyənlər bir dəstə öyrədilmiş adamlardı, başqaları da onların küyünə gedir”

- “Parni iz Baku”, “Bu şəhərdə” komandaları sizi parodiya edib. Onlardan incimədiniz? 
- Bundan gözəl fəxarət ola bilər? Bu gün Azərbaycan yumor səhnəsinin krallarının məni parodiya etməsi mənə xoşdur. Onlar böyük kütləni ətrafında cəmləyə bilir, xalqın sevimli nümayəndələri Mikayılı parodiya edirsə, bu addım mənə şərəfdir. “Bu şəhərdə”nin konsertinə ailəmlə getmişdim, həzz aldım. 

“Silikon dodaq, botokslu üzlə satıcı, sürücü işləyirsən”

- Bir az da kişi həmkarlarınızdan danışaq. Müsahibələrinizin birində demişdiniz ki, “Nazlı kişi həmkarlarımı qıracağam”. Hələ də fikrinizdə qalırsınız? 
- Bir şeyi bilmək lazımdır ki, gün gələr səsin tutular, ayağını itirərsən, od düşər üzün yanar və efirlik olmazsan. Teleaparıcı elə simada olmalıdır ki, sabah televiziyadan uzaqlaşanda satıcı, fəhlə işləyə bilsin. Məsələn, müğənni və ya aparıcı olmusan. İş elə gətirib ki, sənətini dəyişmisən. Silikon dodaq, botokslu üzlə satıcı, sürücü işləyirsən. Elə satıcı, sürücü olar? Ona görə insan hər zaman simasını qorumalıdır. Bu fikirlər hər kəsə aiddir. Mənim həmkarlarım ilə problemim yoxdur. Əksəriyyəti ilə dostam. Onlar da məni yaxşı tanıyır, onlara irad bildirməyim doğru olmaz. Zaur Kamalın tərzini çox xoşlayıram. Uzun illərdir Zaur Baxşəliyevi tanıyıram. Şəxsi tanışlıqğım olmayanlara da hörmətim var.
- Müsahibədən öncə söhbət zamanı dediniz ki, şou-biznes adamı deyilsiniz. Sənətçilərlə işləmək çətin deyil? Onlarla aranızda hansı çərçivələr var?
- Münasibətimizə sərhəd qoymamışam, əlaqələrimiz yaxşıdır, heç kimlə düşmən deyiləm. Bəzən olur ki, arada sözgəzdirən insanlar münasibətləri pozmaq istəyir, amma heç nə alınmır. İnsan hər kəsi, hər şeyi sevməlidir. İnsan ömrü çiçəyə bənzəyir, bir gün solur. Sabah solacağıqsa, niyə qəlb qırırıq? Ay bədbəxt, yaşa da, de, gül, niyə düşmənçilik edirsən? Hər şeyi yaxşı görmək lazımdır.

“Deyirlər, verilişin toyxanaya oxşayır. Mən şou proqram aparıram, şouda nə edərlər? Oynayarlar, oxuyarlar. Oynamaq qəbahətdir?”

- Televiziyada nəyi dəyişmək istərdiniz?
- O, mənim haqqım deyil. Sadəcə anlamaq lazımdır ki, tamaşaçı nə istəyirsə, onu verməlisən. Düzdür, aparıcı kütləni arxası ilə aparır, onların savadlanması, milli dəyərlərə sahib çıxması istiqamətində yönləndirir. Amma böyük axına qarşı üzmək olmaz. 
- Reytinqlərə baxsaq, görərik ki, tamaşaçıların fikirləri də təzadlıdır. Həm televiziyanı toyxana adlandırırlar, həm hə sözügedən verilişləri daimi izləyirlər.
- İnsanların arasındayam, cəmiyyətin ən müxtəlif təbəqələri ilə ünsiyyətdə oluram. Mənə yaxınlaşıb  “Sevimli şou”nu aparmağımı istəyirlər. Deyirlər, “Sevimli mahnı”ciddidir, dəyiş. Tamaşaçı onu istəyir. Mənim göstərdiyim şouda ağır kəlmə, əxlaqsız hərəkət yoxdur. “Sevimli şou” bütün yaş kateqoriyasından olan hər kəsin baxacağı proqramdır. Mən toylarda 1 dəfə oynayıb, otururam. Amma proqramda deyib-gülüb oynayıram, şou göstərirəm. Çünki məndən bunu tələb edirlər.
- Aparmaq arzusunda olduğunuz proqram varmı?
- Hansı veriliş olsa, apararam, savadsız deyiləm, məktəbi, universiteti əla qiymətlərlə bitirmişəm. Müəllimlərim də təsdiq edə bilər ki, gözəl ssenarilər yazmışam. Başqa aspektdə olan veriliş apara bilərəm, amma mənim ürəyimdən gələn şoudur. Şou proqramda evdə balalarıma qarşı necə oluramsa, tamaşaçı ilə də elə rəftar edirəm. Balalarım üçün evdə dombalaq aşıram, it, pişik oluram, obrazlara girib nağıllar danışıram. 37 yaşım olacaq, hələ də 7 yaşımdakı kimi ərköyünəm. Balalarımla bərabər evdə anama, həyat yoldaşıma ərköyünlük edirəm. Mən heç vaxt dəyişmərəm, Allah qismət etsə, 60 yaşımda da şou proqram aparacağam.

“Balalarım üçün evdə dombalaq aşıram, it, pişik oluram, obrazlara girib, nağıllar danışıram”

 
- Hansı yerli proqramları izləyirsiniz?
- Mənim verilişim  tipli proqramları daha çox izləyirəm. Zaur Kamalın “5/5”, “Ay Zaur”, Zaur Baxşəliyevin, Azər Axşamın proqramlarını izləyirəm. Proqramlara hər yönümdən baxıram. Adlarını çəkdiyim aparıcılar peşəkardı, mən olmayanda onlar vardı. Mən sonradan gəlib o sıraya qoşulmuşam, onları izləməliyəm. Mənə maraqlı gəlir ki, niyə bir telekanal digərinin aparıcısı, özü haqda süjet vermir. Mənə deyirlər ki, digər telekanaldakı həmkarının adını çəkmə. Burada qəbahət yoxdur. Çünki onların reklama ehtiyacları yoxdur, öz sahələrində sözlərini deyiblər.
- Siyasətlə maraqlanırsınız? Siyasi yönünüz nədir? 
- Siyasətlə maraqlanmıram, qarışmıram.  Hazırda yaşadığımız Azərbaycandan çox razıyam. 
- Xarici ölkələrdə sənət adamları siyasətlə məşğul olmağı, ölkədə baş verən siyasi proseslərə fikir bildirməyi normal sayır sayır. Bizdə isə hamı siyasətdən oddan qorxan kimi qorxur.
- Qorxmuram, çəkinmirəm. Siyasətdən xəbərsizəm. Hər halda hər şey gözəldir.
- Efirdən kənarda Mikayıl necə biridir? 
- Sadə insanam, insanlara qarşı səmimi olmağa çalışıram. Mürəkkəb olub nə edəcəyəm? Bəzi sənətçilərə qarşı səmimi olan zaman elə bilirlər ki, Mikayılın onlara borcu var. Yenə də gülüb keçirəm. Yaxınlarımı itirdikdən sonra anladım ki, təkəbbürlü olmağa dəyməz. Zaman qısadır, bəlkə sabah öləcəyəm.
- Bəzi sənət adamları, teleaparıcılar bildirirlər ki, göz önündə olmaqdan, məşhurluqdan bezirlər, insanlar arasında rahat gəzə bilmirlər. Onların fikirlərinə münasibətiniz necədir? 
- Cəmiyyət içərisində kimsə səni tanıyırsa, deməli, xoşbəxtsən. Onlar süni danışır. Mən bazara da, maketə də gedirəm, insanların içərisində olmaq xoşdur. Kimsə mənimlə foto çəkdirirsə, deməli, xoşbəxtəm. Bəzən deyirlər ki, filan yerdə oturma, sənə yaraşmaz. Orada oturan adamdan artıq deyiləm, o insanlarla məni yalnız peşəmiz ayırır, mənə Allah şans yaradıb, efirdə görünürəm, o isə fəhlədir. Mən bu üstünlüyümə görə təkəbbür göstərsəm, cahil insan olaram.

“Səhər 6-da Ağcabədidən toydan gəlib, 2 saat yatıb, Sabirabada toya gedirdim. Səhər efirə çıxırdım. Tamaşaçının nəyinə lazımdır ki, mən iki toyda olub, yorulmuşam. Efirə çıxıb oynayıb, deyib-gülmüşəm. Bəzən yorğunluqdan sükan arxasında yatmışam” 

- İki qız atasısınız. Övladlarınızın tərbiyəsi ilə kim məşğul olur?
- Övladlarımın birinin 3, digərinin 5 yaşı var, onların nazlanmaq, əzizlənmək vaxtıdır. Uşağı tənbeh etmək, vurmaq da olar, amma bunları qanan vaxtı edərlər. İndi qızım mənə “ata, it ol” deyir, ona nəyi başa sala bilərəm? Övladlarımla əsasən həyat yoldaşım məşğul olur, mən də asudə vaxtlarımı onlarla keçirirəm. Mən əziyyətli uşaqlıq keçirsəm də, övladlarım deyəcək yaxşı uşaqlıq keçiriblər. Onlar beşikdən qalxana qədər ev aldım, maddi durumumu düzəltdim. Səhər 6-da Ağcabədidən toydan gəlib, 2 saat yatıb, Sabirabada toya gedirdim. Səhər efirə çıxırdım. Tamaşaçının nəyinə lazımdır ki, mən iki toyda olub, yorulmuşam. Efirə çıxıb oynayıb, deyib-gülmüşəm. Bəzən yorğunluqdan sükan arxasında yatmışam. Allah məni qoruyub. Düşünürəm ki, övladlarım üçün yaxşı atayam.
 - Eyni zamanda yaxşı həyat yoldaşısınızmı? 
 
- Əlbəttə yaxşı ərəm. Hər ailədə söz-söhbət ola bilər, mübahisə düşər, hər gün can-deyib can eşitmək olmaz, bir gün zəhrimar deyirsən. Allah ailə arasına xəyanət girməsindən qorusun. Həyat yoldaşıma heç vaxt xəyanət etmərəm. Deyirlər ki, insan heç nədən sığortalanmayıb. Xəyanət məsələsi buraya aid deyil. Xəyanətdən sığortalana bilməyən evlənməsin. Deyirlər ki, evlənməyə, ərə getməyə qorxurlar. Buna səbəb kimi boşanma sayının artığını göstərirlər. O insanlar özünə əmin olmayanlardır. Mən eyni zamanda yaxşı övladam. Zamanında qapıdan-qapıya köçmüşük, kirayə qalmışıq, valideynlərim əziyyət çəkib, anam xəstəlik tapıb. Əziyyət  görən valideynlərimi  yaxşı şəraitdə yaşadıram. Atamı 6 ildir ki, işləməyə qoymuram. Allah mənə oğul övlad qismət etsə, mənə oxşasın, o zaman xoşbəxt olaram.
- Bəs övladlarınızın teleaparıcı olmasını istəyərsiniz?
- Oğlum olsa, istəyərəm, qızımın bu sahədə olmasını istəmirəm. Allah qızı zərif, kəsik yaradıb. Mənimlə qadın müğənni yoldaşlar məcburiyyətdən toylara gedir, evlərinə gecə saatlarında qayıdırlar. Balasını böyütməlidir, ona görə bu məşəqqətlərə dözür. Qızım niyə əziyyət çəksin? Qız xoşbəxt olmalıdır. Mən şair deyiləm, amma qızlarıma “Qızım gəlin köçəcək, mən hələ yatmamışam” şeirini yazmışam. Uşaqlarım olandan kövrək olmuşam, filmə baxıb ağlayıram. Yeganə varlıq övladdır ki, insan onun üçün ölümə gedər.
 - Bir az da toylardan danışaq. Devalvasiyadan sonra toyların sayı azalıb, sənət adamları da Vergilər Nazirliyinin vergi tələb etməsindən sonra getdikləri el məclislərini gizlədir. Deyirlər, Mikayıl da toya yüksək qonorara gedir.
 

 - Vergimi vaxtında ödəyirəm. Əgər qazanıramsa, vergimi ödəməliyəm. Haqqımda absurd şeylər danışırlar. Bir adama qiymət deməmişəm, kimin imkanı nəyə çatır, o qədər verib. 100 manat da, 1000 manat da versələr, gedirəm. 100 manat alanda da şükür etmək lazımdır, heç kim adama havayı 20 qəpik də vermir. Əsas odur ki, insanı istəyib toya dəvət edirlər, vay o günə ki, gözdən düşəsən, səni sevməyələr. Efir adamı üçün xalqın gözündən düşməyi fəlakət sayıram. Bu sahə elədir ki, zaman gəlir, dəbdən düşürsən. İnsanın qazanc yeri olmalıdır.
 - Ssenari yazmağı bacarırsınız. İki ildir ki, yerli serial və filmlərin çəkilməsi geniş vüsət alıb. Film, serial  çəkməyi düşünmürsünüz?
 - Yeni film və serialları izləyirəm. Rejissor Rövşən İsaxın çəkdiyi  “Vicdan haqqı” serialını çox bəyənirəm. Nəhayət, bizdə alınıb. Hələ ki, belə fikrim yoxdur.

“Nə zamansa filmə çəkilsəm, sevgili obrazını əla  yaradaram, amma evdə problemlə üzləşərəm. Həyat yoldaşım qısqanar” 

 
- Həmkarlarınız özünü aktyor kimi sınayır. Aktyorluq arzunuz var? Mikayıl hansı obrazı canlandıra bilər?
 - Yaxşı aktyor ola bilərəm. Çünki maraqlı kitablar oxuyur, filmlər izləyirəm. Aktyorluq etməyə zaman lazımdır. Film insanın vaxtını alır. Bəlkə də, vaxt gələcək aktyorluq edəcəyəm, bəlkə də özüm film çəkəcəyəm, nə bilmək olar. O vaxt övladlarımı yerbəyer edəndən sonra olacaq. Hazırda işim yuvam, övladlarım üçün çalışmaqdır. Mənfi obrazı oynamaq istəmərəm, mülayim adamam, istəmirəm məni mənfi görsünlər. Ata obrazını oynayaram. Sevgili obrazını da yaradaram, amma evdə problemlə üzləşərəm. Həyat yoldaşım qısqanar.
- Həyat yoldaşınız çox qısqancdır?
- Həyat yoldaşım məndən 12 yaş kiçikdir. Sevgi, hörmət olan yerdə qısqanclıq olur. Ona qarşı da ərköyünlük edirəm, istəyirəm mən deyən olsun. Məndən kiçik olsa da, məni anlayır, dəstək olur, kaprizimə dözür. 
- Deyirsiniz ki, sizin dediyinizin olmasını xoşlayırsınız. Belə bir deyim var: “Qadınlar elə göstərir ki, kişinin dediyi olur, əslində isə onlar istəyən həyata keçir”. Bu fikirlə razısınız?
- Razıyam, hər halda qarşılıqlı anlaşma gözəldir. Gərək hamının istəyindən az da olsa, olsun.
- Hazırda sosial şəbəkələr həm də PR vasitəsidir. Siz isə heç bir sosial mediada yoxsunuz.
- Heç birində yoxam. Həyat yoldaşım da istəmir ki, girib orada yazılanı oxuyum. Mənim reklama ehtiyacım yoxdur. Apardığım verilişdə reklam olunuram. Başqa bir reklam lazım deyil.
Müsahibimlə söhbəti bitirdikdən sonra qonağımızı redaksiya ilə tanış edirik. Əməkdaşlarımızla foto çəkdirdikdən sonra Mikayıl bəylə yenidən görüşmək ümidi ilə xüdafizləşirik.






Fikirlər