Murad Dadaşov: “İnsan düşündüyü həyatı yaşamır” - - MÜSAHİBƏ

 

Əməkdar artist Murad Dadaşovla qısa və səmimi söhbət etdik. Müxtəlif məsələlərə toxunan müsahibimiz, bir-birindən maraqlı məqamlara toxundu.


- Murad bəy, hər zaman sizi iş başında görürük. Gərgin iş qrafikindən sıxıldığınız anlar olur? 
- Mən çox emosional insanam. Hərdən məndən soruşurlar ki, “tanınmaqdan sıxılmırsınız?” Çünki kim mənimlə şəkil çəkdirmək istəsə, çalışıram “yox” deməyim. 


- Sizin həyat yoldaşınızla şəkillərinizi, demək olar ki, görmürük. Özünüz bu qədər sosiallaşmış birisiniz, amma sosial çevrədə ailənizi gizlədirsiniz...
- Həyat yoldaşım bu cəmiyyət üçün qapalı insandır. Fotosu belə mediada demək olar ki, yoxdur. Heç vaxt tədbirlərə bir yerdə getmirik.


- Səbəbi nədir: özü istəmir, yoxsa siz istəmirsiniz?
- Həyat yoldaşım başqa təbiətli insandır. Onun özünəməxsus həyat tərzi və daxili aləmi var. Bəlkə də, ona görə mənim həyat yoldaşımdır. Mən özüm nə qədər sosiallaşmış, emosional insan olsam da, ailədə bu cür deyiləm. Elə mən ailə içində həyat yoldaşım kimi bir insanı sevirəm. Xoşlamaram ki, həyat yoldaşım mənim yanımda durub məndən qabaq mediaya müsahibə versin. İstəməzdim xanımım elə bir insan olsun. 


- Bəs övladlarınız?
- Övladlarım da başqa cürdür. O qədər məşhurlar arasında olublar ki, bir dəfə həyətə düşüb, uşaqlarla oynayanda soruşublar ki, sənin atan hansı verilişi aparır? (gülür). Elə bilirlər TV şəhərciyində yaşayırıq, mütləq şəkildə o uşaqların da ata-anaları hansısa verilişdə aparıcılıq etməlidir. Mənim məşğul olduğum sahə çox çətin sahədir. Əminliklə deyə bilərəm ki, inanmıram övladlarımdan hansısa işimi eyni uğurla davam etdirə biləcək. Buna heç bir zəmanət yoxdur. 


- Amma hər halda onlardan birinin davamçınız olmasını arzulayırsınız. Yoxsa...
- Açığı, istəyərdim olsunlar. Böyüyünün 13, ortancılın 10 yaşı var, hər ikisini məşqə göndərdim, amma alınmadı. Bu yaşda, əlbəttə, onların qabiliyyəti bilinmir, bəlkə, gələcəkdə alınar. Əslində ortancıl oğlumun yaradıcı nöqteyi-nəzərdən bu işə marağı var. Böyük oğlum hər şeyi pulla ölçür. Balaca oğlumun isə dünyadan xəbəri yoxdur (gülür). Məncə, heç kim yaradıcı istedadını boğmamalıdır. Valideyn olaraq övladlarımın yaradıcı potensialını üzə çıxarmağa çalışıram. Əgər digər valideynlər övladını təkcə idmana yönəldirsə, mən idmanla bərabər onları pianoya yazdırmışam. İndi böyük oğlum pianoda rahatlıqla ifa edir. Özü istəmirdi, anam təkid etdi, dedi, mütləq lazımdır. Mən məktəb vaxtı hara gedirdimsə, mütləq diqqəti özümə çəkməyə çalışırdım. Dostlarım hündürboy yaraşıqlı uşaqlar idi, mən isə balacaboy idim. Bilirdim ki, harasa gedəndə hamı onlara baxacaq, mənsə mütləq qabiliyyətimlə diqqəti cəlb etməli idim. Ona görə də musiqini bilirdim, daha çox oxuyurdum. 


- Bütün səyləriniz diqqət çəkmək üçün imiş. Boy və çəki baxımdan kompleksiniz olub? 
- Yox, kompleksi olan insan heç vaxt səhnəyə çıxmazdı. Bir ara çox kökəlmişdim.


- Özünüzü yaxşı valideyn adlandırarsınız?
- Valideyn vəzifəsinin uğurlu olub-olmadığını indi bilə-bilməzsiniz. Bu iş o qədər mürəkkəbdir ki, onun nəticəsi sonradan bilinəcək. Mənə deyirlər, Murad, sən nə yaxşı oğlansan. Murad yaxşı oğlan ola bilər, amma görəsən, valideyn kimi yaxşı ata ola bildimi? İnsanın övladı onun şəxsi göstəricisidir. Nə qədər yaxşı insan olursan ol, sağlam düşüncəli insan yetişdirə bilməmisənsə, deməli, sən yaxşı insan deyilsən. 


- Murad Dadaşov və vəzifə... 
- Dünya çapında olan insanlar tanıyıram ki, inanın o insanların həyatını sürmək istəməzdim. Mən daxilən rahat insanam: həm ünsiyyətdə, həm də özüm üçün. Vəzifədə olan insanlarsa çox narahat insanlardır. İstər-istəməz məsuliyyət çox böyükdür. Qurban verib-verməmək məsələsidir. Məmurları tanıyıram, bu insanların şəxsi həyatı yox səviyyəsindədir. Onların iş həcmi çoxdur. Mən həmişə dövlət işindən kənarda olmaq istəmişəm. Dövlət üçün işləməyə hazıram. Açığı, bu günədək çox dəvətlər almışam. Demişəm, nə lazımdırsa, buradayam. Gəlim işi görüb çıxım gedim, istirahət edim. O rejimdə davamlı işləmək mümkün deyil. 


- Amma bir ara söhbət yayılmışdı ki, siz millət vəkilliyinə namizədliyinizi verəcəksiniz. 
- Millət vəkili olmaq insan üçün bir tribuna deməkdir. Mənim televiziya tribunam var və orada istədiyim sözü deyirəm. Hesab edirəm ki, öz sahəmdə kifayət qədər uğur qazanmışam və birinciyəm. Ona görə də hazırda millət vəkili olmaq fikrim yoxdur. O tribunaya sözünü rəsmi şəkildə deyəcək insanlar çıxmalıdırlar. Gələcəkdə millət vəkili olmağım barədə isə bir söz deyə bilmərəm. İnsan doğulduğu gündən bu günə qədər düşündüyü həyatı yaşamır. Əvvəlcədən nə isə demək çətindir. Mən ictimai siyasətlə məşğul oluram və bu sahədə kifayət qədər nailiyyət qazanmışam. Tanınmış, sevilən media adamı olsam belə, bu, o demək deyil ki, millət vəkili olaraq ən yaxşı mütəxəssis olacam. Millət vəkili olmaq çox çətin və mürəkkəb işdir. Mən bu gün özümü millət vəkili kimi görmürəm.

 

 






Fikirlər