Vasif Talıbovun şəklini çəkən deputat: `Babamdan miras qalıb`

 


 

“Mənim parlamentdə olmağım daha çox sənət adamlarının xeyrinə olacaq.İnanıram ki, bu istiqamətqə qarşıma qoyduğum məqsədə çatacağam”

 

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisə keçirilmiş seçkilərdə ilk dəfə millət vəkili adını qazanan Ülviyyə Həmzəyeva deyib. 
Culfa-Babək seçki dairəsindən millət vəkili seçilən 33 yaşlı Ü.Həmzəyeva əsas hədəflərini açıqlayıb: “Yeni Azərbaycan partiyası tərəfindən adımın namizədlər sırasına daxil edilməsi məni çox sevindirdi. Ailəm həmişə YAP-ı dəstəkləyib. Bu partiyanı dəstəkləmək bizə babamdan qalan bir mirasdır. Babam həmişə Yeni Azərbaycan Partiyasını, Ulu Öndər Heydər Əliyevi dəstəkləyib. Biz də məhz o ruhda böyümüşük. Mənim seçkilərdə qələbə qazanmağım həm gözlənilməz, həm də gözlənilən oldu”. 
Ü.Həmzəyeva həmçinin professional rəssam olduğunu deyib: “Millət vəkilliyi ilə yanaşı rəssamlıq fəaliyyətimi də davam etdirəcəyəm. Millət vəkili hər bir insanın vəkilidir. Mən də hər bir insanın vəkili olacağam. Gələcəkdə daha çox incəsənət istiqamətində işlərin görülməsinə çalışacağam. İnanıram hər şey yaxşı olacaq. İlk dəfə millət vəkili seçildiyim üçün çox həyəcanlıyam. Həm də çox gəncəm. Sözün açığı hələ bilmirəm ki, işlərim nədən ibarət olacaq”.
Ü.Həmzəyeva həmçinin qeyd edib ki, millət vəkili seçilməsinə baxmayaraq, müəlliməlik fəaliyyətini də davam etdirəcək: “Mən bu gün də müəlliməyəm, hazırda tələbələrə, uşaqlara köməklik edirəm. Daha çox öz yaradıcılığıma vaxt ayırıram. İnanıram ki, gələcək də yaxışı rəssamlar yetişdirəcəyik”
Həmzəyeva rəssamlıq fəaliyyətindən də söz açıb: “Rəssam yalnız öz istədiyini çəkir. İndi deyə bilmirəm ki, gələcəkdə nəyi çəkəcəyəm. Nəyə həvəsim olsa, onu da çəkirəm. Əvvəlcədən plan qurub çəkmirəm”.






Fikirlər