ƏRƏSTUN ORUCLU: “Hərbi əməliyyatlar davam edəcək, aprel əməliyyatları hələ başlanğıcdır”

Ərəstun Oruclu: “Hərbi əməliyyatlar davam edəcək, aprel əməliyyatları hələ başlanğıcdır”

Politoloq : “Rusiya Ermənistanı dayandıra və işğal etdiyi torpaqlardan geri çəkilməsini təmin edə bilmirsə, Azərbaycanın keçirəcəyi hərbi əməliyyatlara imkan verməlidir” 

 

Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu aprel ayında Qarabağ cəbhəsində baş verənlər, bununla əlaqədar diplomatiya və informasiya müharibəsində müşahidə olunan proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəsində tanınmış politoloq maraqlı açıqlamalar və təhlillərlə çıxış edib. Ərəstun Oruclu ilə müsahibənin sonuncu hissəsini təqdim edirik.
 
- İsrail üçün Azərbaycanın hansı əhəmiyyəti var?
- İsrailin siyasətinin əsasında yəhudilərə başqa dövlətlərin və millətlərin münasibəti məsələsi durur. Bu da “Tövrat”dan gələn doqmalardan biridir. “Tövrat”da deyilir ki, bir həyat xilas eləmək insanlığı xilas eləmək deməkdir. Diqqət yetirin, məsələn, İsrail vaxtilə Həmasın əlində əsirlikdə olan bir kapralını 1200 nəfər fələstinliyə dəyişdi... Yəhudi amili bu dövlət üçün çox ciddi amildir. Bu baxımdan, Azərbaycanda heç bir zaman antisemitizmin olmaması, yəhudilərin Azərbaycanda sərbəst yaşaması, özlərini ölkənin tam hüquqlu vətəndaşı hiss eləməsi, Rusiyadan, Ukraynadan və digər postsovet respublikalarından fərqli olaraq hətta sovet dönəmində milliyyətini belə gizlətməməsi yüksək qiymətləndirilən məqamdır. Təbii ki, dövlət kimi strateji maraqları da var. Adi bir misal gətirim, mənə yüksək ranqlı bir İsrail diplomatı dedi ki, İsrailin Xarici İşlər Nazirliyində birdən hansısa məqam ortaya çıxır. Məsələn, Kanada ilə bağlı olanda deyirlər ki, maliyyə imkanları yoxdur bunu gələn ilə saxlayaq. Azərbaycanla bağlı hansısa bir əməkdaşlıq məsələsi gündəmə gəldikdə artıq başqa suallar olmur, Azərbaycan prioritet istiqamətlərdən biri sayılır. Təbii ki, burda Azərbaycanın strateji mövqeyinin də əhəmiyyəti var. 
 
- Bu, İsrailin baxışıdır. Amma Azərbaycan da İsrailə sıcaq yanaşır. Baxmayaraq ki, buna görə bir sıra icmalar, qonşu dövlətlər tərəfindən kəskin tənqid olunur. Apreldəki müharibə və ona İsrail texnikasının qatqısı nəyi ortaya qoydu?

Dövlət rusdilli medianın resurslarının artırılması üçün mütləq addımlar atmalıdır. İnformasiya müharibəsi bəzən müharibənin özündən belə önəmlidir”

- Mən düşünürəm ki, Azərbaycanın yanaşması düzgün yanaşmadır. İsraillə əməkdaşlıq hətta bir qədər daha intensiv olmalıdır. Müasir müharibə apara bilmək bir amildir, amma dövlətin müasir müharibə apara bilmək qabiliyyətində olmasını göstərmək daha ciddi bir amildir. İsrail hərbi kamikadze dronların istehsalı sahəsində dünyada ən öndə gedən dövlətdir. İsrail hətta ABŞ-dan öndədir bu sahədə. Bu da həmin o dediyim insan amili məsələsindən irəli gəlir.
Pilotsuz dron vurularsa, eyni zamanda hədəfə zərbə endirib özü də partlayanda burada itki ancaq maddi itki olur. Amma təyyarə vurulduqda insan itkisi baş verir. İsrailin hərbi sənayesinin konsepsiyası bunun üzərində qurulub ki, əsas məsələ insan amilidir, insan itkisi minimum olsun. İsrailin istehsal elədiyi tankların əksəriyyətinin zirehini dağıtmaq mümkün deyil. İsrail müasir texnologiya baxımından, hərbi sənayesi çox inkişaf eləmiş dövlətdir. Belə bir dövlətlə əməkdaşlıq üstünlükdür. 
İsraillə əməkdaşlığı daha da intensivləşdirməyi vacib edən başqa səbəblər də var. Deyək ki, NATO dövlətləri, ABŞ xaric, İsrail səviyyəsində müasir silahlara malik deyillər; ikincisi, NATO dövlətlərinin üzərində beynəlxalq öhdəlikləri var ki, Azərbaycana Qarabağ məsələsində silah vermək kimi addımlara elə də asan gedə bilmirlər. Amma İsrail bu cür öhdəliklərdən çox asanlıqla yan keçir. 
- Amma qonşu İran Azərbaycan hakimiyyətini sionizmə yaxınlaşmaqda suçlayır. İran da Azərbaycan üçün mühüm dövlətdir, qonşumuzdur, ölkənin ictimai rəyinin bir qisminə təsir imkanları, ideoloji rıçaqları var. Üstəlik, İran dünya siyasətində də önəmli aktyordur. 
- İranda əsasən teokratik  - klerikal çevrə Azərbaycanı sionizmlə yaxınlıqda ittiham edir. Mən bu cür ittihamları İran siyasilərinin dilindən eşitməmişəm. İranla münasibətləri pozmaq lazım deyil. İranla Azərbaycan arasında konkret müqavilə var ki, heç bir halda bir dövlətin ərazisindən o birisinə qarşı hücum üçün istifadə oluna bilməz. Bu müqavilə hər iki dövlətin parlamentində ratifikasiya olunub. Bu, kifayət qədər ciddi təminatdır ki, Azərbaycan-İran münasibətləri normal, yüksələn xətt üzrə inkişaf etsin. Amma bizim milli təhlükəsizlik məsələsi, ərazilərimizin azad olunması məsələsində, hərbi potensialımızın artırılması məsələsində bizim üçün real müttəfiq İsraildir. İran da bunu qəbul eləməlidir. İran-Ermənistan münasibətlərinə Azərbaycan sərt şəkildə və ya başqa bir şəkildə müdaxilə eləmədiyi kimi, İran da eyni ilə bizim başqa ölkələrlə münasibətlərimizə müdaxilə eləməməlidir. Əminəm ki, bu istiqamətdə də əməkdaşlığı inkişaf elətdirmək mümkündür. Bugünkü İran da 3-4 il əvvəlki İran deyil. Bunu da qeyd etmək lazımdır. İran bizim üçün ən azı 30 milyondan çox azərbaycanlının ölkəsidir, İran bizim üçün böyük bir qonşu dövlətdir. İstənilən halda ikitərəfli münasibətlər yalnız müsbət istiqamətdə inkişaf eləməlidir.
 
- Bu düzümdə Türkiyə hardadır? Yəqin ki, prezident Ərdoğanın Rusiyaya və Ermənistana Azərbaycanla bağlı son mesajını oxudunuz. Bəyanatdan o tərəfə gedən hərəkətlər gözlənilirmi Türkiyə iqtidarından? Azərbaycana olan Rusiya təzyiqi qarşısına biz Türkiyə sipəri çəkə bilərikmi?

İsraillə əməkdaşlıq hətta bir qədər daha intensiv olmalıdır”

- Bu sipəri çəkmək elə də asan deyil. Türkiyə bizim üçün xüsusi əhəmiyyəti, yeri olan bir dövlətdir. Amma Türkiyənin NATO üzvü olması səbəbindən kənar hərbi əməkdaşlıqlarla bağlı xeyli məhdudiyyətləri var. Türkiyə NATO üzvü olmayan bir dövlətlə hərbi müttəfiqlik qurmaq üçün istənilən halda, bunu NATO ölkələri ilə razılaşdırmalıdır. Bu, NATO üzvü dövlətlər üçün bir normadır. NATO-nun razılığı olmadan Türkiyə Azərbaycanın hərbi müdafiəsinə qalxa bilməz. Bəyanatları, siyasi dəstəyi qoyaq bir tərəfə. Türkiyə bizim üçün ən önəmli müttəfiq olaraq qalmaqdadır. Lakin xarici siyasət, təhlükəsizlik, iqtisadi və digər istiqamətlərdə Azərbaycanın siyasəti diversifikasiya olunmalıdır. 
- Aprel savaşında həm də çox ciddi bir zəif nöqtəmizi təsbit elədik. Rusdilli xəbər məkanında böyük bir yırtıq var imiş. Rusdilli medianın önəmi həm də ondadır ki, Azərbaycanda rus dilində düşünən, elitanı təşkil edən və rusca məlumatı alan bir təbəqə var. Rusiya mediası onlar vasitəsilə cəmiyyətə dezinformasiya yükləyə bilir. Biz bilirdik ki, Azərbaycan hakimiyyəti illərdir Rusiya mediası ilə  intensiv işləyir və buna büdcə də ayırıb. Amma aprel ayında ortaya çıxan səhnə vahim oldu. Bizi dəstəkləyən bir dənə də Rusiya KİV-ləri olmadı. 
- Bu, təbii ki, ciddi uğursuzluq idi və ciddi bir boşluğun olduğunun göstəricisiydi. Bu boşluq bizim əleyhimizə dolduruldu. Burada əsas iki səbəb var. Birincisi, Azərbaycan hakimiyyətində Rusiyaya həddindən artıq ehtiyatlı yanaşma var. Mən əminəm ki, o verilişlərə Azərbaycanın özündən kifayət qədər ciddi siyasi ekspertlər çıxarmaq olardı ki, onlar həqiqəti Rusiya auditoriyasına çatdırsınlar. Ona görə çıxarılmadı ki, Moskvanı qıcıqlandırmaq istəmirlər. İkinci səbəb odur ki, Rusiyada müstəqil media yox səviyyəsindədir. Antiazərbaycan təbliğatı sifarişi mediaya Rusiya hakimiyyətindən gəlirdi. Buna tamamilə əminəm. Məsələn, Azərbaycana qarşı isteriya vəziyyətinə düşən Salavyovun kimliyi məlumdur. Bu adam Kremlin piarçısıdır. Ona komanda verilmişdi. Amma hətta buna baxmayaraq, mən hesab edirəm ki, belə şeylərə də müdaxilə eləmək və vəziyyəti öz xeyrinə dəyişmək imkanı var. 
- Bu vəziyyəti düzəltmək istiqamətində addım atmaq mümkündürmü, yoxsa nə edilsə də rus mediası dəyişməyəcək?

Ermənistan özü bu saat Rusiyaya az qala meydan oxuyur. Azərbaycan Ermənistandan zəif deyil”

- Addım atmaq və dəyişilmələrinə nail olmaq mümkündür. Birincisi, ilk növbədə rus mediası ilə işləyə biləcək şəxslərin tədricən Rusiya mediasına çıxışını təmin eləmək lazımdır. Bu şeylər ənənəvi qaydada həll olunur, yəni bu işə investisiya qoyulmalıdır. İkincisi, Rusiyanın özündə Azərbaycana simpatiyası olan kifayət qədər ekspertlər, jurnalistlər var. Bunları gətirib Azərbaycanın rusdilli mediasına çıxarmaq lazımdır.
 
- Amma Azərbaycanın rusdilli mediasının resursu çox azdır. Biri də bizdədir; minval.az saytını zorla, öz imkanlarımızla saxlayırıq. Niyə ölkə bunun qayğısına qalmasın?
- Dövlət rusdilli medianın resurslarının artırılması üçün mütləq addımlar atmalıdır. “Zerkalo” kimi bir qəzetin bağlanmasının fəsadları özünü aprel ayında göstərdi və göstərir. Bu da hakimiyyətin ümumi media siyasətindən doğan problemlərdir. Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığını sevmir. Sevmədiyindən də belə bir vəziyyət yaranıb. Diqqət etdinizsə, hərbi əməliyyatlar günü media təminatı çox zəif idi.
 
- Nə baxımdan?
- İnformasiya müharibəsi baxımından. Bizim təsir imkanlarımız daha çox ola bilərdi. Amma görünürdü ki, bir pərakəndəlik var. Hansı KİV-lərin başında peşəkar rəhbər durursa, peşəkar heyəti varsa, orada hər şey peşəkar səviyyədə aparılırdı. Lakin bəzi hakimiyyət nümayəndələrinin cibindən maliyyələşən çoxsaylı saytlar var ki, orada elə böyük dezinformasiyalar gedirdi ki, ölkənin heç də xeyrinə deyildi. İnformasiya müharibəsi bəzən müharibənin özündən belə önəmlidir. Xüsusilə müharibə fraqmental olanda onun bütün təminatına informasiya təminatı və ideoloji müharibə həll edir. Buna da hazırlıq yetərincə aparılmamışdı. 30-40 nəfərlik jurnalist heyəti seçib bir-iki ay treninqlər keçmək olar...
- Öz təşəbbüsünüzlə müəyyən dostlardan da dəstək alaraq bu təklif etdiyiniz heyəti qurmaq və Rusiya mediasına çıxış imkanları əldə etmək mümkün deyilmi? Çünki sizinlə söhbətdən də belə çıxır ki, hələ hərbi əməliyyatlar davam edəcək.
- Şübhəsiz, davam edəcək. Aprel əməliyyatları hələ başlanğıcdır.
- Bu, o deməkdirmi ki, bizə hələ informasiya təminatı lazımdır?
- Dediyiniz təşəbbüsə gəlincə, bir azərbaycanlı kimi bu, mənim içimdən gələn istəkdir. Amma nəzərə alsaq ki, hakimiyyətin bir sıra dairələrində mənim personama münasibət həddindən artıq xofludur...
 
- Amma bu, o deməkdir ki, bir sıra dairələrində də sizə münasibət normaldır?
- Ola bilər. İstənilən halda mən düşünürəm ki, bu tip fəaliyyət dövlətin təşəbbüsü və nəzarəti ilə olmalıdır. Burada təminatlar olmalıdır, bu, elə-belə söhbət deyil. Bu, milli təhlükəsizlik maraqlarına toxunan bir məsələdir. Düşünürəm ki, belə məsələdə təşəbbüs ancaq dövlətdən gəlməlidir.
 
- Yerli saytlara açıqlamanızda demisiniz ki, Rusiyanın maraqlarından biri də Ermənistandakı mövcud hakimiyyəti dəyişmək və Robert Köçəryanı hakimiyyətə gətirməkdir. Onların hər ikisi Rusiyanın adamı deyilmi? Niyə birini yıxsın, o birisini gətirsin?
 
- Var belə bir istək. Rusiyada bu gün Kremllə Hərbi Sənaye Kompleksi arasında daxili bir rəqabət mövcuddur. Baş nazir Medvedev də əslində hərbi-sənaye kompleksinə daha yaxın bir şəxsdir. Bu gün Rusiyanın Nazirlər Kabinetində hərbi-sənaye kompleksi daha geniş şəkildə təmsil olunub. Rəqabət özünü bir çox yerlərdə göstərir. Bir neçə ay əvvəl Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəisi qəfildən öldü. Sağlam, cavan bir general idi... Belə ölümlər böyük dövlətlərdə çox olur. Hesab edirəm ki, həmin general Ukraynadakı uğursuzluqlara görə ölməli oldu. Kremllə hərbi-sənaye kompleksi arasında fikir ayrılığı, parçalanma özünü Azərbaycana da, Ermənistana da münasibətdə də göstərir. Ermənistanda Serj Sərkisyanın komandasında həlledici fiqurlardan biri müdafiə naziri Seyran Ohanyandır. Bu adamların hər ikisi həm qarabağlıdır, həm də bütün cinayətlərdə birgə iştirak ediblər. Bunlar daha çox Rusiyanın hərbi çevrələrinə yaxındırlar. Robert Köçəryan isə bilavasitə Kremlə yaxındır. Görün, aprel əməliyyatından sonra Ermənistanda nə qəribə konstruksiya yaranıb. Serj Sərkisyan birdən durub gedir keçmiş prezident Levon Ter-Petrosyanın ayağına. Belə çıxır ki, Ermənistanda bu gün siyasi konyunkturaya həlledici təsir rıçaqı Ter-Petrosyanın əlindədir. Yəni o, kimin tərəfini tutacaqsa, qələbə də onun tərəfində olacaq. Erməni amili bunları birləşdirir. Mən düşünmürəm ki, 70 yaşlı Levon Ter-Petrosyan o dərəcədə sadəlövhdür ki, Rusiyanın ona hakimiyyətə gəlməyə imkan verəcəyini düşünsün. Digər tərəfdən, Ter-Petrosyan xərçəng xəstəsidir. O, sadəcə olaraq, xalqının, dövlətinin tarixində bir birləşdirici, həlledici fiqur kimi qalmaq istəyir. Amma mən əminəm ki, çətin məqama gələndə o, heç bir halda Robert Köçəryanı dəstəkləməyəcək. Daha çox Sərkisyanı dəstəkləməyə üstünlük verəcək. 
- Bizim çıxarımız hansından yanadır, Azərbaycanın marağı baxımından, Ermənistanda bu iki şəxsdən hansının hakimiyyətdə olması məqbul sayıla bilər?

Azərbaycan çox rahat şəkildə sülhyaratma əməliyyatlarına başlaya bilər. Buna bütün imkanlar var”

- Bizim üçün Ermənistanda kimin hakimiyyətdə olmasının elə bir əhəmiyyəti yoxdur. Onların siyasətləri bəllidir. Bütün strategiyaları böyük dövlətlərə vasitə, maşa olmaq üzərində qurulub. Bu yolla da öz milli maraqlarını təmin etməyə çalışırlar. 
 
- Ermənistanın Azərbaycan üzərinə genişmiqyaslı hücuma hazırlaşdığını siz də bildirmisiniz. Azərbaycan nə etməlidir? Azərbaycan danışıqlar istiqamətində təzyiqi davam etdirməlidir, yoxsa hərbi əməliyyatlar davam etdirilməlidir? Hərbi əməliyyatlara tamammı, davammı? Davama imkan varmı? Beynəlxalq konyunktur buna uyğunmu?
- Hərbi əməliyyatlara davam etmək lazımdır. Buna bütün imkanlar var. Mən heç bir zaman müharibə tərəfdarı olmamışam. Ümumiyyətlə, mənim yanaşmam bu olub ki, müharibə bir problemi həll edir, beş dənə də yenisini yaradır. Tarix boyu belə olub və bütün müharibələr masa arxasında bitir. Amma masa arxasında o zaman bitir ki, müharibəni başladan və ya məğlub olan istənilən bir tərəf o masanın arxasına gəlməyə hazır olur. Bu gün Ermənistan masa arxasına gəlməyə hazır deyil. Əksinə, təhdidlə, təxribatlarla məşğuldur. Çünki Sərkisyan hökumətinə, aprelin əvvəlində baş verən uğursuzluqdan çıxmaq üçün, Moskvanın da təzyiqindən bir qədər xilas olmaq üçün müəyyən bir hərbi uğur lazımdır. Buna görədir ki, onlar aprelin son günlərində cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı dinc əhalini bombalamaq taktikası seçdilər. Məqsəd həm də xof yaratmaqdır. Bu tip davranışları ilə Ermənistan tam imkan yaradır ki, Azərbaycan onun hərbi qüvvələrinə qarşı ən sərt tədbirlərə əl atsın. Bu baxımdan düşünürəm ki, Azərbaycanın, ilk öncə, informasiya siyasəti düzgün  qurulmalıdır. Bunun arxasınca Azərbaycan çox rahat şəkildə sülhyaratma əməliyyatlarına başlaya bilər. Canlı qüvvəni mümkün qədər irəli vermədən, hərbi texniki imkanları işə salmaqla bu əməliyyatları aparmaq və Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdəki bütün hərbi infrastrukturu intensiv şəkildə sıradan çıxarılmalıdır. Buna Azərbaycanın texniki imkanları var. Azərbaycanın peyk imkanları, dronları, digər müasir silahları var. Azərbaycanın elə silahları var ki, heç mətbuata da bu bəlli deyil. Azərbaycanın etibarlı müttəfiqləri var. 
- Kimlərdir?
- Türkiyə, İsrail, Pakistan. Əminəm ki, ciddi informasiya hazırlığından sonra Qərb dövlətləri də Azərbaycanın keçirəcəyi əməliyyatlara kifayət qədər sakit yanaşacaqlar.
 
- Rusiya faktorunu sanki bu məsələdə qırağa qoydunuz.
- Rusiya Ermənistanı dayandıra və işğal etdiyi torpaqlardan geri çəkilməsini təmin edə bilmirsə, Azərbaycanın keçirəcəyi hərbi əməliyyatlara imkan verməlidir. Rusiya faktorunu ümumiyyətlə çox şişirtməyə əsas yoxdur. Ermənistan özü bu saat Rusiyaya az qala meydan oxuyur. Azərbaycan Ermənistandan zəif deyil.  

 






Fikirlər