"Quru əməliyyatı keçirmədən, müasir silahlardan istifadə edərək düşməni məhv etməliyik" — POLİTOLOQ

"Quru əməliyyatı keçirmədən, müasir silahlardan istifadə edərək düşməni məhv etməliyik" — Politoloq

Cəbhə xəttində gərginlik davam edir.

Ermənilər bir neçə gündür axşam saatlarından başlayaraq Ağdam və Tərtər istiqamətində yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tuturlar. Dünən axşam ermənilərin top və "Qrad" qurğularından açdığı atəş nəticəsində Ağdam rayonunda 7 nəfər dinc sakin yaralanıb. Yaralananlardan biri isə xəsyəxanada dünyasını dəyişib.

Aprel ayının əvvəlində baş verən əməliyyatlardan sonra sülh danışıqlarının yenidən başladığı elan olunsa da, görünən odur ki, heç bir danışıq getmir. Düşmən aprel ayının əvvəlindəki məğlubiyyəti həzm edə bilmir. Ermənilərin dinc sakinləri və yaşayış məntəqələrimizi hədəf alması hər an müharibənin başlanması ilə nəticələnə bilər.

Azərbaycan hansı addımlar atmalıdır? Cəbhədə baş verənlər və Rusiyanın təşəbbüsü ilə davam edən danışıqlarla bağlı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, MTN-nin keçmiş əməkdaşı, politoloq Ərəstun Oruclu Ölkə.Az-a danışıb:

"Açıq-aydın görünür ki, Rusiyanın Bakıya gələn diplomatları ilə danışıqlar baş tutmayıb. Açıq təklif olunmuş bir neçə məqamlar var ki, Azərbaycanın Kollektiv Təhlüksizlik Müqaviləsi təşkilatına, Avrasiya İqtisadi Birliyinə üzv olması Rusiya xarici işlər naziri Lavrov tərəfindən səsləndirilidi. Görünür rəsmi Bakı buna rədd cavabı verib. Ona görə də, Rusiya Ermənistanın işğalçı qoşunlarından bizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə əl atır. İnanmıram ki, aprelin əvvəlindəki uğursuzluqdan sonra Ermənistan özü özbaşına hücuma keçsin. Yeri gəlmişkən aprel ayının əvvəlindəki əməliyyatlar zamanı göründü ki, Ermənistan hətta öz müttəfiqləri tərəfindən dəstəklənmədi. Bundan sonra Ermənistan növbəti hərbi əməliyyata risk edə bilməzdi. Çünki bu risk faktiki olaraq Sarkisyan üçün hakimiyyəti itirmək deməkdir. Onsuz da aprel ayının əvvəlində aldıqları zərbələrdən sonra ermənilər Sarkisyan xuntasından bərk narazıdırlar və ölkədə vəziyyət qeyri-stabildir.

Görünür Rusiyadan yeni əməliyyatlar üçün razılıq alınıb. Daxildə öz piarını aparıb mövqelərini gücləndirmək üçün Sarkisyana bir balaca qələbə lazımdır. Rusiya isə Azərbaycanı cəzalandırıb sözlərini qəbul etdirmək istəyir. Yeri gəlmişkən təsadüfi demədim ki, açıq səsləndirilmiş fikir, çünki bizdə olan məlumata görə, Rusiya Azərbaycana daha ağır şərtlər irəli sürüb. Biz ya o şərtləri qəbul edərək ölkənin suverenliyindən faktiki olaraq imtina etməyimiz qalır, ya da Rusiyanın bizə qarşı istifadə etdiyi Ermənistan işğalçı amilinin layiqli cavabı verilməlidir.

Yaranmış şəraitdə aydın görünür ki, Ermənistan hücuma hazırlaşır və hal-hazırda müəyyən uğur əldə etmək üçün məhz dinc əhalinin yaşadığı məkanları atəşə tutaraq qorxu mühiti yaradır. Bizim tərəfimizdən önləyici addımlar atılmalıdır. Ermənistan işğalçı qoşunlarının Dağlıq Qarabağ ərazisində və ətraf rayonlardakı işğal olunmuş torpaqlarında olan hərbi infrastrukturuna sarsıdıcı zərbələr endirilməldir. Bunun üçün müvafiq informasiya hazırlığı aparılmalıdır. Bütün təşkilatlar, qurumlar, vasitəçilər ermənilərin hücumunun bütün detalları haqqında ətraflı məlumatlandırılmalıdır. Göstərilməlidir ki, dinc əhalinin yaşadığı yerlər atəşə tutulur, özü də, ağır silahlardan, "Qrad"lardan, toplardan. Faktiki olaraq bu, hücum ərəfəsi artilleriya hazırlığıdır. Bundan sonra Azərbaycanın əlində olan müasir silahlardan, texniki vasitələrdən istifadə edərək düşmənin infrastrukturuna sarsıdıcı zərbələr endirilməlidir. Maksimal dərəcədə erməniləri itkilərə məruz qoymaq lazımdır. Bundan sonra əmin edirəm ki, Ermənistan özü də, Azərbaycana qarşı təzyiq vasitəsi olmaqdan və həm də müəyyən uğur qazanıb öz sabitliyini təmin etməkdən vaz keçəcək. Rusiya da Ermənistanın alət kimi istifadə edilməsindən imtina edəcək. Ona görə ki, bu gün Azərbaycan tək deyil. Aprel ayının əvvəlində əməliyyat və ona olan reaksiyalar açıq-aydın bunu göstərdi. Bizim bu gün Rusiyadan güzəşt ummaq üçün heç bir motivimiz yoxdur. Biz konkret olaraq aprel əməliyyatlarında gördük ki, beynəlxalq rəy bizim tərəfimizdədir. Bir faktı deməyim kifayət edir. Diqqət yetirin, ABŞ Konqresində, onun palatalarında onlarla ermənipərəst konqresmenlər var. Ancaq aprel ayının əvvəlindəki əməliyyatlarda onlardan birinin belə səsi çıxmadı. Çünki onlar öz dövlətlərinin siyasətinə qarşı gedə bilməzlər. Bu isə dolayısı ilə onun göstəricisidir ki, ABŞ bu məsələdə artıq heç də əvvəlki mövqedə deyil, yəni, daha çox Azərbaycanın mövqeyini dəstəkləməyə meyillənib. Niyə bundan istifadə etməyək? ABŞ-dan əlavə İran da bizi dəstəklədiyi barədə fikirlər səsləndirdi. Biz dəstəyi elə istiqamətlərdən gördük ki, əvvəllər biz bunu təsəvvürümüzə belə gətirə bilməzdik.

İndiki mərhələdə qətiyyən erməni işğalçı qüvvələrinin hücuma keçməsinə şans vermək olmaz. Heç bir quru əməliyyatı keçirmədən, canlı qüvvəni riskə atmadan, əldə olan müasir silahlardan, texniki vasitələrdən istifadə etməklə düşməni, onun hərbi-nəqliyyat infrastrukturunu məhv etmək lazımdır. İnandırıram ki, bu erməniləri öz hisslərinə qaytaracaq".






Fikirlər