ALİM QASIMOVUN qardaşı: “Arif Babayev segahı Alimdən yaxşı oxuyur” - MÜSAHİBƏ
Pirverdi Qasımov Alim Qasımovun böyük qardaşıdır. 62 yaşı var. Hal-hazırda təqaüddədir. O, dializ xəstəliyindən əziyyət çəkir. Pirverdi Qasımov: “Əlimi qaldıran kimi, deyirlər Alim Qasımova oxşayırsan”
Tanınmış simaların qardaşları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz xalq artisti, tanınmış xanəndə Alim Qasımovun qardaşı Pirverdi Qasımovdur.
-Pirverdi müəllim, qardaşınız Alim Qasımov tanınmış xanəndədir. Sizin musiqi ilə aranız necədir?
-Musiqiçi olmasam da musiqini çox sevirəm. Qardaşım Alimin konsertinə gedirəm. Oxumağını çox sevirəm. Səsi qəlbəyatımlıdır.
-Nə yaxşı musiqi sənəti ilə məşğul olmamısınız? Hər hansı bir musiqi alətində çalmağı öyrənməməsiniz?
-Orta məktəbdə oxuyanda özfəaliyyət dərnəyində çıxış edirdim. Həmişə də musiqinin zil yerlərini mən, bəm yerlərini Alim oxuyurdu. Səməd Vurğunun “Muğana Ceyran” şeirinin ən zil yerlərini mən oxuyurdum. Sonralar siqaret çəkməyə başlayanda musiqi ilə yollarımız ayrıldı.
-Bəs bu illər ərzində nə işlə məşğul olmusunuz?
-22 il dərzi, 2 il maşın təmiri ustası işləmişəm. 16 il isə xarici təşkilatlarda ingilislərə sürücü işləmişəm. 4 il olar ki, dializ xəstəsiyəm. Böyrəklərimdə problem var. 2 gündən bir dializə gedirəm. Hal-hazırda təqaüddəyəm.
-Ailə vəziyyətiniz, dolanışığınız necədir? Övladlarınız varmı?
-Dolanışığımız şükürlər olsun ki, normaldır. Sağ olsun, arada Alim də kömək edir. 3 oğlum, 1 qızım, 9 nəvəm var. Övladlarım sarıdan çox rahatam. Hamısı din əhlidir. Namaz ibadəti ilə məşğul olurlar.
-Alim Qasımovun qardaşı olaraq, Azərbaycan səhnəsində kimlərin ifasını bəyənirsiniz? Yoxsa ancaq qardaşınıza qulaq asırsınız?
-Muğamla yanaşı xalq mahnılarını da çox sevirəm. Məsələn, Arif Babayev oxuyanda xüsusi zövq alıram. Onun çox şirin segahı var. Arif Babayev segahı elə gözəl oxuyur ki, ola bilər, heç Alim Qasımov onun kimi oxumasın. Bu, şəxsi fikrimdir. Mənə elə gəlir. Pis çıxmasın, düzünü deyirəm.
-Tez-tez efirlərdə müğənnilərin bir-biri ilə qalmaqal yaşadıqlarının şahidi oluruq. Münasibətiniz necədir?
-Sənətçilər arasında yaşanan gərginliyin, soyuq münasibətlərin dərinliyinə gedən adam deyiləm. Sadə adamam.
-Ata yurdunuz olan Şamaxıya gedirsinizmi?
-Əlbəttə, tez-tez ata yurdumuza gedirik. Yoldaşım da şamaxılıdır. Qohumlarımızın çoxu orada yaşayır.
-Şamaxıya səfər edəndə, adətən, sizə Alim Qasımovla bağlı nə suallar verirlər?
-Bir dəfə bir restoranda toy mərasimi keçirilirdi. Mən də həmin toyda idim. Bir ağsaqqal kişi əsa ilə gəlib oturdu yanımda. 10-15 dəqiqə keçəndən sonra dedi: “Olar, bir söz deyim sənə?!”. Dedim olar. Ağsaqqal bildirdi ki, “siz oxuyacaqsınızsa, mən qalım. Yoxsa, bu toy mənim başımı ağrıdır. Çıxım gedim”. Ona dedim ki, “mən oxuyan deyiləm axı”. Sən demə, ağsaqqal elə bilirmiş ki, mən Alim Qasımovam. Ona görə də mən harasa gedəndə Alimlə səhv salırlar. Zahiri görünüşcə də, səsimizdən də bir-birimizə çox oxşayırıq. Alimin əllə hərəkətləri var ki, hamısı məndədir. Əlimi qaldıran kimi deyirlər, Alim Qasımova oxşayırsan. Onu da deyim ki, qardaşımı həddindən artıq çox istəyirəm. Açıq söz deyim. O tanınmış adamdır deyə, bunu demirəm. Ailədə 2 qardaşıq. Hələ uşaqlıqdan bir-birimizə bağlı olmuşuq.(modern.az)