SEVDİYİM, həm də .. .qorxduğum ŞUŞA xatirələri..

Sevdiyim, həm də ...qorxduğum Şuşa xatirələri...

Mən Şuşada doğulmamışam və orada böyüməmişəm. Ancaq Şuşada çox olmuşam. Universitet tələbəsi olarkən iki aya yaxın “Şuşa” qəzetində təcrübə keçmişəm. Elə əslində Şuşanı da o zaman ətraflı tanıdım. Muzeylərindən, Cıdır düzündən, İsa bulağından yazılar yazdım və bu yerlərə qəlbən bağlandım.

 Şuşa işğal ediləndə dözə bilmədim. Bir neçə dostumla Şuşanın yaxınlığına gedib, “Şuşikənd”dən ağrılı bir halda o qədim və gözəl şəhərə boylandıq. Lakin Şuşaya bir köməklik göstərə bilmədik.
     Şuşa haqqında ilk söhbəti nənəmdən eşitmişdim. Nənəm həmişə atası Əhmədxan kişinin böyük həvəslə Şuşa xatirələrini danışdığını söyləyərdi (nənəmin atası Əhmədxan kişi yaxşı bənna olmuşdu və o, həm İranda, həm də Şuşada evlər tikmişdi). Əhmədxan kişi Şuşa xatirələrini danışarkən xoş bir avazla da oxuyarmış.
       Bu, mənim Şuşa haqqında ilk bilgilərim idi. Sonralar öyrəndim ki, kəndimizin bəyi olmuş Cavad bəy, onun atası Əbdülsəməd bəy də əslən Şuşalı olmuşlar. Çar Rusiyasının işğalından sonra İbrahim xanın qohumlarının bir qismini Ordubada, bir qismini də bizim Zəngilana göndərib, orada yaşamağa məcbur etmişdilər. Əbdülsəməd bəyin şeirləri kənd camaatının dillər əzbəri olmuşdu. Onun həyat yoldaşı Şirinbəyim xanımın gözəl qarmon çalmağını isə nənəm də görmüşdü və hərdən mənə bu haqda danışardı.
Şuşa şeir, musiqi beşiyi idi. O havanı udan insanlar mütləq zövqlü və musiqi mədəniyyətinə bağlı olurdular. Sonra orta məktəbdə 10-cu sinifdə oxuyanda məktəb yoldaşlarımızla Şuşaya getdik və bu gözəl şəhərlə ilk dəfə tanış oldum.
Şuşa, 1982. Soldakı N. Yaqubludur
       Şuşanı növbəti dəfə 1982-ci ildə gördüm. Bayaq da yazdığım kimi, “Şuşa” qəzetində təcrübə keçməyə göndərilmişdim. Qəribə bir həvəslə bu gözəl şəhəri gəzirdim, seyr edirdim. Şuşanın hər qarışı mənə doğma gəlirdi. Sanki bu torpaqda böyümüşdüm və getdikcə bir həqiqətin şahidinə çevrilirdim: Şuşanın hər evi, hər guşəsi bir tarixdir, xalqımızın yaşayan tarixi.
       Bir dəfə Şuşalı mühasib Mikayıl kişi bizi evinə qonaq aparmışdı. Oturub yenicə çay içmişdik ki, Mikayıl kişi dedi: “Bax, Sizin oturduğunuz bu ev müğənni Cabbar Qaryağdıoğlunundur”.
       Şuşada hər getdiyin evdə bir maraqlı tarix yaşayırdı. Üzeyir Hacıbəylinin, Ceyhun Hacıbəylinin, Əhməd Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Bülbülün, Natəvanın nəfəsini yaşadan yerlər çox idi Şuşada.
       Şuşa çox gözəl idi. Ağsaçlı Fazil kişi bir gün bizi çox qəribə yerə qonaq apardı. Şuşanın lap yuxarı məhəlləsində - “Turbaza” deyilən yerin arxasında hündür dağlar vardı. Axşam qaranlığı yenicə düşməyə başlayanda biz dayanıb oradan Şuşaya baxırdıq. Şuşa necə gözəl və əsrarəngiz görünürdü. Mən hələ də dünyanın heç yerində elə gözəl axşamlar görməmişdim.
       
Adətən səhər saat 8-10 radələrində Cıdır düzünə tələsirdik. Bu zamanlar qəribə, özü də qar kimi ağ rəngdə duman topaları ətrafımızı sarırdı. İnsan özünü sanki bir ağ libas geyinmiş kimi hiss edirdi. Az keçməmiş duman çəkilir, parlaq günəş şəfəqləri üstümüzə səpilirdi.
        Şuşa necə gözəl idi!
Bir dəfə Bakıdan tanınmış şair Tofiq Bayram redaksiyaya gəlmişdi. Axşam baş redaktor Mütəllim müəllim redaksiya işçilərini və bizi də Cıdır düzünə istirahətə dəvət etdi. O Cıdır düzündəki Şuşa gecəsi necə gözəl idi... Bu gözəllikdən və təmiz havadan ilhama gələn Tofiq Bayram gəltanlı və bir az da xırıltılı xoş səsi ilə maraqlı şeirlər söyləyirdi. Və düşünürdüm ki, Şuşanın əsl mayası elə sözlə, musiqi ilə yoğrulmayıbmı? Vaqifin, Natəvanın, Nəvvabın, Zakirin söz sənəti bu yerlərdən qidalanmayıbmı?
            Sözlü, musiqili Şuşanı unutmaq çox çətindir.
          Yaşadığımız yerin – “Turbaza”nın -  yanından bir yol “İsa bulağı”na çıxırdı. Yadımdadır ki, hər səhər, hələ günəş çıxmamışdan 105 yaşlı Mürsəl kişi əlində qaval piyada “İsa bulağı”na gedirdi. Və ömrünün sonlarına qədər də Şuşanın o saf və təmiz havası ona oxumağa səs verdi, güc-qüvvət verdi.
        Şuşalılar çox səmimi, mehriban və mənə elə gəlirdi ki, həm də aristokrat insanlar idi. Başqa cür ola da bilməzdi. Axı Şuşa qədim mədəniyyət mərkəzi idi. “Qarabağ” mehmanxanasının qarşısındakı parkda bir skamya vardı. Hamı deyirdi ki, bu skamyada Xan Şuşinski gəlib əyləşərmiş.
          Zaman keçir, dövr keçir, Şuşa xatirələrdə yaşayan bir şəhərə çevrilir. Şuşa haqqında yazmaq və xatirələri yada salmaq isə çox çətin olur.
S. Ağaoğlu qeyd edir ki, babamızdan (atamızdan) – Əhməd bəy Ağaoğludan soruşduq ki, nə üçün Şuşa haqqında xatirələrini yazmırsan? İstanbulda ömrünün son illərini yaşayan Əhməd bəy oğluna belə cavab vermişdi: “O xatirələrə toxuna bilmirəm, mənim üçün çox ağır olur”.Sankt-Peterburqda və Fransada Sorbona Universitetlərində oxumuş, Azərbaycan və Türkiyə Parlamentlərinin üzvü olmuş, “İrşad” qəzetini açmış, “Difai” təşkilatını yaradıb ermənilərin törətdikləri soyqırımın qarşısını almış, Atatürkün həm də silahdaşı olmuş qorxmaz və cəsur Ə. Ağaoğlu Şuşanı xatırlamağa bir qorxu hissi keçirirdi.
        Eyni kədərli “qorxunu” Ceyhun Hacıbəylinin də yazılarında duyurdum.
Və bir gün özüm də Şuşadan yazmaq istəyəndə qəribə qorxu hisslərinə büründüm. Bu hisslərin insanı nə üçün əhatə etdiyini deyə bilməsəm də, bunun çox sıxıntılı olması qənaətindəyəm. Bilmirəm bu Vətən sevgisidir, yurd ağrısıdır (Şuşa elə hamımızın Vətəni deyilmi?), yoxsa itirdiyimiz və bu gün düşmən tapdağında qalan torpağın bizə verdiyi xəcalət hissidir? Deyə bilmirəm.
       Amma Şuşa yadıma düşür! Çox yadıma düşür! Və Şuşanı unuda bilmirəm






Fikirlər