“YAXŞI, ŞUŞANI MƏN VERMİŞƏM” - Rəhim Qazıyev
“Bəs bu kişi indiyə kimi kişiliyini necə sıxıb saxlayıb?“ O adam Sarkisyanın xalası oğludur…” “Yox əgər 24 ildən sonra qeyrətə, namusa gəlibsə, bu qeyrət, namus heç kimə lazım deyil” “Əliyev Ağaların məlum videoda mənim haqqımda sayıqlamalarını sonacan dinlədim, Trend-lə əlaqə saxlayıb bildirdim ki, Ağalar Əliyevi və onun kimi fikirləşən şəxsləri Trend-in redaksiyasında video görüntülü debata dəvət edirəm. Əgər bu debat baş tutmasa bu barədə ətraflı informasiya verəcəm. Çünki bu baş verənlər həyasızlığın son həddidir. Xüsusi xidmət orqanının əməkdaşı olaraq normal ağıla, təfəkkürə malik olan adam bu qədər sayıqlamazdı. Mənim belə bir xəyanət etdiyimi bilib, iki dəfə baş tutan məhkəməmə gəlib bu faktları orda açmayan adam ermənidən pisdir. Əslində video görüntüləri olan xüsusi xidmət orqanı əməkdaşı, həmçinin də şuşalı bir vətəndaş 24 il bu xəyanəti bilə-bilə susubsa o, Sarkisyanın xalası oğludur. Yox əgər 24 ildən sonra qeyrətə, namusa gəlibsə, bu qeyrət, namus heç kimə lazım deyil. Yaxşı, Şuşanı mən vermişəm, bəs şuşalı olan bu kişi indiyə kimi vicdanını, ləyaqətini, kişiliyini necə sıxıb saxlayıb, indi danışır?” Bunu moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Rəhim Qazıyev keçmiş MTN işçisi Ağalar Əliyevin barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. R.Qazıyev Ağalar Əliyevin Şuşanın işğalı ilə bağlı istintaqda səsləndirdiyi fikirlər barəsində də danışıb: “İndi mənim haqqımda ağzına gələni danışan Əliyev Ağaların o zaman istintaqa verdiyi ifadələrdən bir hissəni nəzərinizə çatdırmaq istəyirəm. Şuşanın işğalı barəsində Cinayət İşinin istintaq materiallarının 12-ci cildində, səhifə 294-da MTN-nin Şuşa rayon bölməsinin rəisi Əliyev Ağalar Xasay oğlunun ifadəsindən: “Şuşanın müdafiəsini üç yerə ayırmaq olar, Rəhim Qazıyev gələnə qədər, onun vaxtında və ondan sonra. Rəhim Qazıyev Şuşaya gələnə qədər şəhərin müdafiəsi yerli əhalə və orqanların gücü ilə təşkil olunmuşdu və silah sarıdan kasadlığı nəzərə almasaq çox effektli idi. Rəhim Qazıyev gələndən sonra silah kasadlığı aradan qalxdı və müdafiəsi daha da gücləndi. Rəhim Qazıyev gedəndən sonra nizam-intizam zəiflədi, özbaşınalıq başladı və demək olar ki, tədricən şəhər müdafiəsiz qaldı”. Bu, Əliyev Ağaların 1992-ci ildə ifadədən bir hissədir və mənim haqqımda ifadələrində bir dənə də olsun mənfi ifadə işlətməyib. Xatırladım ki, 4 may 1992-ci ildə həmin Əliyev Ağalar xasay oğlu MTN-nin Şuşa şöbəsinin qapısına kilid vurub şəhərdən çıxıb getmişdi. Həm birinci məhkəməmdə, həm də ikinci məhkəməmdə Əliyev Ağaları mən şahid kimi dəvət etmişəm, ancaq gəlməkdən imtina edib”. Qeyd edək ki, keçmiş MTN-çi Rəhim Qazıyevin Şuşanın işğalı zamanı xarici kəşfiyyata işlədiyini deyib: “Rəhim Qazıyev Şuşanın mühafizəsini öz üzərinə götürdüyünü elan etdi və yerli hərbçiləri postlardan uzaqlaşdırdı. Komendant saatı elan etdi. Kim çölə çıxırdısa, 30 sutka həbs cəzası verilirdi. Ona görə Şuşa əhalisi şəhərdən çıxmağa başladı. Gərək o vaxt yerli əhali Rəhim Qazıyevin sözünə baxmayaraq, özləri Şuşanın müdafiəsini təşkil edərdi. Naxçıvanda Rəhim Qazıyev gələndə qovmuşdular. Videokadr var ki, Rəhim Qazıyev o vaxt Qraçovla yeyib-içib və pul dolu diplomat verib”.