“Yeni Müsavat”ın budəfəki qonağı Azərbaycan caz musiqi sənətinin tanınmış nümayəndəsi, ötən əsrin 70-80-ci illərində estradamızın ən məşhur qrupu olan “Qaya”nın üzvü Cavan Zeynallıdır.
Cavan Zeynallı təkcə özünəməxsus ifaları ilə deyil, həm də duzlu, məzəli söhbətləri ilə yadda qalır, sevilir. Cazmenlə maraqlı, həm də musiqili müsahibə etmək üçün Xətai Sənət Mərkəzinə yollandıq. Onunla müsahibəyə royal arxasında, hal-əhval tutaraq başladıq:
- Necəsiz?
- Çox sağ olun, siz soruşan pis deyiləm, yaxşıyam. Çünki maşallah, indi hava gözəldir, soyuqlar getdi. Baxırsan, sevinirsən, quşlar da oxuyur. Quşların da öz mahnıları, repertuarları var... Ona görə çox yaxşıyam.
- Yəqin ki, musiqi fəaliyyətinizdən də qalmırsız.
- Əlbəttə. Çünki indiki zaman elədir ki, mütləq gərək adam işləsin, inkişaf etsin. Əgər sənə Allah vergisi verilibsə, onu mütləq işlətməlisən. Allahın xoşuna gəlməz ki, sən belə bir talantlı adamsan, amma iş görmürsən. Ona görə də biz işləyirik, çalışırıq, həm də insanlarla ünsiyyətdə oluruq, konsertlər veririk, televiziya ekranlarına çıxırıq. Maşallah, indi bizdə çox kanallar var, necə deyərlər, mən də həmişə avanqardam (gülür).
- Son 4-5 ildə sanki caz musiqisində bir durğunluq yaşanır...
- Düz başa düşmüsüz. “Niyə belə oldu” sualını özümə də verirəm və cavabı hələ ki tapa bilmirəm. Sərhədlər açılıb, cazmenlər, musiqiçilər Bakıya gəlirlər, opera, simfonik konsertlər olur, baxırsan ki, inkişaf var. Amma nəsə mənə elə gəlir ki, bir az ifaçılar pas atırlar.
O vaxtlar belə şey olmamışdı. Sərhədlər bağlı idi, qastrollar az olurdu, xaricə bugünkü qədər gedə bilmirdik. “Qaya” ansamblı ilə 25 xarici ölkədə olmuşuq, Rəşid Behbudovla mən 4 aylıq qastrola, Latın Amerikasına, Argentina, Çili, Panama və sairə yerlərə getmişəm. Görün nə qədər ölkələrdə olmuşuq. Biz hamısını görmüşük və açılmışıq. Amma camaatımız konservatoriyanı bitirir, sonra diplomu alır, vəssalam. Bu, azdır musiqiçi üçün.
Musiqiçi gərək xaricə getsin, orda görsün, bu, lazımlı şeydir... İki həftə bundan əvvəl məni Qazaxıstanın iki şəhərinə, Astana və Ottavaya dəvət etdilər. Respublika Günü ilə əlaqədar 3 gün orda səfərdə oldum və Azərbaycana gələndə ayrı adam oldum. Çünki ayrı-ayrı ölkələrə gedirsən, görürsən ayrı həyatdır, havası da ayrıdır...
- Yeni yaradılan “Qaya”dan da səs-soraq yoxdur.
- Çünki onlar cavandırlar. Əsl “Qaya” dörd nəfərdən ibarət idi, Rauf Babayev, Teymur Mirzəyev, Arif Hacıyev və Cavan Zeynallı. 20 il bir yerdə çalışmışıq. Sonra SSRİ dağıldı, qastrollar da dağıldı... O mahnını xatırlayırsız? (Royalda özünəməxsus şuxluqla məşhur “Ey həyat, sən nə qəribəsən?” mahnısını ifa edir. Bu zaman pianoda ifaya mən də qoşuluram.... Son akkordları vurduqdan sonra yenidən söhbətə başlayırıq) Mahnını 35 il bundan əvvəl Oqtay Kazımov yazıb. Çox maraqlıdır ki, bu mahnını indi cavanlar da sevirlər. Bu sirr nədən ibarətdir axı? Yəni əsl mahnı ölmür, o qalır. “Qaya” onu elə gözəl oxudu ki. Ondan əvvəl bu mahnını mən Flora Kərimova ilə oxumuşduq, Gülarə Əliyevanın “Dan ulduzu” ansamblının müşayiəti ilə. 5 il keçdikdən sonra mahnını “Qaya” oxudu.
- “Ey həyat, sən nə qəribəsən?”... Cavan Zeynallı həyatın qəribəliklərini gördümü?
- Çox. İndiki zəmanədə çoxdur qəribəliklər. Hər gün televiziyada təzə məlumatlar eşidir, qəribə-qəribə şeylər görürük. Sovet dövründə bir qədər sakitlik, rahatlıq idi, televiziya heç nə demirdi. Ancaq deyirdilər “hər şey gözəldir, hər şey yaxşıdır”. Amma baxırsan görürsən ki, indi həyat qaynayır. İstəyəndə aeroporta gedib bilet alıb xaricə gedirsən, heç kim səndən soruşmur ki, sən niyə getdin ora, gəl bir söhbət var, danışaq. İndi belə şeylər yoxdur. Hara istəyirsən get, əsas odur ki, pulun olsun. “Pulun var? Var, var! Pulun var? Bir anbar!” (gülür)
- “Qaya”nın üzvləri ilə görüşürsüz?
“Cavanşir adından qorxurdular deyə adımı Cavan qoydum”
- İndi burda bircə Rauf Babayev qalıb. Onun da məşqləri çox olur. Amma “Qaya”nın 50 illiyində görüşdük.
O gün yeni “Qaya”nın üzvü Şölə ilə bir verilişdə birlikdə ifa etdik. O oxudu, mən isə onu müşayiət etdim. Çox xoşuma gəldi.
“Deyirlər ki, niyə oxuyanda o sözləri dedin?”
- Çoxlarına da maraqlıdır, sizin ixtisasınız pianoçu yox, vokalçılıqdır?
- Bu oxumaq məsələsi yaxşı şeydir, amma çox da çətin və qəlizdir. Gərək adam özünə çox fikir versin, nə yeyir, nə içir və sairə. Gərək isti-soyuq yeməyəsən, araq, şampan içməyəsən, çünki orda qaz var və qaz adamın boğazını birtəhər edir. Amma piano elə şeydir ki, oturub çalırsan. Əgər məndən soruşsalar ki, siz daha çox nəyi sevirsiz, oxumağı, yoxsa çalmağı? Məndə bir cavab var - pianoda çalmağı.
Bəzən deyirlər ki, sən niyə oxuyanda o sözləri dedin? Deyirəm, nə yazılıbsa, onu da oxuyuram da. Deyirlər, yox, gərək sən onu oxumayaydın. Hər adama elə gəlir ki, o hamıdan ağıllıdır. Mən nə qədər mahnı yazmışam... Bax indi bu mahnını mən bəstələmişəm, sözlərini isə Röya xanım, mənim yoldaşım yazıb. (Lirik, gözəl bir melodiya ifa edir)
- Röya xanım şairədir?
- Bəli. Çox maraqlıdır ki, məndən əvvəl o yazırmış. O vaxt cavan qızlar şeir çox yazardılar. Nəsə yazdıqları onun xoşuna gəlmədiyindən çoxunu cırıb atıb. Mənimlə evləndikdən sonra yazdıqlarını ortalığa çıxartdı. Baxdım, dedim ki, gözəl sözlərdir, gəl mən onlara mahnı yazım. Bizdə artıq 12 belə mahnı var. İnşallah, gərək ailə diski buraxım.
- Xanımınız sizin pərəstişkarınız olub?
- Yox, məni televiziyada görürdü, xoşuna gəlirdim... Bu, taledir. Heç bilmirəm necə oldu ki, onunla evləndim. Özüm də başa düşmədim. Amma hiss etdim ki, bu insandır. Yəni bir-birimizi başa düşmüşük.
- Arada qığılcım olub, deyirsiz?
- Bəli.
- Amma deyəsən, çox gec evlənmisiz?
- Bəli. Bilirsiz niyə? Mən cavan vaxtlarımda elə ancaq qastrollara gedirdim, heç Bakıda olmurdum. Qastrollarda olanda heç evlənmək mümkün deyildi, nə vaxt evlənəsən axı, gedirsən-gəlirsən... Amma sovetlər dağılanda, qastrollar bağlananda qaldım Bakıda və evləndim.
- Yəni təklik səbəb oldu.
- (Gülür) Əla sözdür!
- Bir dəfə sizin bioqrafiyanıza baxdım, adınız Cavanşir Zeynallı kimi qeyd olunmuşdu. Cavanşir necə Cavan oldu?
- Bunun öz taleyi, tarixi var. Mən qayıdıram qastrollara. Rusiyada konsert verirdik, səhnədə elan edirdilər ki, oxuyur azərbaycanlı müğənni Cavanşir Zeynallı. Onda diqqət etdim, gördüm ki, məni yaxşı alqışlayır, səhnəyə gül gətirirlər. Mən də oturub yaxşıca ifa etdim, oxudum. Amma gördüm ki, adımdan qaçırlar. Konsertdən sonra çıxdım avtoqraf verməyə. Gördüm ki, 15 nəfərə yaxın qız qaçdı. Dedim, görəsən, bunlar niyə qaçılarlar? Orda filarmoniyada işləyən bir adam dedi ki, sizin adınızı görüb qaçdılar. Əgər sizin adınız qısa olsaydı, onlar indi sizin yanınızda olardı. Rusiyada, Ukraynada Cavanşir kimi adları bilmirlər. Onda rəhbərimiz Teymur Mirzəyevə dedim ki, neyləyək ki, mənim adımı bir qədər qısaldaq, adamlar qaçmasın? Elə şey olar, qastroldayıq, mənim adım da adamları məni qaçırdır?! Onda Teymur dedi ki, gəl “şir”i çıxardaq, “Cavan” qalsın.
- Amma adınız, deyəsən, sizə fizioloji olaraq da sirayət edib, Cavan olaraq elə cavan kimi də qalmısız.
- Bax (gülərək əlini əlinə vurur), dəqiq... İndi deyirlər “oxuyur Cavan!”, hətta Zeynallını da demirdilər, “Ay Cavan, bravo” deyib əl çalıb, alqışlayır, avtoqraf alırdılar. Sən demə, bunlar “şir”dən qaçır, şirlərdən qorxurmuşlar. Dedim, adə, “şir” heç kimi döyən deyil (gülür). Şir yaxşıdır, bizdə şirə çox böyük hörmət var, siz isə şirdən qaçırsız (gülür). Soruşurdular ki, şir nədir? Deyirdim ki, şir “lev” (zarafatla şirin hərəkətini təqlid edir, gülür). Ona görə də adım Cavan qaldı. Amma pasportda Cavanşir gedir.
Əsl musiqiçilər gərək uşaq kimi olsunlar. Mən də bunu satın almışam. Bilirəm ki, əgər həmişə dərd, ciddi söhbətlər olsa adam xəstələnər...
Müsahibəmizin sonunda “Yeni Müsavat” üçün öz improvizasiyasında “Take five” mahnısını ifa etdi. Həmin ifanın videosunu müsavat.com saytında izləyə bilərsiniz.