“KURTLAR VADİSİ”ndən yüksək qonorar təklif etdilər” - Əlibaba Məmmədov

“““Kurtlar Vadisi”ndən yüksək qonorar təklif etdilər” - Əlibaba Məmmədov

Xalq artisti, muğam ifaçısı Əlibaba Məmmədovun AzNews.az-a müsahibə verib.

Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Əlibaba müəllim, yeni dərs ilinin başlamasına az qalıb. Bu il də dərs deyəcəksinizmi?

- Bu barədə indidən nəisə deyə bilmirəm. 87 yaşım var, bu günə kimi tədrisdə olmuşam. Amma sentyabrda necə olacaq, bilmirəm. Yəni, yolu gedib-gəlmək var. Əgər gedib-gələ bilsəm dərs keçəcəm. Milli Konservatoriyanın rəhbərliyində mənə gözün üstə qaşın var deyən yoxdur. İstədiyim vaxt gedib-gəlirəm. Təbii ki, söz deməyə ixtiyarları var, amma xətrimə dəymirlər. Deyirlər ki, bu yaşında onu burada görürük, bu özü böyük xoşbəxtlikdir.

- Sizin sayı-hesabı bilinməyən mahnılarınız var. O mahnıların taleyi necə olacaq?

- Var, bu gün də yazılır. Özü də həmin mahnılar xalq tərəfindən bəyənilir. Eləsi var 50 il, eləsi də var 30 il bundan əvvəl bəstələnib. Həmin mahnılar bu gün də xalqın ürəyincədir. Hərəsində bir səs, ürəyə yatımlılıq var.

- Həmin mahnılardan oxumaq üçün tələbələrinizə vermisiniz?

-Yox. Allah Mehriban xanım Əliyevanın canını sağ etsin, o mahnıların hamısını çap etdirdi. Özü də böyük bir kitab halında. İki kitab, təsniflər və mahnılar, bundan əlavə bir də monoqrafiya. 85 yaşımda mənə böyük bir hədiyyə etdi. Gözəl bir layihə idi. Həyatımda belə bir hədiyyə almamışdım. 85 yaşımda həyatımın ən böyük hədiyyəsini Mehriban xanım Əliyevadan aldım. Sizi əmin edirəm ki, mənə ən bahalı hədiyyə verilsəydi belə, bu hədiyyə kimi qiymətli olmayacaqdı.

- Yaradıcılığınızla bağlı olan hədiyyədən xəbərdar idiniz?

- Az-çox məlumatlı idim. Çünki tez-tez mahnılarımla maraqlanırdılar. Bilirdim ki, yaradıcılığımla bağlı nəsə hədiyyə olacaq. Özü də kitab Türkiyədə çap olunub. Mehriban xanım həm mənim, həm də xalq üçün böyük iş gördü. Musiqilər mənim deyil, xalqındır. Mən onu xalqım üçün yazdım. Məndən sonra illərlə qalacaq. Mahnını bəstələmək üçün yazırlar. O vərəq üstündə qaldısa, kimə lazımdır? Mən yazılan mahnının oxunmasının tərəfdarıyam. Yazmısansa çıxart təqdim elə cəmiyyətə.

- “Kurtlar Vadisi Pusu” serialında sizin mahnılarınızın biri səsləndirilib. Deyilənə görə, “Pana film” şirkəti həmin mahnının müqabilində sizə yüksək qonorar verib.

- Hə, Türkiyədən tez-tez qonağım olur. Həmin mahnı üçün mənə zəng etdilər. Dedim ki, gəlin sizi görüm, söhbət edək, sonra qərar verərəm. Onlar da gəldi. Mahnının oxunmasına icazə verdim. Dedim gedin oxuyun halalınız olsun. Buna görə mənə yüksək qonorar təklif etdilər. Amma mən razılaşmadım. Dedim mən belə şeyə razı olmaram. Vaxtilə bəstəkarlar öz mahnılarını satardı. Bir kişi deyə bilməz ki, Əlibaba mənə mahnı satıb, ona 100 manat vermişəm. Bu, olmayıb. Onlar mənə serial ağırlığında pul təklif eləsəydilər, yenə də almazdım. Allah vergisini, xalqın malını xalqa sata bilmirəm. Mənim bütün mahnılarım gözəldir. İranda da mənim mahnılarım oxunur. Bütün mahnılarımı halal edirəm. Əsas odur ki, orada Azərbaycan xalq mahnısı yazılıb, bu, yüz qonorara bərabərdir.

- Əlibaba müəllim, “Muğam star” müsabiqəsinin iştirakçılarından 3-5 nəfərdən savayı gözə dəyən yoxur…

- Bununla razılaşmıram. Bir neçə müsabiqəmiz olub. Onların hər birində yaxşı uşaqlar təqdim etmişik. İndi hara baxırsan onlardır. Kim qarşısına məqsəd qoydusa, səsi başqa yerlərdən gəldi. 50-60-cı illərdə bu səslərin heç biri olmayıb. Hələ xanımları demirəm. Onların hər biri muğam sənətinin gələcək ustadıdır. Xanım muğam ifaçıları muğamı təmiz oxuyur. Bundan əlavə, o yarışdan sonra xalqımız maarifləndi. İndi hamı muğamı sevir. Muğam böyük bir sərvətdir. Muğama hörməti, sevgini Mehriban xanım Əliyeva gətirdi. Fəxr edirəm ki, mən muğam ifaçısıyam.

- İndi hansı sənətkarı axtarsan, bağ evində tapırsan. Bəs sizin bağ eviniz yoxdur?

- Nə vaxtsa vardı. Mərdəkanda böyük bağım vardı, baxdım ki, işlə düzgün gəlmir. Çünki bağı saxlamaq lazımdır. İldə bir dəfə getməklə bağ olmaz. Odur ki, satdım. Allah prezidentin canını sağ etsin, mənə 3 otaqlı ev verib. Oğlum, nəvəm, gəlinimlə yaşayırıq. Mən də qoca kişiyəm. Balalarımın hamısının bağı var, amma getmirəm. Burada mənə rahatdır. Dünyada rahatlıqdan başqa gözəl bir sey yoxdur. Çox yaşlıyam, yeriyə bilmirəm, buna görə kiməsə əziyyət vermirəm. Dost-tanış da məni yada salır, tez-tez zəng edib hal-əhval tutur. Tələbələrim də daima yada salırlar. Buna görə kimdənsə incikliyim yoxdur.






Fikirlər