"Hara gedirəm, qapılar üzümə açılır, hörmətlə yanaşılır" - Misir Mərdanovdan MÜSAHİBƏ
Keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik. - Misir müəllim, institutda işləriniz necədir? - Şükür Allaha. 4 ildən artıqdır ki, mən bu institutda işləyirəm. İşimdən, işin gedişatından çox razıyam. Buranın kollektivi mənim üçün doğmadır. Çünki bu kollektivin böyük əksəriyyəti mən Bakı Dövlət Universitetində çalışarkən tələbələrim olub. Bəziləri də mənimlə bir yerdə oxuyublar. Bu kollektivə isinişmək, qaynayıb-qarışmaq mənim üçün bir problem yaratmayıb. İşimiz haqqında bir neçə şey də demək istəyirəm. Riyaziyyat və Mexanika İnstitutu akademiyanın elmi-tədqiqat institutudur. Burada əsasən elmi-tədqiqat işləri aparılır. Ancaq son 2 ildə akademiyada magistratura açıldığına görə, bizdə də 4 magistr var. Onlarla məşğul oluruq. Bundan əlavə, bizim institutun əməkdaşlarının əksəriyyəti ali məktəblərdə saat hesabı ya da yarımştat dərs aparırlar. Yəni bu institutda tədrislə elm bir yerdədir. Biz də şərait yaradırıq ki, əməkdaşlarımız həm elmi-tədqiqat işlərini aparsınlar, həm də ali məktəblərdə fəaliyyətlərini davam etdirsinlər. Eyni zamanda, ali məktəblərdə tam ştatda işləyən müəllimlər var ki, onlar bizdə yarım ştatdadırlar. - İnstitutun nə qədər əməkdaşı var? - İnstitutumuzda 200-dən çox əməkdaş çalışır. Onların 100-dən çoxunun elmi adı və dərəcəsi var. Əslində Azərbaycanın riyaziyyat elminin əsas qüvvəsi bizim institutumuzda cəmləşib. İnstitutumuzda mexanika üzrə 4, riyaziyyat üzrə isə 9 şöbə var. Əsas işimiz riyaziyyatın və mexanikanın müasir problemləri ilə bağlı elmi-tədqiqat işləri aparmaqdır. Eyni zamanda bizim institutda fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyası şurası var. Bizdə 4 ixtisas üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu müdafiəsini aparmağa haqqımız var. Təxminən ayda bir dəfə müdafiə şurasının iclası keçirilir. Bu da çox məsuliyyətli işdir. Hər hansı bir iş müdafiəyə çıxarılana qədər, o, labaratoriyalarda, şöbələrdə ciddi müzakirələrdən keçirilir. Sonra işin opponentləri təyin olunur. Daha sonra isə müdafiə keçirilir. - Beynəlxalq əməkdaşlığınız hansı səviyyədədir? - Bizim başqa bir istiqamətimiz budur ki, institutda 4 jurnal çap olunur. Jurnallardan biri sırf mexanika, qalanları isə əsasən riyaziyyatla bağlıdır. Bu jurnalların 4-ü də ingilis dilində, beynəlxalq tələblərə cavab verən səviyyədə çap olunur. Çox sevindirici haldır ki, bu institutun 2 jurnalı – "Riyaziyyat cəmiyyəti” və "Elmi əsərlər” jurnalı "Tomson Röyters” şirkətinin siyahısına düşüb. Azərbaycanda bu qurumun siyahısında olan 4-5 jurnal var, bunun ikisi də bizim institutun jurnalıdır. Biz son 2-3 il ərzində həm "Spokus”un, həm də "Tomson Röyters”in mükafatını almışıq. Elmi-tədqiqat işlərimizə və jurnallarımızın səviyyəsinə görə. Bundan başqa, bizim 13 şöbənin həftədə bir dəfə elmi seminarı keçirilir. Eyni zamanda hər həftənin 3-cü günü saat 10-da institutun ümumi elmi seminarı keçirilir. Ümumi institut seminarlarında təkcə bizim əməkdaşlar deyil, Azərbaycanın və dünyanın aparıcı elm-təhsil müəssisələrinin akademikləri, alimləri də çıxış edirlər. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin tanınmış bir professoru bizim seminarda 1 saatlıq məruzə etdi. Biz ildə bir neçə dəfə dünyanın tanınmış alimlərini dəvət edirik, onlar da gəlib çıxışlar edirlər. Elmi beynəlxalq əlaqələrsiz, beynəlxalq müzakirələrsiz inkişaf etdirmək olmaz. Bayaq dediyim 4 jurnalın redaksiya heyəti dünyada tanınmış jurnalların da redaksiya heyətlərinin üzvləridir. İkinci tərəfdən jurnallarda çap olunacaq məqalələr xaricdə tanınan alimlərin rəyinə göndərilir. Müsbət rəylər alındıqdan sonra onlar çap oluna bilirlər. Üçüncü bir tərəfdən isə dünyanın aparıcı elmi və təhsil təşkilatları ilə bir neçə müqavilə bağlamışıq. Moskva Dövlət Universiteti, Moskvada yerləşən Dillər Universiteti, Rusiya Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnsitutu ilə, Ufada, Kazanda yerləşən institutlarla və sairə. - Bəs Qərb və ya başqa ölkələrin elmi təşkilatları ilə necə? - İtaliyada, Almaniyada, İsraildə yerləşən institutlarla da elmi-tədqiqat sahəsində əməkdaşlıq edirik. Bu yaxınlarda bizim elmlər doktoru olan cavan bir kadrımızı - Vüqar İsmayılovu Oksford Universitetində mühazirə oxumağa dəvət etmişdilər. O da getdi mühazirəsini oxuyub gəldi. Bizim qarşımızda belə bir məsələ də durur ki, müxtəlif sahələrin alimlərinin birgə elmi işini təşkil edək. Məsələn, fiziklərlə riyaziyyatçılar, həkimlərlə riyaziyyatçıların. Yəni, biz multidisiplinar layihələr üzərində işləyirik. - Riyaziyyat fundamental elmdir, əsasən nəzəri xarakter daşıyır. Desəm ki, bizim alimlər tərəfindən dünyada əlahiddə kəşflər edilib, bu, yalan olardı. Amma bu kəşflərə doğru irəliləyişlər var. Çox sevindirici haldır ki, bizim institutda 40 yaşdan yuxarı olan 5 nəfər elmlər doktorudur. Bunlar kişi alimlərdir. Daha 5 nəfərin də elmlər doktoru olmasını gözləyirik. Əlbəttə, bu, istədiyimiz səviyyədən bir az aşağıdır. Cənab prezident də deyir ki, Azərbaycan bütün sahələrdə Cənubi Qafqaz regionunda və dünyanın bir çox hissəsində liderlik missiyasını həyata keçirir. Cənab prezident İlham Əliyev tapşırıq verib ki, Azərbaycan elm sahəsində də Cənubi Qafqazda liderliyi ələ alsın. Azərbaycan Milli Elmlər Akademiyasında bu sahədə ciddi işlər aparılır. Son 5-6 il ərzində Elmlər Akademiyasının nüfuzu həm Azərbaycanda, həm də dünya coğrafiyasında xeyli artıb. Bizi tanıyanların sayı indi daha çoxdur. - Çox təkliflər səslənir ki, Elmlər Akademiyası sovetdən qalma struktur olduğuna görə, ləğv edilməlidir. Amma siz inkişaf tempini göstərən məqamları da sadaladınız. İndi nə qərara gələk? Ötən il Elmlər Akademiyasının Rəyasət Heyəti qərar qəbul etdi ki, dünyanın aparıcı jurnallarında məqalələri çap olunan alimlərə mükafatlar verilsin. Biz institut çərçivəsində 3 dəfə bunu etmişik. Kimin elmi əsəri "Tomson Röyters”in siyahısında çap olunubsa, ona mükafat veririk. Birinci dəfə elmi məqalə verəndə, hansı jurnalda çap edilməsindən asılı olmayaraq 300 manat veririk. Bir alimin bir ildə 4 məqaləsi çap olunsa, bu, 1200 manat puldur. Elə alim də var ki, 10 məqaləsi çap olunur. Əlbəttə ki, belələri azdır. Dünyada jurnalların reytinqinə, əmsalına uyğun olaraq qonorar verilir. Elə jurnal var ki, orada bir məqalə çap etdirsələr, 1000 manat alırlar. Elə jurnal da var ki, orada bir məqalə çap etdirsən, 100 manat ala bilərsən. - Bəs özünüzün necə, məqalələləriniz çıxıbmı? - Mən 4 ildən artıqdır ki, instituta gəlmişəm. Mənim bu illər ərzində 40-dan çox məqaləm çıxıb. Bu il mənim o dediyim jurnallarda 3 böyük məqaləm çıxıb. - Bəzən deyirlər ki, Azərbaycan elmi dünyaya çıxa bilmir. Siz isə konkret faktları sadalayırsınız. Bəs mətbuatın, cəmiyyətin niyə xəbəri olmur ki, Misir Mərdanovun xarici jurnallarda məqaləsi çıxıb? Şəxsən mənim rəhbərliyimlə layihələr həyata keçiririk. Bir layihəmiz var, 4 aydır ki, aparırıq. Biz Gənc Riyaziyyatçılar məktəbi yaratmışıq. 4 aydır, hər həftənin 4-cü günü biz bu işi aparırıq. Mənə belə gəlir ki, əslində media özü belə məlumatların yayılmasında maraqlı olmalıdır. Məlumat almaq istəyən çox yerdən tapar. "Tomson Röyters”in özünün səhifəsində məlumatlar əldə etmək olar. İstəyən bunu edə bilər. Çox təəssüf ki, bunu istəyən azdır. Mən Azərbaycanda elmin inkişaf etmədiyini deyən adamlarla razı deyiləm. Azərbaycanda elm həmişə olub, bu gün də var. Elmi irəli aparan adamlar da var. Dünyada tanınan alimlərimiz də var. Bu gün azərbaycanlı alimlər var ki, Amerika, Meksika, Yaponiya ilə işləyirlər. Bu gün 200 azərbaycanlı riyaziyyatçı Türkiyədə işləyir. Türkiyədə riyaziyyat elmini inkişaf etdirən azərbaycanlılardır. Biz onlarla fəxr edirik. Mən hər yay onlarla görüşürəm. Onları dəvət edirəm, gəlib burada mühazirə oxuyurlar. - Bəs institutunuzun alimlərinin məvacibi necədir? Bildiyimizə görə, maaşlar o qədər də yüksək deyil. - Əlbəttə ki, arzuolunandan aşağı səviyyədədir. Ancaq biz şərait yaradırıq və imkan veririk ki, qabiliyyətlli alimlərimiz burada işləməklə yanaşı, başqa ali məktəblərdə də çalışsınlar. Üzdə olan bacarıqlı alimlərimiz diqqətimizdədir. Yaxşı məqaləsi, kitabı çıxanlara mükafatlar veririk. Eyni zamanda akademiyanın özü də verir. Hər il Elm Fonduna xeyli miqdarda pul ayrılır. Kim bu fondun qrantını udursa, ondan istifadə edir. Bizim institutda da bu qrantdan udanlar var. Dünyanın müxtəlif fondları qrant proqramları elan edirlər. Qabiliyyətli alimlər bu proqramlarda iştirak edir və qrantlar alırlar. Hesab edirəm ki, müntəzəm elmi-tədqiqat işləri ilə məşğul olan, dünyada özünün sahəsinə aid olan elmi-tədqiqatları izləyən alim bu gün normal yaşaya bilər. - Biz şagird olanda riyaziyyat fənni, cəbr, sizin yazdığınız dərsliklə tədris olunurdu. İndi necə, dərslik yazmaq haqqında düşünürsünüz? - O zaman Azərbaycan dilində demək olar ki, dərslik yox idi. Ulu öndər Heydər Əliyevin birbaşa ciddi tapşırığından sonra biz Azərbaycan tarixi, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı dərsliklərini hazırladıq. Heydər Əliyev demişdi ki, bu dərsliklər tarixdə olduğu kimi yazılsın. Biz o zaman Bakı Dövlət Universitetinin, orta məktəblərin müəllimlərini bir yerə yığdıq. Bir neçə ilin ərzində bu işi görə bildik. O zaman riyaziyyat dərsliklərinin hamısı Rusiyada çap olunmuş dərsliklərdən tərcümə idi. Biz qərara gəldik ki, özümüz milli dərsliklər hazırlayaq. Qısa müddətdə milli dərslikləri hazırladıq. Siz də o dərsliklərdən oxumusunuz. İndi Təhsil Nazirliyi tender keçirir. Kim o tenderdə iştirak edirsə və yazdığı kitab o tenderin qalibi olursa, onu da çap edirlər. Bu təcrübə dünyada da belədir. Mənim isə bu işlə məşğul olmağa vaxtım yoxdur. Əvvəllər ona görə məşğul olurdum ki, bu işi təşkil etmək mənim vəzifəm idi. Ancaq mən indi bu işi görə bilmirəm. Mən hazırda elmi-tədqiqat yönümlü kitablar, monoqrafiyalar yazıram. Düzü, Bakı Dövlət Universiteti üçün də bir proqramımız var. Bu universitetin qeyri-riyaziyyat fakültələri üçün riyaziyyat kitabı hazırlayırıq. Yəqin ki, bir ildən sonra hazır olacaq. - Misir müəllim, sizin pedaqoji təcrübəniz də var. Auditoriyaya girib dərs demək istəyirsiniz? - Nazir Misir Mərdanovla institut direktoru Misir Mərdanov arasında hər hansı bir fərq görürsünüz? - Müəllim, rektor, prorektor, nazir olmuşam, indi də institut direktoruyam. Nə davranışımda, nə də insanlara münasibətimdə bir dəyişiklik var. Yalnız və yalnız yaxşılığa doğru dəyişiklik ola bilər. - Bildiyimiz qədəri ilə 2200 manat təqaüd, 900 manata yaxın da institutdan məvacib alırsınız. Bu yəqin ki, dolanışığınıza bəs edir. -Tam bəs edir. Evdə mən və həyat yoldaşımdır. Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur. Hesab edirəm ki, dediyiniz məbləğ nəinki bizim, övladlarımızın da müəyyən ehtiyaclarını ödəyə bilər. Mən heç zaman bədxərc adam olmamışam. Həmişə hər şeydən qənaətlə, səmərəli istifadə etməyə çalışmışam. Ailəmdən, övladlarımdan çox razıyam. Hər gün onlarla danışıram, nəvələrimi soruşuram. İşə gələndən sonra həyat yoldaşımla bir neçə dəfə telefonda danışıram. - Bu il istirahət üçün hansı ölkəni seçəcəksiniz? Əsas Azərbaycan olacaq. Amma eyni zamanda Allah qismət etsə, 10 gün Türkiyədə, 10 gün də Berlində istirahət etmək fikrim var. Bundan başqa, mən İsmayıllıda da olacağam. Orada mənim evim var. Novxanıda da bağda olacağam. - Qayınatanız və qayınananızın məzarları Berlindədir. Yoldaşınızın ana tərəfi almandır. Maraqlıdır, yoldaşınızla necə tanış olmuşdunuz? - Yoldaşımın atası bizim kəndli olub. Onun atası ilə anası Sibirdə sürgündə tanış olublar, orada evləniblər, sonra övladları olub. 1955-1956-cı illərdə bizim kəndə gəliblər. Yəni mən özüm kəndimdə olan adamla ailə həyatı qurmuşam. - Qərbi Azərbaycandansınız. Heç oraların xiffətini çəkirsiniz? -Zaman-zaman fikirləşirəm. Mən orada doğulub, orada orta məktəbi bitirmişəm. 1988-ci ilə qədər bizim ora ilə daimi əlaqəmiz olub. Ancaq indi, uzun müddət vaxt keçib. Hərdən yadıma düşür, yuxuma girir, keçənləri xatırlayıram. Arzumuz budur ki, ərazi bütövlüyümüz təmin olunsun, gələcəkdə o torpaqlara da getmək imkanlarımız olsun. - Nazir olanda o dövrün əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə aranızda mübahisələriniz olub. Bu gün Əli Nağıyevlə əlaqələriniz varmı? - Bu mövzuda danışmaq istəmirəm. Əli Nağıyev indi işləmir. Elə adamın xətrinə dəymək olmaz. Adam Allah tərəfi danışar, Əli Nağıyevin özünün də müsbət cəhətləri var. - Ümumiyyətlə, keçmiş nazirlərlə münasibətləriniz qalıb? -Müəyyən tədbirlərdə görüşürük, səmimi söhbətlərimiz olur. - Hobbiniz nədir? - Hər gün təxminən 3 saat havada gəzintidə oluram. Əsas hobbim budur. Yayda hava yaxşı olanda dənizə gedirəm. Dənizdə üzməyə, dəniz kənarında gəzməyə maraqlıyam. Başqa bir hobbim yoxdur. - Hazırda 4-5 kitabın üzərində işləyirəm. Vaxtım olanda bədii ədəbiyyat da oxuyuram. Son vaxtlar xalq yazıçısı Elçinin "Baş” əsərini oxumuşam. Bu, çox ciddi,tarixi romandır. Lap son günlərdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı "Yalama” əsərini oxumuşam. Demək olar ki, birnəfəsə oxudum. Mən Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatları ilə maraqlanıram. Riyaziyyatçı alimlərimizin həyatından oxuyuram. - Nə zamansa Azərbaycan öz Eynşteynini yetişdirə biləcəkmi? Proqnozunuz nədir? -Bu proqnozu səsləndirmək çox çətindir. Ancaq hər halda onun şahidiyəm ki, Azərbaycanda elm inkişaf edir. Bu gün azərbaycanlı alimlər var ki, Eynşteyn olmasalar da, onlarla hesablaşırlar. Bizim fəxr olunası alimlərimiz var. Biz Lütfi Zadəni tam azərbaycanlı hesab edirik və onunla fəxr etməliyik. - Maraqlıdır, telefonda nə barədə danışırdınız? - Biz rus dilində danışırdıq. Onu təbrik etdim. Lütfi Zadə də burada oxuduğu illəri xatırladı. Durub telefonda elmi müzakirələrə aparası deyildik ki! Onun məşğul olduğu sahə tamamilə fərqlidir. Hətta dünyanın bir çox yerlərində onun qeyri-səlis məntiq nəzəriyyəsini qəbul etməyənlər var. Mən durub bu barədə sual verib danışa bilməzdim. Sadəcə xoş arzularımı, təbriklərimi çatdırmışam. - Cəmiyyət arasına çıxdıqda yəqin ki, sizə çox adam yaxınlaşır. -Mən həmişə hörmət görmüşəm. Bu illər ərzində cəmiyyətdə mənə çox böyük hörmət, ehtiram görmüşəm. Buna görə də, hesab edirəm ki, keçmişdə çəkdiyim zəhmətlər hədər getməyib. Hər yerdə, uşağından böyüyünə qədər mənə hörmət edirlər. Hara gedirəm, qapılar üzümə açılır, hörmətlə yanaşılır. Hətta yolda maşınla gedəndə yol polislərindən, müfəttişlərdən həmişə hörmət görmüşəm. Bu baxımdan mən özümü xoşbəxt sayıram. - Belə bir tendensiya müşahidə olunurmu ki, son illər humanitar elmlərə maraq azalıb? - Xeyr. Humanitar elmlər öz yolu ilə inkişaf edir. Mənim fikrimcə, humanitar elmlərə maraq dəqiq elmlərə maraqdan çoxdur. Dəqiq elmlərlə humanitar elmlər fərqli-fərqlidir. Bunların kəsişməsi yoxdur ki, bir-birini üstələsin. Onlar arasında rəqabət mühiti də yoxdur. Siz nazir olarkən təhsilimizə kurrikulum sistemini gətirmisiniz. Mətbuatda, sosial şəbəkələrdə isə sizi kurrikulum sistemi gətirdiyinizə görə tənqid edirlər. - Bu kurrikulum sistemi təklifi haradan gəlmişdi? Dünyadan. Dünyada çoxdan bu sistemdə işləyirlər. Dünya birliyinə inteqrasiya olmaq istəyiriksə, dünyanın hərəkəti istiqamətində getməliyik. - Xeyr, heç zaman belə söhbət olmayıb.AzerTaym.az