“Yalançı elmlə mübarizə komissiyası plagiatlıqla da mübarizə aparsın”
Hamlet İsaxanlı: “Akademiyanın özündə yalançı elmlə məşğul olanlar çoxdur”
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Yalançı elmə qarşı mübarizə üzrə Komissiya yaradılıb. Komissiyanın sədri Dilqəm Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, "yalançı elm” dedikdə müəyyən siyasi, iqtisadi, ya da şəxsi məqsədlər naminə elmi tədqiqatları, elmi qanunları saxtalaşdırmaq, elmi prinsiplər sisteminə zidd olan nəticələrə elmi nailiyyət donu geyindirmək cəhdi nəzərdə tutulur: "Azərbaycanda son illər elmin inkişafı ilə əlaqədar elmdə neqativ meyillər, elmin imitasiya olunması istiqamətində fəaliyyət güclənib. Elmi işin mahiyyətini açıqlamaq, onun şərhini vermək lazımdır ki, insanları çaşdırmasın”. Azərbaycanda "yalançı elm”lə bağlı halların az qeydə alındığını deyən komissiya sədri bildirib ki, AMEA-ya da belə müraciətlər olur: "Dövlət başçısından tutmuş müxtəlif orqanlara müraciətləredirlər. Onlar da müraciətləri bizə ünvanlayırlar. Birbaşa bizə də müraciətlər daxil olur. Bəzən elə elmi layihələr təklif edilir ki, o layihənin həlli üçün bütün dünya işləyir. Amma bunlar çox sadə yol təklif edirlər ki, bunu bu yolla etmək olar. Belə insanların əksəriyyəti sadə yolla məşhurlaşmaq istəyirlər. Məsələn, bu yaxınlarda belə bir rolik təqdim olunmuşdu ki, "İki günə ağciyər xərçəngini müalicə edirəm”. Halbuki, bu, mümkünsüz bir şeydir. İnsanların özündə də möcüzəyə inanmaq var. Birdən-birə heç bir əsas olmadan elmə zidd olan nəticəni elmi nailiyyət kimi təqdim etmək doğru deyil. Müraciətlər olur ki, elmi layihəm var və onun üçün maliyyə vəsaiti lazımdır. Komissiya layihənin elmin prinsiplərinə, elmi qanunlara zidd olub-olmadığını araşdırdıqdan sonra maliyyələşdirilməsinə yardım edəcək”. D.Tağıyev komissiyanın hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyini də açıqlayıb: "Burada əsas məqsəd yalançı, elmə zidd olan nəticələrin mahiyyətini açıqlamaqdır. Bu işlərdə Komissiya xüsusi ekspert komissiyasının köməyi ilə iştirak edəcək. Sonra əhali arasında maarifləndirmə işləri aparılacaq. Yalançı elmlə mübarizə o qədər asan məsələ deyil. Çünki dəqiq sərhəd qoymaq çətindir. Yalançı elm, elmi səhv haradan başlayır, bunu dəqiqləşdirmək lazımdır. Elmdə səhv ola bilər, amma bu, yalançı elm demək deyil, ona görə belə məsələləri araşdırmaq üçün bu komissiyanın yaradılması məsləhət görüldü. Rusiyada belə komissiya Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin nəzdində 1999-cu ildən yaradılıb. Bəzən savadlı alimlər belə avantüraya əl atır. Onlarla mübarizə aparmaq çətindir. Dünya praktikasında belə hallar var. Bizdə belə hallar olmasa da, yenə də bu ehtimalı nəzərə alaraq onlara qarşı qəti prinsipial mövqe tutmaq lazımdır”. D.Tağıyev deyib ki, AMEA-nın bölmələrinə edilən bu səpkili müraciətlər Komissiyaya təqdim ediləcək: "Komissiyanın iclasında ekspert komissiyası yaradılacaq, mütəxəssislər cəlb olunacaq və məsələ araşdırılıb onlara cavab veriləcək. Əvvəlcə komissiyanın əsasnaməsi yaradılmalıdır. Komissiyanın birinci iclası keçirildikdən sonra bölmələrdən müraciətləri qəbul etməyə başlayacağıq”.
Yeni yaradılmış komissiya ilə bağlı fikirlərini "Şərq”lə bölüşən dilçi-alim, professor Firudin Cəlilov qeyd etdi ki, komissiyanın fəaliyyət istiqamətləri dəqiq bilinməlidir:
- Prinsipcə, bu, mümkün olan işdir. Amma məsələ burasındadır ki, AMEA-nın nəzdində, onsuz da müxtəlif elm sahələri üzrə institutlar, elmi şuralar fəaliyyət göstərir. Elmi əsərlərə, kitablara, nəşrlərə rəy vermək, birbaşa bu şuraların, institutların vəzifəsidir. Rəy verilməmişdən əvvəl araşdırma aparılmalı və yalanla doğru ayırd edilməlidir. Hər kəs işinə vicdanla yanaşsa, belə komissiyalara heç ehtiyac olmaz. Amma bu komissiyanın yaradılmasında məqsəd AMEA-dan kənarda irəli sürülən, iddia olunan elmi nailiyyətləri saf-çürük etməkdirsə, bəli, bu, lazımlı işdir. Çünki son illər müxtəlif elmi nailiyyətlər adı altında insanların aldadılması baş verir. Digər tərəfdən, elmdə belə bir hal da var ki, bu gün ciddi qəbul olunmayan elmi fikir, mülahizə, 50 il sonra gerçəklik qazanır. Yəni, hər elmi mülahizəni əsassız adlandırmaq da, zaman və inkişaf prizmasından baxıldıqda doğru deyil. Komissiyanın tərkibində bir çox sahələr üzrə mütəxəssislər olmalıdır ki, elmin müxtəlif istiqamətlərində araşdırma apara bilsinlər.
F.Cəlilov Yalançı elmlə mübarizə Komissiyasının plagiatlıqla da mübarizə aparmasını təklif etdi: -
Yaxşı olardı ki, bu komissiyanın işinə plagiatlıq da daxil edilsin. Son illərdə elmdə plagiatlıq halları artır. Bizim vaxtımızda namizədlik müdafiə etmiş adam 10 il çalışırdı, doktorluq işi yazırdı, sonra Ali Attestasiya Komissiyası bu işi təsdiq edirdi, bundan sonra ona elmlər doktoru elmi adı verilirdi. İndi baxırsan, dünən namizədlik müdafiə edib, bu gün artıq fəlsəfə doktorudur. Bizim elmimizin bu gün əsas bəlalarından biri plagiatlıqdır. "Yalançı elmə qarşı mübarizənin komissiyalarda aparılacağını düşünmürəm”. Bu sözləri isə Sherg.az-a Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yalançı Elmə Qarşı Mübarizə məqsədilə yaradılan Komissiya haqqında danışarkən professor Hamlet İsaxanlı deyib.
Onun sözlərinə görə, yalançı elmə qarşı mübarizə elmi araşdırmaların səviyyəsinin artırılmasıması və həmin araşdırmaların dünya ilə səsləşməsindən ibarət olmalıdır:
"Ali məktəblərdə, o cümlədən akademiyanın özündə də yalançı elmlə məşğul olanlar çoxdur. Böyük institutlardır, orada 3-5 yüz adam çalışır. Onların içərisində isə yalnız 10-15 nəfər doğru elmlə məşğul olur. Yəni dünyadakıtanınmış elmi jurnallarda məqalə çap etdirirlər. Monoqrafiya yazırlar. Digərləri isə daha çox əyalət elmi ilə məşğul olur və onların içərisində köçürmələr, plagiatlar çox olur”. Yalançı elm anlayışının mahiyyətini izah edən professor bildirib ki, yalançı elm yalnız plagiatdan ibarət deyil: "Yalançı elm həm də elmdə çox ciddi görünməyən xırda məsələlərlə məşğul olmaqdı. Elmdə xırda məsələlər elmə nəinki kömək etmir, hətta maneə olur. İnsanların enerjisi, gücü lazım olmayan xırda məsələlərin həllinə sərf olunur. Və bu da, elmə yenilik və dəyər gətirmir. Bu mənada düşünürəm ki, elm adamına olan tələbat və hörmət artmalıdır. Yəni elm adamı olmaq asan iş deyil. Digər yandan elm adamının nüfuzu, yüksək maaşı və ya təminatı yoxdursa, elmə hörmət də olmur. Bu da, sonda kontyukturaya çevilir. Məsələ belədir. Baxın, təhsildə zəncirvari sistem var. Əvvəlcə universitetlərdə bakalavr səviyyəsində təhsil alırlar, sonra magistratura, ardınca dokturatantura, müdafiə edirlər. Bu pillələri keçəndən sonra yenə də yalançı elmlə məşğul olunursa, deməli həmin zəncirdə problemlər var”.