Aşura - İslamın dörd sütunundan BİRİDİR
Bismilləhir-Rahmənir-Rahim! Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Dünyanın hər yerində Əhli-Beyti (ə) sevənlər gözəl, nurani, insan yetişdirən əzadarlıq məclislərini yaşadırlar. Allahdan istəyirik ki, bizlərə də bu gözəl məclislərdə iştirak edib bəhrə aparmağı nəsib etsin. Məhərrəm-Səfər əyyamı niyə yaşadılmalıdır? Bəs məhərrəm-səfər əyyamı niyə yaşadılmalıdır? Bu sual hər il məhərrəm-səfər əyyamı başlayanda gündəmə gəlir: bu qədər diqqət və önəm verməklə, bu qədər həyəcan və duyğu ilə bu əzadarlıq məclislərini niyə yaşadırıq? Bu sualı verənləri bir neçə qrupa bölə bilərik. Sözsüz ki, bu sualı verənlərin içərisində dinsiz, imansız və ümumiyyətlə dinlə, imanla, inancla bağlı hər hansı təzahürdən narahat olan insanlar da var. Onlar namazdan da, orucdan da, dinin digər atributlarından da narahatdırlar. Bunlar tamamilə ayrı bir qrupdur. Onların dərdləri-sərləri dinlə, imanla, insanların mənəvi həyatıyladır. Bir qrup insanlar var ki, şüurlu, bilərəkdən, qəsdən Əhli-Beyt (ə) məktəbi ilə düşməndirlər. Bu insanlar hətta Aşura günü bayram edərlər, bu günü bayram kimi yaşatmağa can atarlar, Yezidə (lən) “əmirəlmöminin” deyərlər. Əsasən vəhhabi-təkfirçi əqidəsində olanlar buraya aiddir. Bu insanlar təbii ki, Məhərrəm-Səfərin yaşadılmasından narahat olarlar, imkanları olmayanda gizli halda, cürbəcür bəhanələrlə danışarlar. Bu qrup insanların da məsələsi bəllidir. Bir qrup insanlar olar ki, onların dinlə, imanla, inancla işləri olmaz, hətta bəzən ateistlik təzahürləri də olar, amma müxtəlif amillərlə bağlı, o cümlədən, etnik-coğrafi təəssübləri olar. Hər dəfə Məhərrəm dönəmi gələndə onların aid olduqları bölgələrə, zonalara görə daxillərindən bir anlaşılmaz etirazları qalxar, nə üçünsə özlərini borclu bilərlər ki, Məhərrəm-Səfər əyyamı ilə bağlı öz təzahürlərini ortalığa qoysunlar. Baxırsan ki, nə namaz qılırlar, nə oruc tuturlar, dinə heç bir aidiyyətləri yoxdur, amma bu məsələlərdə özünü borclu bilir ki, səhnəyə çıxsın, qərəzlə, təəssüblə mövqe bildirsin. Amma sözsüz ki, bütün bunlarla yanaşı, səmimi şəkildə bu sualı verənlər də var ki, nəyə görə Kərbəla məktəbi, Aşura yaşanmalı, yaşadılmalıdır? İslamın birinci sütunu - besət Bu suala cavab vermək üçün bizlər ilk növbədə İslam və islami kimliyi nəyin təşkil etdiyini müəyyən etməliyik. Çünki, bu sualı verən normal insandır, axtarandır. Yaxud imanlıdır, müsəlmandır və İslamı daha yaxşı tanımaq, İslamda Aşuranın yerini bilmək istəyir. Həm özümüz, həm həm də bu daxillərində sual yaranan insanlar üçün çox faydalıdır ki, Aşuranın İslamın harasında yerinin olduğunu, nə kimi statusa malik olduğunu müəyyən edək. Əgər İslama tərif vermək istəsək, İslam inancının bütöv bir halda, geniş anlamda nə olduğu bəyan etmək istəsək, gərək dörd rüknunu, 4 mühüm hissəsini bəyan edək. Əvvəla, İslam - yəni “Muhəmmədiyyul (s) hudus”. Mübarək İslam dininin bir rüknu əziz İslam peyğəmbəri (s) ilə bağlıdır. Peyğəmbərimizin (s) vasitəsilə İslam dünyaya göz açdı, zühur etdi. Peyğəmbərin (s) besəti bu deməkdir. “İslam nədir”i anlamaq istəyiriksə, bilməliyik ki, İslamın ən mühüm bir hissəsi Peyğəmbərin (s) besətidir və bu olmadan, İslam yoxdur. Besət - peyğəmbərliyə məbus olunmaq, vəzifələndirilmək nöqtəsi İslamın birinci rüknü, daşıyıcı sütunudur. İkinci sütun - ikmal İslamın ikinci mühüm sütunu, əsası, özülü “Ələviyyul kamal”dır. Yəni İslam dini Həzrət Əmirəlmöminin Əlinin (ə) vilayəti, rəhbəriyyəti ilə kamala çatdı. İslam dini Həzrət Rəsulallahın (s) mübarək besəti ilə dünyaya gəldi, Həzrət Əlinin (ə) nurani vilayəti ilə kamala çatdı. İslamın dörd rüknünün, bünövrəsinin, əsasının birincisi besət, ikincisi isə Qədir-Xumdur. Amma bu ikisi ilə İslam hələ yarımçıqdır. Üçüncü və dördüncü sütun İslamın üçüncü bünövrəvi mövzusu “Hüseyniyyul (ə) bəqa”dır. İslam Həzrət İmam Hüseynin (ə) mübarək Aşurası ilə ayaqda qaldı, dirçəldi, yaşadı, Qiyamət gününə qədər sığortalandı və davamiyyət, əbədilik tapdı. Əgər Aşura olmasaydı, besət davam etməyəcəkdir. Əgər Aşura olmasaydı, Qədir-Xum davam etməyəcəkdi. Biz Aşuranın nə olduğunu çatdırmaq üçün, Məhərrəm-Səfər əyyamını nə üçün yaşatdığımızı özümüzün və digərlərin bilməsi üçün, Məhərrəmin ilk ongünlüyünün nə üçün önəmli olduğu sualını cavablandırmaq üçün gərək ilk öncə dinimizin mühüm dörd rüknunu çatdıraq. Əziz Peyğəmbərimizin (s) vasitəsilə İslam din olaraq bəşəriyyətə göndərildi, Qədir-Xum fenomeni ilə mübarək din Həzrət Əlinin (ə) vilayətinin elan olunması vasitəsilə kamala çatdı və Həzrət İmam Hüseynin (ə) Aşurası ilə bəqaya çatdı. Aşurada tökülən qanların bərəkətinə görə, besətin hədəfləri Qiyamət gününə qədər sığortalandı. Aşurada tökülən mübarək şəhid qanlarının hesabına Qədir-Xumun vilayi kamala çatdırmaq mövzusu Qiyamət gününə qədər sığortalandı. Həzrət Hüseynin (ə) əziz əzadarları, İmam Hüseyn (ə) əzadarlıqlarını yaşadan hər kəs əməli halda, praktik halda bu sığortalanmanın həyata keçməsində iştirak edir. Xoş olsun Hüseyn (ə) əzadarlarının, bu əyyamda öz zahirləri, davranışları ilə İslamı Qiyamət gününə qədər sığortalayan əzizlərin halına. Bu sadalanan üç sütunla da İslam bitmir. İslamın dördüncü sütunu “Məhdəviyyul (ə.f) şumul”dur. Əziz Mövlanın (ə.f) - 12-ci İmam Həzrət Məhdinin (ə.f) mübarək zühuru ilə mübarək İslam bütün dünyaya və hər kəsə şamil olacaq, ümumbəşəri hala gəlib çatacaq, bütün insanların praktik istifadə etdiyi bir mərhələyə gəlib çatacaq. Bu mərhələyə gəlib çatmaq üçün insanların, bəşəriyyətin tutumu olacaq və bu mərhələ, inşəallah, yetişəcək. İmam Hüseyn (ə) əzadarlıqları İslamın Qiyamətədək sığortalanmasına xidmət edir Sadalanan dörd sütun birlikdə İslamı təşkil edir. O namaz ki, besətə bağlantısı olmaya - namaz deyil. O namazın ki, vilayi rəngi olmaz - kamala çatmaz. O namaz ki, Aşura rənginə boyanmaya - onun bəqası olmaz. O namaz ki, Mövlanın (ə.f) intizarı ruhiyyəsi ilə həyata keçirilməz - namaz olmaz. Besəti səhv anlaşılmış, Qədir-Xumsuz, Aşurasın, İntizarsız İslam - başqa bir şeydir. Baxın, ümmətin ən böyük dərdi olan bu təkfirçilik, qəddarlıq, öz mahiyyətindən uzaq olan təlimlər - məhz 4 sütundan uzaq düşməyin nəticəsidir. Bu gün bəziləri çox istəyir ki, İslam elə görsənsin. Bunun üçün çox canfəşanlıq edirlər. Hər il Hüseyn (ə) əzadarları Ərbəin günü 25-30 milyonluq sayla eşq yürüşü edirlər. Bu eşq yürüşü İslamın Qiyamətədək sığortlanmasının həyata keçirilməsidir. Hər il Hüseyn (ə) aşiqləri dünyanın harasında olsalar, Məhərrəmin ilk gecəsi daxil olandan etibarən məclislərdə olarlar. Kişili-qadınlı, böyüklü-kiçikli bu məclislərdə olarlar və bununla da dinin diri saxlanmasında iştirak edərlər. Əgər Aşura olmasaydı... Əgər Aşura olmasaydı, Aşurada İmam Hüseynin (ə) fədakarlığı olmasaydı, İslam tarixi ilə, hicri təqvimi ilə birinci yüzilin sonunda, ya da ən yaxşı halda ikinci yüzilin əllinci ilinə qədər İslamın “Fatihə”si verilmişdi. Bu söz çox nəzəri görünə bilər. Amma Həzrət İmam Hüseynin (ə) də buyuruşlarında var ki, əgər Yezidin (lən) istədiyi olsa, İslamın “Fatihə”si verilər. Diqqət edək ki, günümüzdə biz bunun əməli formasını gördük. Əgər Aşura ruhiyyəsi və Aşura məktəbi, Məhərrəm-Səfərdən gələn bərəkətli məktəb olmasaydı, nə Kərbəla, nə Nəcəfül-Əşrəf, nə Həzrət Zeynəbinin (s.ə) Suriyadakı hərəmi qalardı. İlk fürsətdə bizim vətənimizdə olan ziyarətgahları da aradan apararlar. Bu təkfirçi vandallar üçün heç bir fərq yoxdur. Ona görə də, bu gün Aşura ruhiyyəsini yaşatmaq üçün yığışan əzadarlar bu məsələyə xüsusi diqqət etməlidir. İmam Hüseynin (ə) Aşura dəyərləri - Peyğəmbərin (s) besətinin dəyərləridir Aşura yaşadılmalıdır, çünki bütün İmamlar (ə) Aşuranı yaşatdı, Əba Əbdillahdan (ə) sonra gələn bütün Məsumlar (ə) yaşatdı. Aşura yaşadılmalıdır, çünki, Məhərrəm-Səfər əyyamı yaşananda nəticədə besətin hədəfləri yaşanır. Budur ki, Peyğəmbərimiz (s) buyurur ki, “Hüseyn məndəndir, mən də Hüseyndənəm”. İmam Hüseynin (ə) Peyğəmbərdən (s) olması hissəsində sual yoxdur, bəli, Peyğəmbərimizin (s) nəvəsidir. Amma, Peyğəmbərimiz (s) “Mən də Hüseyndənəm” deməklə bəyan etmək istəyir ki, Aşuranın ali dəyərləri o dəyərlərdir ki, onun (s) besəti həmin dəyərlər üçün idi. Aşuranın dəyərləri besətin dəyərlərini sığortaladı, İmamların (ə) vilayətini nəzəri haldan praktik hala keçirtdi. Aşuranın dəyərləri bəşəriyyəti tək dünəndə saxlamır, irəliyə baxdırır, Zühura tərəf yönəldir, Mövla (ə.f) müntəzirinə çevirir. Məhərrəmlik ongünlüyündə dəyişə bilərik Əxlaq ustadları deyirlər ki, Məhərrəmliyin ilk ongünlüyü - dəyişmək ongünlüyüdür. Bizlər də İmam Hüseyn (ə) məclisində dəyişmək istəyirik. Kərbəla səhnələrində Hürrə baxıb həqiqi tövbəni öyrənmək, tövbəkar olmaq istəyirik. Kərbəla məktəbində Həzrət Əbəlfəzlə (ə) baxıb həqiqi həya dərsini almaq istəyirik. Alimlər buyurur ki, bir kəsin qəhrəmanı Hüseyn (ə) olsa, görsə ki, onun qəhrəmanı Aşura günü o qızmar istinin altında o müsibətlərlə, o əziyyətlərlə doğranır, həmin insan necə təkəbbürlü, xudbin bir insan ola bilər? Bizlər Aşura məktəbini tanımaqla islahımıza nail ola bilərik. İmam Hüseynin (ə) qəm karvanının Kərbəlaya gəlişi İmam Hüseynin (ə) karvanı Kərbəlaya məhərrəmin ikinci günündə çatdı. Artıq bəlli oldu ki, bura həmin yerdir. Əba Əbdillah (ə) həmin yerin adını soruşdu, müxtəlif adlar dedilər, amma Kərbəla deyiləndə bəlli oldu ki, bu, həmin yerdir. Həzrət Zeynəb (s) Əba Əbdillahın (ə) yanına gəldi. Dedi: “Hüseyncan (ə), ürəyimi qəm bürüyüb, kədər bütün varlığımı bürüyüb. Bu yer haradır?”. Həzrət İmam Hüseyn (ə) buyurdu: “Bura - bizim şəhadət məkanımızdır. Burada xeymələri qurunuz”. Xeymələr qurulur, camaat yerləşir, Həzrət Zeynəbi (s.ə) qəm və kədər bürüyüb, göz yaşları axır. Gəlir İmam Hüseynin (ə) yanına. Bir də bu cür Aşura gecəsi bu sözləri deməyə gələcək. Xanım Zeynəb (s.ə) deyir: “Qardaş, mümkündür biz buradan gedək?”. Həzrət İmam Hüseyn (ə) buyurur: “Yox əziz bacım, bura - bizim şəhadət məkanımızdır”. Bir də Aşura gecəsində Əba Əbdillah (ə) şəhadət xəbərini verir. Bu xəbəri verəndə Həzrət Zeynəb (s.ə) gəlir qardaşının yanına və deyir: “Hüseyncan, mümkündür biz buradan qayıdaq?”... Qoşun başçısı Hürr ibni Yazid, məhərrəm ayının 2-də Ubeydullah ibni Ziyada (lən) məktub yazaraq, onu İmamın (ə) gəlişindən xəbərdar etdi. Həmin gündə İmam Hüseyn (ə) Kufə əhlinə məktub yazır və Həzrətin (ə) inandığı insanları öz gəlişindən agah etmək istəyir. Həzrət (ə) bu məktubu Qeys ibni Məshərə verir ki, Kufəyə aparsın. Ancaq zalımlar bu səfiri tutur və onu şəhid edirlər. Qeysin şəhadət xəbəri İmama (ə) çatanda, Həzrətin (ə) mübarək gözlərindən yaş gəlir. Göz yaşı mübarək yanağından axır və o, bu halda buyurur: “Allahım! Bizim üçün və bizim Əhli-Beyt (ə) davamçılarımız üçün Öz yanında uca bir qərargah qərar ver. Bizi onlarla bir yerdə Öz rəhmətində cəmlə ki, Sən hər bir işə Qadirsən”. Allahım, bizləri İmam Hüseyndən (ə) ayrı salma! Allahım, bizlərə həqiqi əzadarlardan olmağı və bununla İslamı Qiyamətədək sığortalamaqda iştirak etməyi nəsib et! Allahım, hallarımızın bu günlərdə yaxşıya, yüksəyə, aliyə tərəf dəyişməsini nəsib et! Amin!