Milli Qəhrəmanın DEPUTAT XANIMI Flora Qasımova: “Qisas hissi İÇİMİ YANDIRIR”

Milli Qəhrəman Şirin Mirzəyevin deputat xanımı Flora Qasımova: “Bizə ikicə həftə lazımdır ki...”

Milli Məclisin deputatı, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımı Flora Qasımovanın 70 yaşı tamam oldu. Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə ölkənin  ictimai-siyasi həyatında fəal iştirakına görə xanım deputat “Şöhrət” ordeni ilə təltif edilib.

Flora xanımla yubiley yaşında söhbət etməyin əslində o qədər də asan olmadığını əvvəldən bilirdik... Tale elə gətirib ki, bu fədakar xanımın doğum günü həm də dünyaya göz açdığı Xankəndi şəhərinin, həmçinin Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğal olunduğu vaxta təsadüf edib. Xankəndi və Kərkicahanın işğalının ildönümü tədbirlərinə, şəhidlərimizi ziyarət mərasimlərinə qatılan xanım deputatın doğum günü əhvalının olmadığının bir daha şahidi olduq. Bununla belə, o, acılı-şirinli xatirələrini “Yeni Müsavat”a bölüşməyə razılaşdı.

- Flora xanım, yubiley yaşınızda prezident sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olundunuz. Doğum gününüzdə, yubileyinizdə hansı hisslər keçirirsiniz?

- Əvvəlcə mən cənab prezidentimizə təşəkkür edirəm, böyük etimad göstərib, çox sağ olsun. Doğum günü təəssüratlarıma gəldikdə... Mən bugünkü hissləri demək olar ki, 26 ildir keçirirəm. Doğulduğum, boya-başa çatdığım, ilk əmək fəaliyyətinə başladığım Xankəndinin itirilməsi mənə çox pis təsir edir. İçimdə həmişə çox kədərli bir hiss var. Çox adam inciyir ki, doğum günündə niyə demirsən, bir tədbir keçirmirsən? Deyirəm, vallah mənim ürəyim gəlmir. Çünki hər dəfə həmin hadisələri təkrar-təkrar yaşayırsan, insan ürəkdən sevinə bilmir. Şükür Allaha, uşaqlarım, ailəm, mehribanlıq, hər kəsin öz iş-gücü var. Belə baxırsan ki, nə dərdim var? Bəzən deyirlər ki, həm də millət vəkilisən. Amma bu ad da üzərində böyük bir ağırlıqdır, içində elə bil hesabat verirsən ki, bəs, bu illər ərzində mən nə etmisən, nəyə gücüm çatmayıb? Mən heç nəyə laqeyd olmamışam. Çalışmışam kiməsə qarşı kobudluğum olmasın, münasibətim yaxşı olsun, problemləri həll etməyə çalışmışam. Yaxından tanıyanlar bilirlər mən necə adamam. Mən ətrafıma laqeyd insan olmamışam və mənə müraciət edənlərə də həmişə kömək etməyə çalışmışam.

- Sizi bir az da qapalı insan kimi xarakterizə edənlər var. Çox danışmağı heç sevmirsiniz. Bu qapalılıq Xankəndi şəhərinin, yoxsa Şirin Mirzəyevin itkisi ilə bağlıdır?

flora qaimova.jpg (96 KB)

“Xankəndinə qayıtsaq, əvvəl gedib qəbiristanlığımıza baş çəkəcəyəm”

- Mənim bir xasiyyətim var: əgər bir sözü deyirsənsə, bir problemi qaldırırsansa, onun həllinə nail ola bilmirsənsə, danışma! Çalışıram ki, hansısa problemi həll edim. Amma nail ola bilmirəmsə, o barədə danışa bilmirəm. Belə bir xasiyyətim var: əvvəlcədən heç kimə söz vermərəm, yox, əgər bir şeyi etməyə söz vermişəmsə, illər keçsə belə, məqsədimə çatmayınca o işdən əl çəkən deyiləm. Həm də açıb-ağardım ki, bunu etdim, onu etdim, yox. Mən bircə işğal altındakı Xankəndi ilə bağlı hansısa məsələdən danışa bilərəm. Amma əlavə nə bacarıramsa, onu edirəm, o barədə danışmaq istəmirəm, bu, mənim daxilimdən gələn məsələdir.

- Bəlkə də taleyin qismətidir ki, doğum gününüz həm də doğulduğunuz Xankəndinin işğal tarixi ilə eyni vaxta təsadüf edir...

- Bəli. Həm də 5 yanvarda Şirin Mirzəyevin doğum günüdür. Bu neçə günləri çox xəyallara dalırsan, keçmişi bir də təzədən yaşayırsan, istəyirsən ordan müsbət nə isə götürəsən. Amma torpaq itkisi bizə ürəkdən sevinməyə imkan vermir.

- Deməli, ad gününüzü Şəhidlər Xiyabanında, Şirin Mirzəyevin məzarı başında qeyd edirsiniz, eləmi?

- Şəhidlər Xiyabanında 4-5 nəfər xankəndli uyurur, mən onların hamısının qəbrini ziyarət edirəm.

- İşğal olunanda Xankəndidəydiniz?

- Yox. Mən Xankəndidən çoxdan çıxmışam. Amma mənim, yoldaşımın bütün qohum-əqrəbası o zonadandır-Xankəndi, Şuşa, Laçın, Ağdamdan. Səpələnmişdik o rayonlara. Mən 1976-cı ildən Bakıda yaşayıram.

- Xankəndidə müəllim də işləmisiniz, eləmi?

- Bəli. Vaxtilə tale mənim qarşımda çox yollar açıb. Mən vaxtilə təhsil aldığım məktəbdə - Xankəndi Nizami adına 4 saylı orta məktəbdə müəllim işləmişəm. Sonra tədris hissə müdiri seçilmişəm. 23 yaşımda vilayət sovetinin deputatı olmuşam, şəhər partiya komitəsində təlimatçı işləmişəm. Bir də tale elə qismət edib ki, 63 yaşında millət vəkili seçilmişəm.

flora qaimova2.jpg (89 KB)

- Xankəndi məktəbində neçə il müəllim işləmisiniz?

- 5 il işlədim.

- İrəvanda da yaşamısınız...

- İrəvanda çox az, cəmi 3 ay yaşadım. Çünki mən orda qala bilmədim, gəldim, amma yoldaşım 5 il işlədi. Sonra Şirini dəyişdilər, gəldik Bakıya.

- Rəhmətlik Şirin Mirzəyev o zaman İrəvanda daxili işlər orqanlarında çalışırdı, eləmi?

- Bəli. 25 il Daxili Qoşunlarda xidmət edib. Amma əmək fəaliyyətini elə orda, İrəvanda başlayıb.

- İrəvanda əhatənizdə olan ermənilərlə münasibətlər necə idi?

- Orda daha çox millətçilik hissi var idi. Biz Bakıdan gedən bir erməninin evində kirayə qalırdıq. Ana çox mülayim qadın idi, mənə münasibəti çox yaxşı idi. Amma qızının isə məni görməyə heç gözü yox idi. Ümumiyyətlə, anasının da qızdan xoşu gəlmirdi. Təsəvvür edin ki, ana ilə qız ayrı-ayrılıqda yemək asırdılar, birgə yemək yemirdilər. Bəlkə də mənim gözümü elə şeylərlə qorxutdular. Amma ümumiyyətlə, Şirin torpağa çox bağlı insan idi, orda çox qala bilməzdi.

- Şirin Mirzəyevlə ilkin tanışlığınız haradan başlamışdı?

- Biz Şirinlə bir məktəbdə, bir sinifdə oxumuşuq, bir parta arxasında oturmuşuq.

- Məktəbdə oxuduğunuz zaman əhd-peyman bağlamışdınız?

“Bir erməni qonşumuz  var idi, ağlayırdı ki, Bakı hara baxır, niyə gəlib Ermənistandan gələn saqqallıları burdan çıxartmırlar?”

- Yox. Mən instituta daxil oldum. Birinci kursda oxuyandan gəlib-gedirdi, yenə heç bir söz demirdi. Yalnız 1970-ci ildə məktəbdə müəllim işləyəndə məktub yazmışdı. Onda başa düşdüm, amma hər dəfə onunla görüşdən qaçırdım. İlk müraciətindən 9 il sonra biz ailə qurmuşuq.

- Məktubunda nə yazmışdı?

- (gülür) Yox, onu deyə bilmərəm.

- Ruhu şad olsun!

- Çox sağ ol. Mən həyatım boyu çalışmışam ki, ləyaqətlə yaşayım, insanlara xoş münasibətimlə seçilim. Bir müəllim kimi də xoşbəxt insanam. Azərbaycan qadını kimi də xoşbəxt insanam, baxmayaraq ki, həyat yoldaşımı, qohumlarımı, torpağımı itirmişəm, evlərimiz dağılıb. Qarabağın axundu olan babamın Cıdır düzündəki qəbrini ermənilər dağıdıb, onu heç unuda bilmirəm və qisas hissi içimi yandırır. Mənim ürəyim o vaxt sakit olacaq ki, Xankəndidə yaşayacağam.

 - Flora xanım, siz Sərkisyan və Köçəryanı yaxından tanıyırdınızmı?

flora qaimova4.jpg (121 KB)

- Onları görmüşdüm, ancaq yaxından əlaqəm olmayıb. Çünki mən orda bir müddət işlədim, sonra ailə həyatı qurub getdim. Köçəryanı yaxşı tanıyırdım, azərbaycanca təmiz bilirdi. İpək Kombinatında ilk partiya təşkilatının katibi idi. Yalnız iclas, ya büro olanda telefon zəngi olurdu, lakin oturub onunla üz-üzə söhbət etməmişəm.

 - Xankəndi icra hakimiyyətinin yaradılması ilə bağlı illər öncə təşəbbüs qaldırmışdınız. Bu məsələ niyə reallaşmadı?

- Vallah deyildi ki, vaxt çox keçib. Bəlkə də ilk vaxtlarda prezidentə müraciət etsəydim, nəticə olardı. Ancaq indiyədək qalıb.

- Xankəndi əhalisinin sayı səhv etmirəmsə, 10 min nəfərdən artıqdır.

- Onu dəqiq heç kəs deyə bilmir. Xankəndidə sonradan Pedaqoji İnstitut, Ayaqqabı Fabriki açıldı və ətraf rayonlardan burada işləməyə çox adam gəlmişdi. Onlar həm də burada yaşayırdılar. Məsələ burasındadır ki, onları qeydiyyata almırdılar. Laçından da çox adam köçmüşdü. Hətta xeyli həkimlər ora təyinat almışdılar. İnstitutu bitirib orada ailə qurub yaşayanlar çox olmuşdu. Beləcə əhalinin sayı artmışdı.  Süni surətdə ermənilərin sayını artırırdılar və azərbaycanlıların sayını az göstərməyə çalışırdılar.

- Xankəndidə ermənilərin sayı nə qədər idi?

- Guya ki, 55 min idi. Statistikada azərbaycanlıların sayını cəmi 4 mindən çox göstərirdilər. Amma mən ilk dəfə deputat seçiləndə tələbələrimi, oranı yaxşı tanıyanları topladım, hər məhəllədə yaşayanları  siyahılaşdırdıq. Hələ xeyli yaddan çıxanlar da oldu, amma 8 minə çatmışdı. Elələri var idi məktəbdə işləyirdi, Xankəndidə yaşayırdı, amma qeydiyyata almırdılar.

- Flora xanım, Xankəndidən çəkilmiş foto, video görüntülərə baxırsınızmı?

- Qorxuram, baxa bilmirəm. Hətta mənim babamın Cıdır düzündəki qəbrini dağıdıblar, mən ora da baxa bilmirəm.

- Siz ermənicə danışa bilirsiniz?

- Qarabağdakı ermənilər ilə sərbəst danışa bilərəm. Amma ədəbi dili tam bilmirəm.

- Xankəndidəki azərbaycanlıların qovulmasından bir neçə gün sonra Kərkicahan da işğal edildi...

- Bəli. 1991-ci ildə Kərkicahana qəsəbə statusu verilmişdi. 1988-ci ildən sonra Kərkicahan camaatı 4 il dözüb durdu, düşmənə müqavimət göstərdi. 1991-ci ilin 28 dekabrına kimi...Orda 2 min azərbaycanlı kompakt yaşayırdı. Özü də Kərkicahan camaatı qadınlı-kişili çox qoçaq, hünərli adamlar idi. Onlar erməni ilə üz-üzə gəlməyi bacaran adamlar idi. Sadəcə onların silahı, hərbi texnikası yox idi. Ermənilər onları silah gücünə çıxarda bildilər. Dəfələrlə hücum olmuşdu, insanlar öldürülmüşdü. Elə Kərkicahanın 50 şəhidi var. O günlər haqqında danışmaqla bitmir. Danışdıqca da bu ədalətsizliyə, haqsızlığa içimdə bir üsyan var. Başqa ölkənin işğalçı ordusu 25 il ərzində sənin torpağında qala, sənin də imkanın çatmaya onu qovub-çıxartmağa, bu, ağır dərddir.

- Rəhmətlik Şirin Mirzəyev bu günlərdə sağ olsaydı, sizcə, nə deyərdi, nə edərdi?

- Bir tərəfdən düşünürəm ki, bu gün Şirin Mirzəyevin ruhu şaddır. Onun birinci məqsədi o idi ki. Azərbaycan ordusu vahid komandanlıq altında olsun. Söhbətimiz həmişə bu haqda olardı. Bizim hər mövzuya aid ortaq mövqeyimiz var idi. Bizim söhbətimiz həmişə tuturdu. Həmişə vahid komandanlıq arzusundaydı. İndi onun ruhu şaddır, şükür Allaha ki, güclü Azərbaycan ordusu var. Sağ olsun Ali Baş Komandan. Ordumuz müasir silahlarla təmin olunub, hərbi sənayemiz yaradılıb. Bizə iki həftə lazımdır ki, gedək öz torpaqlarımızı qaytaraq. Amma niyə bizə imkan vermirlər? Amma bizim hüququmuz çatır ki, işğalçı ordunu ərazimizdən çıxaraq. Hansı ölkə ərazi bütövlüyü pozulanda danışıqların nəticəsini gözləyir? Sadəcə dünyada ədalətsizlik var.

- Vaxtaşırı, 3-5 rayonun azad olunacağından danışılır, ancaq deyilir ki, Xankəndi daxil, Dağlıq Qarabağın taleyi sonraya saxlanılacaq. Bu, sizə necə təsir edir?

flora qaimova3.jpg (115 KB)

- Təbii ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı rayonlardan söhbət gedir. 7 rayon azad olunandan sonra guya ki, referendumla Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır.

- Buna nə qədər inanırsınız?

- Vallah çox çətin məsələdir. Çünki ermənilər o dərəcədə qəddarlıq elədilər ki...Faktiki olaraq soyqırım törədiblər, bu soyqırımın da cəzası olmalıdır. İndi ordan-burdan müxtəlif danışıqları eşidirəm. O vaxt sadə ermənilər başqa fikirdəydilər. Bir erməni qonşumuz  var idi, ağlayırdı ki, Bakı hara baxır, niyə gəlib Ermənistandan gələn saqqallıları burdan çıxartmırlar? Amma fakt budur ki, ekstremistlər sonradan digərlərini də öz sıralarına qoşdular. Bizim körpələrimizin, qız-gəlinlərimizin başına çox müsibətlər gətirdilər. O hadisələr heç vaxt yadımızdan çıxmayacaq.

- Heç ağlınıza gəlirmi ki, Xankəndinə bir daha qayıtmaya bilərsiniz?

- (Üç dəfə təkrarlayır) Yox. Onu düşünsək, artıq ölmüş bir insanıq da. O halda Vətən hissi olmayan bir varlığa dönərik. Aprel döyüşləri göstərdi ki, biz o torpaqların azad olunmasını istəyən, buna can atan və bu yolda hər cür çətinliyə qatlaşan millətik. Bilmirəm, başqa millətlərdə də “Gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşı” deyimi varmı? Bu, onu göstərir ki, torpaq, Vətən bizim üçün müqəddəsdir. Biz torpağa bağlı millətik.

- Xankəndinə qayıtsanız, əvvəlcə hara gedərdiniz?

- İlk öncə Şirinin atasının, əmisinin məzarlarını ziyarət edərdim. O vaxt gedib o qəbirlərin başdaşlarını sınmış görmüşdü. Orda çox ağrılı hisslər keçirmişdim. Şirini heç zaman  o dərəcədə sınmış görməmişdim. O əvvəlcə bir mahnı zümzümə elədi. Mən təəccübləndim ki, bu, niyə oxuyur. Hiss elədim ki, nəyisə danışa bilmir. Onun xasiyyətini bilirdim axı. Gözləri dolmuş halda qayıtdı ki, getdim gördüm qəbirlərin başdaşlarını aşırıblar, atamın başdaşı  sınıb. Dedi, sınmış balaca daş parçasını apardım Kərkicahana, bacımgilə...Mən onu ilk dəfə elə durumda gördüm. Demə qəbiristanlığın nisgili imiş. Odur ki, Xankəndinə qayıtsaq, əvvəl gedib qəbiristanlığımıza baş çəkəcəyəm...






Fikirlər