700 BAL YIĞAN TƏLƏBƏ: “Bacarıqlı mühəndis olacağıma inanıram” – MÜSAHİBƏ
700 ballı tələbə Kənan Məhəmmədli müsahibə verib. Modern.az müsahibəni təqdim edir. - Kənan, özünüz haqda bir az danışın. - Mən Məhəmmədli Kənan, Goranboy rayonu Səfikürd kəndində anadan olmuşam. Birinci sinfə elə Səfikürd tam orta məktəbində getmişəm, 2018-ci ildə isə bu məktəbdən məzun olmuşam. 5-ci sinifdə şahmat oyunu üzrə rayon birincisi, 9-cu sinifdə isə məntiq yarışması üzrə məktəb birincisi olmuşam. - Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz? - Valideynlərimə və mənə əziyyət çəkən bütün müəllimlərimə təşəkkür edirəm. - Niyə I qrupa üstünlük vermisiz? - Texniki fənləri həmişə çox sevmişəm, bu səbəbdən də I qrupa hazırlaşmağı qərara aldım. - Ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz? - BANM-ı seçmək üçün səbəb çoxdur. Bilirdim ki burada təhsilin səviyyəsi yüksəkdir. Həm də, burada “Foundation” ili var ki, sənə mükəmməl ingilis dili və kompüter texnologiyaları öyrədirlər. Bu Ali Məktəb insan üçün böyük imkanlar açır. - Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz? - Boş vaxtlarımda ən çox musiqi dinləyirem. Bundan başqa bədii əsərlər oxuyuram, ən çox da detektiv əsərlər xoşuma gəlir. - BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi? - Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”ni seçdim. Düzü, elə əvvəldən həmin ixtisasa qəbul olmaq üçün çalışırdım. - Niyə məhz “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”ni istəmisiz? - Çünki, BANM-ı və bu ixtisası bitirdikdən sonra şirkətlərin standartlarına cavab verən və bacarıqlı mühəndis olacağıma inanıram. - Seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb? - Mənə heç kim təsir etməyib və məsləhət verməyib. Seçimimi özüm etmişəm. - BANM-ı bitirdikdən sonra planlarınız nədir? - BANM-dan sonra təhsilimi davam etdirmək - xaricdə magistratura oxumağı planlayıram. - Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz? - Bu suala cavabda çətinlik çəkirəm. Düzü, hələ fikirləşib dəqiqləşdirməmişəm. - Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır? - Mənim üçün hər şey aydındır: əvvəlcə nəyisə arzulayırsan, sonra ona nail olmaq üçün qarşına məqsəd qoyursan, sonda isə həmin məqsəd üçün gecə-gündüz çalışırsan. - Nailiyyətlər insanın özünə yoxsa şansa daha çox bağlıdır? - Çox şey insanın özündən asılıdır. Çünki nailiyyətləri əldə etmək üçün çox çalışmaq lazımdır. Lakin təbii ki, şans amilini də vurğulamaq lazımdır. Məsələn, mənim kimi eyni potensiala malik abituriyentlər şansları gətirmədiyi üçün 692, 695 bal topladılar, hansı ki, onlar da 700 bala layiqdirlər. - Dostluq nə deməkdir və dostlarınızı necə seçirsiz? - Dost bir insanın həyatında çox önəmlidir. Əsl dost 2-ci qardaşdır. Mən dostlarımı zamanla, onları daha yaxından tanıyaraq seçirəm. - Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz? - Gələcək abituriyentlərə yalnız bir məsləhətim var: öz üzərlərində dayanmadan çox çalışsınlar. Necə deyərlər, cəfa çəkməsən səfa görməzsən.